Xəbər lenti

Millət vəkili Fazil Mustafa iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı ölkədə elektrik enerjisinin tam kəsilməsinə  münasibət bildirib.

Strateq.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, deputat ölkə prezidentinin hadisəyə operativ reaksiya verərək  vəziyyətə nəzarəti üzərinə götürməsi fonunda bəzi qurumların yaranmış fövqəl, ekstremal situasiyaya hazır olmadığını qeyd edib.

 

Millət vəkili bildirib ki, axırıncı hadisə də daxil olmaqla, son zamanlar yaşanan bəzi hadisələr bir çox məmurların, kadrların öz yerində olmadığını, vəzifələrinin məsuliyyətini anlamadıqlarını və anlamaq istəmədiklərini bir daha ortaya qoymuş oldu.

“Bir körpünü, bir yolu bağlayırsan, ölkə, paytaxt iflic vəziyyətinə düşür, insanlar zülüm çəkir. “Müharibə vəziyyətindəyik” deyirik, amma ona hazırıqmı? Haradasa bir sığıcanaq varmı? Binalarda sığınacaq yerləri mövcuddurmu? Binaların altı dolu, nə həyət var, nə maşın saxlamaq, hərəkət etmək üçün yer”.

Deputat bu yaxınlarda ölkədə sel, daşqın fəlakəti yaşanmasını xatırladıb: “Göyçay rayonu az qala ikiyə bölündü, amma biz vəziyyətə hazırlıqlı olduqmu? Enerjidə də, ölkənin energetika sektorunda da, enerji təhlükəsizliyində də həmin  vəziyyətdir. “Azərenerji” nə işlə məşğuldur, bilinmir. Tam iflic… Fərqli heç nə yoxdur.

Yazıq Mingəçevir neynəsin ki?! Onun da altı artıq boşalır, oradan o qədər qum-çınqıl çıxarılıb ki, şəhər artıq tab gətirmir. Biz ancaq pulu düşünürük, axırı da belə olur. Hər şeyi çoxları kimi ürək ağrısı ilə seyr edirik, ekstremal vəziyyətlərdə insanlar necə hərəkər etməli, necə davranmalıdır, heç kim heç nə bilmir”.

F.Mustafa vəziyyətin  Allahın və prezidentin ümidinə qaldığını deyir: “İnsanlar ancaq Allahdan və ölkə rəhbərindən ümidlə gözləyirlər ki, qorxulu nəsə baş verməsin, yoxsa hər şey bir-birinə qarışar”.

 




Ana səhifəyə qayıt        Baxış: 355          Tarix: 3-07-2018, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma