Xəbər lenti

Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlayacaq.

 

Ovqat.com "APA-Economics" istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev bildirib.

 

"Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək. Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır. Sistem "e-gov.az" "elektron  hökumət" portalında yerləşdiriləcək. Bununla yanaşı, "ASAN xidmət"in Bakıda yerləşən 1, 2, 3 saylı və "Sumqayıt" mərkəzləri prosesə qoşulacaq. Yaxın bir neçə gündə elektron sistemin əsasnaməsinin təsdiq olunması gözlənilir. Həmin əsasnamə sistemin iş prinsiplərini özündə ehtiva edəcək. Əsasnamə təsdiq olunduqdan bir neçə gün sonra sənədlərin qəbuluna və "elektron kabinet"lərin yaradılmasına başlanılacaq", - deyə S.Nuriyev bildirib.

 

Onun sözlərinə görə, indiyədək güzəştli şərtlərlə mənzil almaq istəyən 32 min nəfər müraciət edib, 18 min nəfərin müraciəti qəbul olunub.

"Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən reallaşdırılan "Yasamal Yaşayış Kompleksi" layihəsinin tikintisi sürətlə davam edir. Bununla yanaşı, bilirsiniz ki, Hövsan qəsəbəsində MİDA-ya 20 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə baş planın hazırlanması tam başa çatdırılıb, bu yaxınlarda işçi layihənin hazırlanmasına başlanılacaq".


Onun sözlərinə görə, plana əsasən, Hövsan qəsəbəsində 3000-ə yaxın mənzilin tikintisi nəzərdə tutulub: "Həmin ərazidə sosial və məişət infrastrukturu da qurulacaq. Bununla yanaşı, digər layihələr üzrə də işlər aparılır və istənilən yenilik barədə ictimaiyyət məlumatlandırılacaq".


"Martın ayının 10-dan etibarən Bakıda və Sumqayıtda yerləşən "ASAN xidmət" mərkəzilərinə güzəştli şərtlərlə mənzil almaq istəyən 32 mindən artıq vətəndaş müraciət edib, onlardan 17-18 mini müvafiq kateqoriyaya daxil edilmiş şəxslərdir. İlk növbədə onların qeydiyyatı aparılıb. Həmin şəxslər tam bərabər hüquqlara malikdir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olan şəxslər eyni zamanda "Azərbaycan İpoteka Fondu" ASC-nin təklif etdiyi güzəştli ipotekadan da yararlana bilirlər", - deyə S.Nuriyev əlavə edib.


MİDA rəhbəri onu da bildirib ki, gələcəkdə güzəştli mənzilə sahib olmaq hüququ olan şəxslərin kateqoriyası genişləndirilə bilər: "Təbii ki, bir dövlət qurumu olaraq biz öz təkliflərimizi verə bilərik. Biz ilkin qeydiyyatın gedişatını izləyirik. Qeydiyyat başa çatdıqdan sonra biz artıq elektron bazaya malik olacağıq. Məhz bu siyahının təhlili aparıldıqdan sonra biz kateqoriyaları genişləndirə bilərik".

 




Ana səhifəyə qayıt        Baxış: 870          Tarix: 10-05-2017, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma