Ötən həftə «Xalq yazıçısı» adı alan deputat, jurnalist Elmira Axundova “Azadlıq” radiosuna müsahibə verib. Strateq.az həmin müsahibəni oxuculara təqdim edir:
– Elmira xanım, «Xalq yazıçısı» adını gözləyirdinizmi?
– Yox, belə yüksək adı gözləmirdim. Düzdür, bilirdim ki, nəsə olacaq, çünki yubileyim gəlir. Bir də, son iki ildə mən çox məhsuldar işləmişəm. Mənim Heydər Əliyev haqqında əsərim İngiltərədə, Rusiyada, Macarıstanda, Avropa ölkələrində, hamısında yayılıb. Başqa kitablarım da 5-6 dildə çıxıb, «Naşirin ölümü» 10 dildə çıxıb. Mənim bir neçə siyasi detektiv janrda, 5 dənə sənədli-bioqrafik janrda kitabım var. İsa Həbibbəyli – bizim akademikimiz məni dövlət mükafatına təqdim edəndə yazdı ki, o, yaxşı analitikdir, yazıçıdır, Elmira Axundovanın xidməti ondadır ki, o, Azərbaycan ədəbiyyatında yeni janr yaradıb, o (akademiki nəzərdə tutur – A.R.) bunu deməklə bir kəşf etdi, mənə elə gəlir. O deyir ki, Elmira Axundova sənədli-bioqrafik roman təhqiqat janrını yaradıb. Mənim məşhur dostum və yazarım Roy Medvedev var idi, elə indi də durur, 90 yaşındadır, o bir çox dünya liderləri haqda bioqrafik kitab yazıb. Moskvada kitabımın təqdimatı zamanı çıxış edəndə demişdi: «Mənim rəfimdə dünya liderləri haqqında çoxlu kitablar var, özüm də siyasi bioqrafiyaların ustasıyam, amma tam məsuliyyətlə deyə bilərəm ki, Elmira Axundovanın kitabı oxuduqlarımın ən yaxşısıdır». Bax, bu mənə ən yaxşı qiymətdir. Mənə elə gəlir, cənab prezident tərəfindən İsa Həbibbəylinin, Roy Medvedevin rəyləri nəzərə alınaraq mənə mükafat verildi.
– Başqalarının sizinlə bağlı fikirlərini söylədiniz. Siz özünüz yazıçılığınız haqda nə düşünürsünüz? Özünüz yazıçı kimi necədəyərləndirirsiniz?
– Yazıçıyam da. Bəs kiməm mən sizin üçün? 35 kitabım var, yazıçı deyiləm? Mənim kitablarım bütün dünyada tərcümə olunub oxunur, sevilir. Bu yaxınlarda Anar Məmmədxanov haqda «Kapitanın taleyi» kitabını yazmışam. Kitabı tapmaq olmur. Adamlar oxuyur, axtarır. Bu nə deməkdir? Fikirləşirəm ki, pis yazmıram. Mənə ən yüksək qiyməti vaxtilə dahi Heydər Əliyev verib. Onun xarici siyasəti haqda kitabımı göndərmişdim. Mənə evə zəng vurdu. Mən ona dedim ki, «Heydər Əliyeviç, görürəm Siz memuar yazmayacaqsınız, ona görə istəyirəm sizin haqqınızda bioqrafik roman yazım». O mənə xeyir-dua verdi, dedi: «Elmira, yaz. Bu səndə pis alınmır. Sən yaz, mənim vaxtım yoxdur». Mənə Heydər Əliyev vaxtilə qiymət verib. Ona görə mənə başqa rəylər lazım deyil. İndi də onun layiqli davamçısı İlham Əliyev bu yüksək adı verib. Mənə elə gəlir ki, mən bunu zəhmətimlə, yazılarımla qazanmışam, mən bu ada layiqəm, təvazökarlıqdan uzaq da olsa, siz soruşursunuz, mən də deməliyəm.
– Bu ad veriləndə Sizinlə bağlı tənqidlər də səsləndi, bu ada layiq olmadığınız deyənlər oldu.
– Tənqid həmişə olacaq… İstərdim ki, başqa yazıçılar da bu adı alsınlar. Arzu edərdim ki, bizim iqtidarımız, dövlətimiz onlara da baxsın, başqa qiymətli yazarlara da adlar versin. Çox istərdim ki, daha çox olaq.
– Çoxunda belə təəssürat var ki, Elmira Axundova Heydər Əliyev haqda yazdığına görə bu adı alıb.
– Kim nə fikirləşir fikirləşsin. Mənim Heydər Əliyevdən başqa 20 kitabım var. Nə fikirləşirlər fikirləşsinlər, öz işləridir. Mən bədii formada ən yeni tariximizi yazmışam. Mənim kitablarımda XX əsr görünür. Qoy onlar da epopeya yaratsınlar, baxaq görək. Tənqid etməyə nə var ki. İki cümlə yazsınlar, Biləcəridən o yana çıxsınlar. Biləcəridən o yana keçmirlər, qışqırırlar. Mənim 500-ə yaxın oçerk, siyasi, bədii portret, kitablarım var. Hamısı Heydər Əliyev haqda deyil ki. Lap Heydər Əliyev haqda olsun. Nəyi pisdir ki? Heydər Əliyev simvoldur, ümummilli liderdir. Heydər Əliyev və onun yaşadığı dövr mənim 7 cildlik epopeyamda əks olunub. Bu pisdir bəyəm? Azərbaycan, erməni separatizmi haqqında yazmışam. Açın, vərəqləyin, baxın orda nələr var. Heydər Əliyev də var, onun zəmanəsi də… Gedin, iki cümlə yazın da. Mən o tənqidləri qəbul etmirəm. Onlara, necə deyərlər, indiferent yanaşıram.
– Heydər Əliyev ziddiyyətli şəxsiyyətdir, onun haqqında yazmaq, yəqin, çətindir. Bunun öhdəsindən gələ bilmisiniz?
– Siz oxumamasınız o kitabı. Oxusanız, o cavabları taparsınız. Çətiniydi. Məsuliyyətliydi. Amma mən çalışmışam obyektiv olum. Ona görə mənim kitablarım oxunur. Mənim kitabım haqqında o adamlar danışır ki, iqtidara yaxın deyildilər, düşməniydilər, düşmən deməyim, səhnədən gedən, amma yadda qalan adamlar idi. Eldar Namazov, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov kitabım haqda danışıb. Mərhum Eldar İsmayılov yazmışdı ki, Heydər Əliyev haqda ən obyektiv təhqiqat bu kitabdır. Bunu o adamlar deyib. Mən neynirəm sənin sosial şəbəkəni? Sosial şəbəkədə üç sözü bilməyənlər fikir yazır.
Paylaş: