Mərhum xalq artisti İlhamə Quliyevanın həbs edilən oğlu Orxan Nadirovun pul alaraq azadlığa çıxarmağa söz verdiyi şəxs haqda məlumatlar yayılıb.
Axar.az-ın xəbərinə görə, Əliyev Səbuhi Bayram oğlu adlı bu şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanaraq həbs edilib.
Biləsuvar rayon sakini olan S.Əliyev özünü Türkiyə vətəndaşı "Əmrə Ünlü Miyaroğlu" kimi təqdim edərək qeyriləri ilə cinayət əlaqəsinə girib.
O, aldatma yolu ilə, yəni onlara guya təmir-tikinti sahəsində dövlət layihələrinin həvalə olunması adı ilə dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə etməklə 2012-ci ilin iyul-sentyabr aylarında "Kapital" MMC-nin nümayəndəsi Ramiz Hüseynovdan "Azərsu" ASC-nin Xızı rayonunda tikilməsi planlaşdırılan su anbarının tikintisi üçün 14 min 200 manat pul alıb.
Bundan başqa onlar cinayət əməllərini davam etdirərək "Rifah-inşaat" MMC-nin rəhbəri Abbas Rüstəmovdan "Qızıl-Qaya" su anbarının tikintisi adı ilə 10 min, həmçinin Quba rayonunda 4 orta məktəbin tikintisi üçün daha 20.0 min manat pul alaraq külli miqdarda özgə əmlakını ələ keçiriblər.
Ancaq onun əməlləri bununla bitmir. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında S.Əliyevin cinayət əməlləri haqda materiallar var.
Məlum olur ki, FHN adından istifadə edən bəzi “işbazlar” zəlzələ bölgəsində (Zaqatala, Qax) zərərçəkmişləri aldadaraq, onların vəsaitlərini mənimsəməklə məşğul olurlar.
Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı “Merac Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə heyətinin sədri Əliyev Səbuhi Bayram oğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyi aşkara çıxarılıb.
Belə ki, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü vətəndaşlara türk iş adamı “Əmrə Ünlü”, “Səbuhi Əmrə” kimi təqdim edən Səbuhi Əliyev həmin şəxslərdə özünə inam yaradaraq guya Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ nəticəsində Zaqatala və Balakən rayonlarında zərər dəymiş fərdi yaşayış evlərinin tikintisinin “Merac Holdinq” MMC-yə həvalə edilməsi barədə saxta əmrləri nümayiş etdirməklə həmin evlərin tikinti işlərinə fiziki və hüquqi şəxsləri subpodratçı kimi cəlb edəcəyini vəd etməklə onlardan külli miqdarda pul alıb.
Səbuhi Əliyev Zaqatala rayonu ərazisində inşa ediləcək 204 evin tikintisinin “Bakıenerjitikinti” ASC-yə həvalə olunacağını yalandan əsaslandırmaqla bunun müqabilində hər ev üçün 120 manat olmaqla, cəmi 24480 manat istəyib, 23 may 2014-cü il tarixində özünün xidməti otağında 20.000 manat pulu “Bakıenerjitikinti” ASC-nin nümayəndəsindən alarkən əməliyyat qrupu tərəfindən cinayət başında yaxalanıb.
Faktla bağlı Əliyev Səbuhi Bayram oğlu barəsində 23 may 2014-cü il tarixində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb, Səbuhi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan edilib və barəsində Binəqədi Rayon Məhkəməsinin 24 may 2014-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, O.Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, xalq artistinin oğlu Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb.
Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.
Paylaş: