Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə bu ilin birinci yarımilliyində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2018-ci ilin birinci yarımilliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb.
Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunub.
Qeyd olunub ki, hesabat dövründə şəhər ərazisində 5854 cinayət hadisəsi qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə prokurorluq və daxili işlər orqanları üzrə qeydə alınmış cinayətlərin açılma faizi 2,2 % artaraq 82,1 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 412 hadisə və ya 38,5 % azalaraq 658 olub.
2018-ci ilin birinci yarımili ərzində qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 16 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.
Hesabat dövründə 37 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə az baş vermiş, onlardan bağlı qalanı olmayıb.
2018-ci ilin müvafiq dövründə ölümlə nəticələnən 115 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən 1-i bağlı qalıb.
Hesabat dövründə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş cinayət işlərinin təhlili göstərir ki, prokurorluqda icraatda olan 607 işdən 256-ı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 7106 cinayət işindən 2312-nin istintaqı tamamlanıb.
2018-ci ilin birinci yarımilliyində baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun istintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 182 min manat maddi ziyandan 30.2 %-i yəni, 658 min manatı istintaq zamanı ödətdirilib, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 960 min manat maddi ziyandan 90.5 %-i yəni, 12 milyon 634 min manatı istintaq zamanı ödətdirilib.
Müşavirədə vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının mühüm vəzifələrindən olması barədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.
Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 8164 müraciət daxil olub, həmin müraciətlərdən 1916-na baxılaraq həll edilib, o cümlədən 706 müraciət təmin edilib. Həmin dövr ərzində 3528 vətəndaş qəbul edilib.
Müşavirədə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da hər bir rayon prokurorunun diqqətinə çatdırılmış və yol-nəqliyyat hadisələrindən bağlı qalan 1 cinayət faktının, eləcə də bağlı oğurluq hadisələrinin qısa müddətdə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları təhlil edilərək onların aradan qaldırılması tələb edilib.
Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfər tutduğu vəzifədən azad edilib.
Müşavirədə Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və tabe rayon prokurorları hesabat dövrü ərzində görülmüş işlər və yol verilmiş nöqsanlar barədə çıxış edərək, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.
Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru İlqar Abbasov əmin olduğunu bildirib ki, şəhər prokurorluğunun kollektivi bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.