Bankın tələb etdiyi maşının markası "Nissan", həbs qoyulan maşının markası isə "Mercedes"dir.
Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, əslən Massalıdan olan və Sumqayıtda yaşayan Emin Həmidovun idarə etdiyi minik avtomobili bir müddət əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Ona avtomobilin axtarışda olduğu bildirilib və maşın cərimə meydançasına yerləşdirilib. Emin Həmidov məsələni araşdırdıqda məlum olub ki, banklardan biri kredit borcu olan şəxsin 6 ədəd avtomobilinə həbs qoydurub. Lakin icra sənədində göstərilən avtomobilin markası ilə saxlanılan maşının markası uyğun gəlmir.
Emin Həmidov deyir ki, indiyədək heç bir banka borcu olmayıb. Sənədlərdəki maşınlar da tam başqadır. Bunu sübut edən sənədləri icra məmuruna təqdim etdikdən sonra maşın cərimə meydançasından çıxarılıb.
Emin Həmidov bildirir ki, polisdən ona deyibləri ki, maşınının üzərində bankın məhkəməyə təqdim etdiyi sənəd əsasında həbs qoyulub. Avtomobilin sahibi banka da gedib. Oradan isə bildirilib ki, onların təqdim etdiyi maşının markası "Nissan"dır. Dövlət nömrə nişanı da sənəddə göstərilən yox, başqa bir nömrədir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, maşının üzərinə həbs markasına görə yox, dövlət qeydiyyat nişanına görə qoyulur. Məhkəmə icraçılarından göndərilən məktubda da qeydiyyat nişanı 99 BH 551 qeyd edilib. Emin Həmidov məktubu yol polisinə göndərən quruma, yəni icra şöbəsinə müraciət etməli və nömrənin yanlış qeyd olunduğunu sübuta yetirməlidir. Bu zaman icra şöbəsi də yol polisinə axtarışda olan nömrənin qeyd edildiyi və əvvəlki nömrənin səhvən yazıldığı barədə məktub göndərməlidir. Yalnız bundan sonra həmin maşın barəsindəki axtarış ləğv ediləcək.
Paylaş: