“Son günlər Azərbaycanda baş verən hadisələr ciddi narahatlıq doğurmaqdadır. Xüsusən də Gəncə şəhərində zorakılıq hallarının artması, dövlət hakimiyyət nümayəndələrinə silahlı basqınlar durumu daha da dramatikləşdirib”.
Strateq.az xəbər verir ki, bu fikirlər AMİP-in Gəncədəki iğtişaşa etiraz bəyanatında yer alıb.
Bəyanatda daha sonra deyilir:
“Ötən gün şəhərdəki ixtişaşları və etirazları yatırmaq üçün öz xidməti vəzifəsini yerinə yetirən Gəncə Şəhər Baş Polsi İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasovun deşici-kəsici alətlə qətlə yetirilməsi dövlət dayaqlarının zəiflədilməsinə yönəldilmiş çirkin və məkrli təxribatdır.
Azərbaycan Milli İstiqlal Partiyası yaranmış bu hadisələrdən narahatlığını ifadə etməklə yanaşı, hüquq-mühafizə orqanlarına və asayiş keşikçilərinə törədilmiş qəsdi qətiyyətlə pisləyir. Partiya Azərbaycan xalqını ayıq-sayıq olmağa və hadisələrin daha da qərginləşdirilərək, xaotik hal almasına imkan verməməyə çağırır. Bu gün hər birimizin təmkinli, vətənpərvər və müdrik davaranışlarımıza əvvəlkilərdən böyük ehtiyac var. Ölkədə vətəndaş qarşıdurması və qarışıqlıqlar yaratmağa can atan daxili və xarici qüvvələrin planlarının gerçəkləşməsinə imkan verməməliyik. Biz bütün problemlərin, narazılıqların və fikir ayrılıqlarının masa arxasında, sivil qaydada qarşılıqlı etimad əsasında həllinin tərəfində və inancındayıq.
Azərbaycan iqtidarını gərginlik yarada biləcək, həssas məqamlara toxuna biləcək addımlar atmaqdan çəkinməyə çağırmaqla yanaşı, eyni zamanda faciəyə bais olan şəxslərin tapılaraq qanun qarşısında cəzalandıracağına inamımızı bildiririk. AMİP yaranmış xoşagəlməz situasiyadan bundan sonra itkisiz, ağrısız qurtarmaq üçün hər cür dəstək verməyə hazır olduğunu diqqətə çatdırır. Hisslərlə deyil, Ana Yasanın və qanunlarımızın imkan verdiyi istiqamətdə addımların atılması dövlətimiz və xaqlımız üçün faydalı olar. Hər zaman dövlətin yanında olmaqla xalqın maraqlarını bütün maraqlardan üstün tutan Azərbaycan Milli İstiqlal Pariyası bu gün də eyni mövqedədir”.
Paylaş: