Xəbər lenti

Elçin Rüstəmli

Strateq.az

Azərbaycan Xalq Cümhuriyyətinin bir əsrlik yübileyinə çağdaş dünyadan təbriklər gəlir. Təbrik mətinlərində diqqət çəkən iki məqam var: 100 il əvvəl müsəlman Şərqində qurduğumuz dövlətin təməl dəyərlərinə sonsuz sayğı ifadə olunur, həm də bir əsr sonra bizə demokratik ölkədə yaşamaq arzulayırlar. Paradoksdur.

Cümhuriyyətə olan bu sayğı, bir əsr öncə onun rəhbər tutuduğu hüquq, ədalət, demokratiya, bərabərlik prinsiplərindən doğur. AXC, imperiyaların ittifaqlarda birləşib döyüşdüyü illərdə bu günki dünyanın hələ də məniməsəyə bilmədiyi şüarlarla öz müsətqilliyini elan edib. Onun qurucuları –  Məhəmmədin Əmin Rəsulzadə və silahdaşları bu dövlətin yaradılması, oturuşması beynəlxalq miqyasda tanınması üçün misilsiz mücadilə aparıblar. Liderlərin hər biri, öz mübarizələri ilə nəinki Azərbaycana, bəşəriyyətə böyük töhfələr veriblər. Tarix, dəyərlər, müstəqillik uğurunda ağır şərtlər altında bu qədər səmimi, yorulmaz mücadilə aparıb qələbə qazanan və 100 il sonra dünyanın qarşısında baş əydiyi nümunələr ortaya qoyan liderləri çox az görüb. Xoşbəxtik ki, onlar bu günki Azərbaycanın qurucularıdrır, bu dövləti bizə miras qoyan tarxi şəxsiyyətlərdir. Bircə bu fakt yetər, dünyada mövcud olan minlərlə xalqın içindən dövlət qurmaq şərəfinə nail olan cəmi 200 xalqın biri də bizik. Bu, qurucu babaların əldə etdiyi misilsiz tarixi naliyyətdir. Bizə düşən, bu dövləti təməl dəyərləri üzərində böyütmək, gücləndirmək, inkişaf etdirməkdir…

Amma 100 il sonra Azərbaycanın gündəminə baxarkən, biz məyus oluruq. Bizə əmanət olan ölkəmizin beşdə biri işğal altındadır. 30 ildir Qarabağ problemi çözülmür, çoxsaylı itkilərə rəğmən özümüzü kənar müşahidəçi kimi aparırıq, bu işdə üzərimizə düşən missiyanı abstrak, bir-biri ilə mənafelər uğurunda qlobal müharibə aparan vasitəçilərə həvalə etmişik. Bu məsələdə ən böyük naliyyət saydığımız 24 il əvvəl əldə olunmuş atəşkəsdir. Son illər o da tez-tez pozulur, əsgərlərimiz şəhid olur, sosial mediada onların kasıb, əli qabarlı, üst-başı nimdaş, dərddən beli bükülmüş atalarının şəkillərinə baxıb sızıldayırıq.

Cümhuriyyətimizə qarşı sanki bir müxaliflik ruhu hakimdir. Onun  möhtəşəm tarxinin, naliyyətlərinin üstündən bir cümlə ilə keçirik: 1918-ci ildə yaranıb 20-ci ildə Rusiya tərəfindən işğal olunub… Quruclarının adını candərdi çəkəndə, birincini kənara qoyub ikincidən, üçüncüdən başlayıb, yarıda kəsirik. Məmurlarımızın çoxunun Cümhuriyyət tarxindən xəbəri yoxdur, bəzilər hətta Rəsulzadəni müxalifət lideri hesab edir. Onun ölkənin künc-bucağında nəzər-diqqətdən kənarda qalmış büstlərini dağıdır, başına torba keçirirk. Şəkillərini, şüarlarını qaldıran gəncləri polisə aparırıq.

Parlamentimiz – Cümhuriyyətimizin ürəyi bu gün çox zəif vurur. Bəzən döyünmür,  varlığı ilə yoxluğu bilinmir. Vaxtı ilə möhtəşəm tarix yazılmış bu divarlar arasında indi alternativ səsləri zəif eşidirk, qızğın diskusiyaların şahidi olmuruq, deputatların çoxu siyasətdən kənar adamlardır. Onlar gündəmə tez-tez kasıb camaat haqqında işlətdikləri ehtiyatsız cümlələrlə gəlirlər, sosial mediada tənqid, təhqirlərin hədəfinə çevrilirlər. Əllərindən çıxan qanunlar çox vaxt ya siyasi, ya iqtisadi, ya da hərəkət azadlığını məhdudlaşdırmaq yöndə olur. İnhisarçıların, xalqdan pul yığmağı hədəfləyən büdcə təşkilatlarının bu deputatlara tez-tez “işləri düşür”.

Dövlətimizə qarşı qarşı çox ciddi təhdidlərə, təhlükələrə rəğmən heç bir beynəlxalq təhlükəsizlik sistemində təmsil olunmuruq. Bloklara qoşulmayan ölkələr birliyinə inteqrasiyanı hədəf seçmişik. Bu yaxınlarda qanun da qəbul etdik; hərəkata üzv 120 olkədən olan tələbələrə təhsil qrantları da verəcəyik, gəlsinlər, oxusunlar.

Avropaya inteqrasiyanı qəbul etmirik, Rusiyadan qorunmaq üçün milli mənafelərdən böyük güzəştlərə gedirik, təbii müttəfiqimiz, qardaş Türkiyə ilə bəzən çəkinə-çəkinə əməkdaşlıq edirik.

İnsan haqları, demokratiya, korrupsiya problemlərinə görə tez-tez beynəlxalq qalmaqallara cəlb olunuruq. Adımızı dünyanın qaranlıq ölkələri ilə bir sırada çəkən təşkilatları “anti-Azərbaycan”, “ermənipərəst” adlandırırıq, televziyalarımızda onlara müharibə elan edirik. Hətta, hamını təəccübləndirib üzərimizə sanksiya qoyan təşkilatları bundan fəxr duymaqla məyus etmək yolunu seçirik.

Konstitusiyaya uyğunlaşmaq əvəzinə, onu tez-tez dəyişib siyasi sistemimizin təlabatlarına uyğunlaşdırmışıq. Ölkə daxilində bir gərginlik var, cəmiyyət parçalanaraq bir-birinə az qala nifrət edən siyasi qütblərə bölünüb. Siyasi düşmənçiliyin miqyası bəzən, ölkə sərhədlərini aşır. Bu mübarizə tez-tez narkotik, küçə söyüşləri, sosial mediada bitib – tükənməyən qarşılıqlı təhqirlərlə, ah-nalə, qarğışlarla zənginləşir.

Mediamızın qarşısına bir neçə vəzifə qoymuşuq: vətənpərvər olun, daxili və xarici düşmənlərə qarşı vuruşun, bir də problemlərdən az yazın. Telekanlarımızın missiyası isə daha “böyükdür”: cəmiyyətin tör-töküntülərini efirə daşıyıb təbliğ elmək, milli dəyərlərimizi gözdən salmaq. Hə, bir də cəmiyyəti düşündürən, narahat edən problemləri efirə buraxmamaq, müzakirə etməmək kimi öhdəlikləri var.

İqtisadiyyatımıza gəldikdə, Tanrıya minnətdar olmalyıq, neftimiz-qazmız var. 15 ildə qazandığımız 140 milyardın 100-nü artıq xərcləmişik. Bakının görkəmini dəyişmişik, göydələnlər, körpülər, yollar tikmişik, ölkəmizə gələn xarici qonaqların heyranlığından fəxarət hissi keçiririk. İqtisadiyyatmız bir əldədir, çoxluğun istehsal, satış, idxal, ixrac, tikmək-sökmək kimi dərdi-səri yoxdur. Məmurlarımız sağ olsunlar, dövlət işləri ilə yanaşı bu “əzab-əziyyətli” məsələləri də öz boyunlarına götürüblər.

Biz həm də turizm ölkəsiyik, deyirlər, neftdən sonra ümidimiz bu sahəyədir. Hava limanlarımızı ərəb dünyasının üzünə açmışıq, çoxlu dollarla gələn isti ölkələrin vətəndaşları üçün hər cür şərait yaratmışıq. Onlar bəzən bizi qəzəbləndirsələr də, ölkəmizdə çox rahat, xoşbəx görünürlər.

Xoşbxətlik demişkən, ondan öz vətəndaşlarımıza pay böləndə əlimiz əsib, xəsislik eləmişik. Firəvanlıq arzusunda olan insanlarımızı ölkədən qaçırırıq. Vətəni tərk edib kənarda özünə bir balaca düzən quran azərbaycanlını bacarıqlı, ağıllı-kamallı adam kimi barmaqla göstəririk. Getməyənlər, bacarmayanlar, gələcəyə böyük ümidləri olanlar məyusdurlar. Hətta, burada pul qazananlar da xoşbəxt ola bilmirlər, dincəlmək, müalicə, alış – veriş üçün xaricə üz tuturlar. Son vaxtlar pulunu ölkədən aparanlar lap çoxalıb, mühacirlərin çoxu imkanlı adamlardır, hər şeylərini satıb gedirlər. Sərhəd məntəqlərimizdə görünməmiş basabasdır, Avropanın miqrasiya xidmətləri, Rusiyanın, Ukraynanın, Türkiyənin bazarları azərbaycanlılarla dolub-daşır. Bir sözlə, məmləkətdən bir qaçhaqaç var. Vətəndaşlarımız 100 illiyini qeyd etdiyimiz bu Vətəni qoyub hara gəldi, qaçırlar.

Neqativlərlə dolu siyahanı daha da uzatmaq olar. Bu dəmdə haqlı sual verilə bilər, niyə naliyyətlərdən bəhs olunmur? Hansı naliyyətlərdən söhbət gedir? Tez-tez deyirik ki, müstəqil siyasət apara bilirik, neftimizi özümüz satırıq, daxili siyasətimizə də heç kim qarışa bilməz!

Bu cümləni tez-tez eşidirik: balanslı siyasət aparıb müstəqilliyimizi qorumuşuq. Bir də neft kontraktları, regional enerji layihələri, nəqliyyat dəhlizləri, Avropanın enerji təhlükəsizliyi kimi gəlir gətirən qayğılarımız var. İdman dövləti olmağımızı, olimpia medallarımızı, beynəlxalq yarışları, “Formula-1”-i təşkil etməyimizi da bu sıraya yazmaq olar. Onların şərəfinə tez-tez Bakı buxtasında atəşfəşanlıq edirik, fişənglər partlayır, müğənnilər oxuyur, bayraqlarımız yellənir, üzündə xoşbəxtlik ifadəsi olan tele-aparıcıların şaraq səsləri efirləri doldurur…

100 il sonra, heç yüz il bundan əvvəl də olmayan problemlərin məngənəsində boğulmaq çox ağrıdır. Biz yerimizdə gah yırğalanıb, gah irəliyə, gah da geriyə istiqamət götürsək də, dünya qabağa gedir, ölkələr, xalqlar dəyişir, hamı inkişafın, tərəqqinin yolunu tutur. Bu qlobal çağırışdır, müasir dünyanın yaşam şərtlərdir, onu qəbul etməmək, ona uyğunlaşmamaq cəhalətin, tənəzzülün kandarına gəlməkdir. Müasir dünyada bu yolu seçmək özünü korluğa vurub körpüdən yıxılmağa bənzəyər.

Tarix sübut edib ki, bizim hamıdan önə keçməyə, hətta dünyanı mat qoymağa belə potenisalımız var. 100 il əvvəl bugünki qərb demokratsiyasına örənk olacaq hüquq dövləti qurmuş liderlərimiz bu yolu çoxdan bəlirləyiblər. İndi onlara səmimi qəlbdən ehtiram göstərib “İzindəyik!” demək qalır.

 




Ana səhifəyə qayıt        Baxış: 330          Tarix: 24-05-2018, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma