Xəbər lenti

Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Elnur Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2016-cı ilin may ayının 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn Ramazanlı bir gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.

Arşdırılmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlu H.Ramazanlını girov götürdüyünü deyib. 

O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib. Şəxsiyyəti sonradan müəyyənləşdirilmiş E.Məmmədov polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağını deyib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini E.Məmmədov tutulub.

Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə (“skoç”la) bağlı vəziyyətdə olan H.Ramazanlı tapılaraq valideynlərinə təhvil verilib.

Mayın 11-də E.Məmmədov həbs olunub və ertəsi gün barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. 




Ana səhifəyə qayıt        Baxış: 714          Tarix: 26-10-2017, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma