Heç kimə gizli deyil ki, paytaxt sürücülərinin əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətindən narazıdır.
Bu narazılığın yaranmasına ən başlıca səbəb dayanma-durma qaydalarına görə yazılan cərimələr və pulsuz parkinq problemidir.
"Avtostop" verilişinin aparıcısı Tural Yusifov BAKU.WS–in mövzu ilə bağlı suallarını cavablandırıb:
- Bizim hamının gözünün olduğu “gözəl” bir qurum var - Bakı Nəqliyyat Agentliyi. Özün də bilirsən ki, paytaxt sürücülərinin 90 faizi onlara qarşı çox aqresivdir, çünki insanların əsəbləri ilə oynayırlar. Sual verəndə də özlərini özlərini haqlı çıxarırlar. Sən necə, BNA-nın işindən razısanmı?
- BNA-nın indi qarşılaşdığı və həll etmək istədiyi problemlər ondan öncə yaranmış problemlərdir. Məsələni belə başlayaq; BNA niyə görə çətinlik yaşayır? Niyə görə bu dəqiqə Bakıda vəziyyət belədir? Çünki indiki xaotik hərəkət, nizamlanmayan dayanma-durma ondan öncə olub. Onlar sadəcə böyük bir problemin üzərinə gəlib çıxıblar və bunu hansısa yolla həll etməlidirlər.
Müəyyən işlərindən razıyam; 1. Avtobuslar üçün xüsusi cibcik yaradılıb. Bu vaxta qədər bizdə cibcik deyilən anlayış olmayıb. 2. Piyadalar üçün xüsusi pandusların yaradılmasıdır ki, səkilər bizdə dağ boyda olurdu və insanlar uşaq və əlil arabaları ilə hərəkət edərkən böyük problemlə qarşılaşırdılar. 3. İndiyədək həll olunmayan bir məsələ var idi, piyadaların təhlükəsizliyi üçün onlara təhlükəsiz zonanın – piyada səkilərinin yaradılması. 4.Avtobusların yenilənməsi, 5. Müəyyən yerlərdə işıqforların quraşdırılması və sairə.
Gələk BNA-nın Bakı sürücülərinə yaratdığı ən böyük promleminə - parkinq məsələsinə. Adamlar problemin üzərinə gəliblər. Amma yanaşmada bir qədər tələskənlik var. Bu mənim – Tural Yusifovun mövqeyidir.
Bundan öncə dayanma-durmaya yol polisi nəzarət edirdi. İstəyəndə cərimə yazırdı, istəyəndə göz yumurdu. Hazırda bir birinə əks olan işlər gedir. Dayanma-durma qadağandır, bunu hamı başa düşür və mən heç vaxt dayanma-durma qadağasını pozmuram.
- Düzünü de, BNA-nın kamerası sənə cərimə yazıbmı?
- Yox, mən dayanma-durma qaydalarını pozmuram axı.
- 7-8 ay ərzində bir dəfə də pozmamısan?
- Mən maşınımı uzaqda saxlayıb, ayaqla gəzirəm. Bu mənəm, mən sağlam həyat tərzinə üstünlük verirəm. Adam var ki, xəstədir, gəzə bilmir.
- Bəs gecə saat 2-də 3-də avtomobilini boş küçədə saxlayıb marketə girəndə kamera cərimə yazır. Bəs buna nə deyirsən?
- Bu məsələdə mən səninlə razıyam. Birincisi, bütün dünyada axşam saat 8-dən sonra dayanma-durma azad olur. Çünki başa düşürlər ki, gecə nəqliyyat axını az olur və adam 5 dəqiqəlik aptekə-marketə girib-çıxdığına görə parkinq axtarmalı deyil.
BNA-nın şəhər üçün bəlkə də edəcəyi ən böyük iş ondan ibarət olardı ki, 2 cür parkinglər təşkil etsin. Bir pulsuz ictimaiyyəti parkinqlər, bir də pullu parkinqlər. Pullu parkinqlər şəhərin mərkəzində olur, pulsuz parkinqlər isə bir az kənarda olur.
Avtomobilini şəhərin mərkəzindəki parkinqdə saxlamaq istəyirsənsə pul ödə, yox, əgər istəmirsənsə, 300 metr o yana gedəcəksən və avtomobilini pulsuz parkingdə saxlayacaqsan.
Şəhərin içində belə parkinqləri yaratmaq üçün yer qazmağa, filana ehtiyac yoxdur. Moskva şəhərində çox gözəl belə də layihələr var. Dəmir konstruksiyadan hazırlanmış çoxmərtəbəli parkinqlər var, onun bir nümunəsi bizdə metronun Nizami stansiyası tərəfdə var.
- Şəhərin mərkəzində, mənim yaşadığım küçədə yazıb vurublar ki, axşam saat 8-dən səhər saat 8-ə qədər avtomobilinizi evinizin qarşısında saxlaya bilərsiz. Yaxşı, həftənin 5 gününü səhər saat 8-də maşınımı götürüb işə gedirəm. Bəs şənbə-bazar işə getmirəm axı, mən istirahət günümdə səhər saat 8-də yuxudan oyanıb, maşınımı götürüm, hara aparmalıyam. Bu suala BNA-dən heç kim cavab verə bilmir.
- Gəlin razılaşaq ki, bu problem Bakıda daim olub. Hamı istəyir ki, avtomobilini öz evinin yaxınlığında saxlasın və bu normaldır. Dünyada bunun çox gözəl nizamlanması var, bina sakinlərinin avtomobilləri üçün cibcik hazırlayırlar və burada bina sakinləri xüsusi kartlar verirlər.
- Bu yaxınlarda xəbər yayılmışdı ki, şəhərin mərkəzində yaşayanlar üçün xüsusi sistem yaradılacaq, kartlar veriləcək. Xəbərin varmı, necə oldu?
- Bizdə hələ də parkinq haqqında yeni qaydalar tam icra edilməyib, çünki burada Nazirlər Kabinetinin qərarları tamamlanmalıdır. Məsələn, hələ də şəhərin içində parkinq qiymətləri məlum deyil.
- Yenə də nisyə söhbət...
- Elə çıxır. Bunu necə həll etmək olar? Məsələnin həllini belə görürəm; 1. Antalya təcrübəsini götürə bilərik. Hər evə 1 maşın düşür, sənin evində bu pulsuz parkinqə 1 maşın girə bilər. 2. Şəhərin mərkəzindəki sovet dövründə tikilən parkinqsiz binalarda yaşayan sakinlərə xüsusi parkinq nişanları vermək lazımdır ki, pulsuz parkinqlərdən istifadə etsinlər və ya simvolik məbləq ödəsinlər. Məsələn, başqası üçün 50 manatdırsa, onlar 5 manat ödəsinlər.
Bakı şəhərində pulsuz parkinq yoxdur. Bütün parkinqlər pulludur. Sizin pulsuz parkinq dediyiniz yer həyətlərdir, yəni kiminsə həyətidir, məhləsidir. Sən gedib avtomoblini orada saxlayanda biri çıxıb balkondan deyir ki, qaqaş, orada saxlama, atam gəlib maşını saxlayacaq.
Şəhər təmamilə pullu parkinqlərdən ibarətdir. Bizim şəhərimizin parkinqlərlə bağlı mənfi cəhəti pulsuz parkinqlərin olmamasıdır. İnsanları qıcıqlandıran da budur ki, bəs mən maşınımı harada saxlayım? Deyirlər ki, maşın alanda bunu da fikirləşməliydin. Sən mənə bunu deyə bilməzsən! Sən mənim vergi ödədiyim büdcədən maaş alırsan və mənə deyirsən ki, get maşınını pullu yerdə saxla. Qardaş, mən sənə vergi ödəyirəm ki, mənə xidmət göstərəsən. Mənə 2 alternativ verməlisən, istəyərəm pulluda saxlayaram, istəmərəm pulsuz parkinqə gedərəm.
Bu dəqiqə BNA-nın çətinliyi ondan ibarətdir ki, mövcud vəziyyətə uyğun olaraq parkinq sala bilmirlər. Problemi pullu parkinqlərlə həll etmək istəyirlər, amma alternaviti də yoxdur. Ona görə də 1 manatlıqlar yol kənarlarında at oynadırlar. Sən ora 1 manat verib avtomobilini saxlayırsan, amma BNA sənin maşınını çəkib cərimələyir. Əgər qanunsuzdursa, bəs o adam orada niyə parkinq təşkil edir? BNA-nın o parkinqlərə qarşı tədbir görmək səlahiyyəti yoxdur. Problem budur!
- Hər dəfə BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayevlə danışanda deyir ki, Bakıda 36-ya yaxın parkinq var. Ondan 36 parkinqdəki yerlərlə Bakıda olan avtomobillərin say fərqini almaq istəyirik. Mais bəy 4 aydır bu suala cavab verə bilmir. Yəqin ki, hələ də hesablayırlar. Tural, sən bunun cavabını bilirsənmi?
- Xeyr, bilmirəm. Mən fevral ayında Mais Ağayev mənim verilişimdə qonaq olanda ondan sayı yox, parkinqlərin yerləri haqda məlumat istəmişdim. Məlumatı dinləyicilərimlə bölüşmək istəyirdim, çünki mən insanlara deyirəm ki, avtomobillərinizi parkinqdə saxlayın. Bu adamlara parkinqlərinin yerini deməliyik. Şəhərin mərkəzindəki parkinqlərin yerini bilirəm, amma onların dedikləri 30 pullu və pulsuz parkinqin hamısının yeri haqqında məlumatım yoxdur. Təsəvvür edə bilmirəm ki, bu 30 parkin haradadır?
- Çox güman ki, Ticarət Mərkəzlərinin parkinqlərini də həmin o 30 parkinq siyahısına salıblar.
- Bu səhvdir. Yaxınlıqda TM olmayan, amma dayanma-durma qadağan edilən və yaxınlıqda parkinq olmayan yerlər çoxdur. Mən şəhərin tam mərkəzində parkinqin qadağan olunmasının tərəfdarıyam, bəli, prioritet avtobusda olanlardır. Onların sosial vəziyyəti aşağı olduğundan avtobusda gedirlər.
- İnsanların həyatı avtobusla bitmir axı...
- Ümumiyyətlə elə sistem qurulmalıdır ki, hamiya rahat olsun. Dünyada bunun çox rahat həll yolu var; ictimai nəqliyyatı o qədər ideal səviyyəyə çatdırıblar ki, insanlar ictimai nəqliyyata üstünlük verirlər. İnkişaf etmiş ölkələrdə insanlar şəhərdən kənara çıxanda şəxsi avtomobildən istifadə edirlər. İctimai nəqliyyat bizdə yalnız avtobus, metro və taksidən ibarətdir. Tramvay, trolleybus yoxdur. Velosiped zolaqları yoxdur ki, velosipedlə gəzək.
- Velosiped zolağı var. Uzunluğu 150 metrdir. Yəqin ki, oraya göydən gəlib düşürlər və həmin yolla 150 metr gedirsən, sonra velosipedi ya çiynində daşımalısan, ya da maşına qoyub aparırsan.
- Hansı prospektdir?
- Böyük prospektlərin birindədir, bir gün səni aparıb göstərərəm. Başqa sualım var.
- Bir sözlə, bizdə velosipedlə hərəkət edə bilməzsən.
- Dünyanı gəzən insanlardan birisən. Hər bir ölkədə avtobusun, metronun gələcəyi vaxtı görürük, bizdə isə bu yoxdur. Metroda yalnız getdiyi vaxtı göstərirlər. Biz 20 il ərzində niyə bu sistemi qura bilməmişik?
- Çətin bir sistem olacağını düşünmürəm, inanıram kiŞ, çox asan sistemdir. Məntiq onu deyir ki, əslində metroda getmək vaxtı göstərilirsə, gəldiyi vaxtı da göstərmək olar.
- Səncə şəhər nəqliyyatında niyə bu qədər problem var?
- Ümumiyyətlə, şəhər nəqliyyatı tez-tez əl dəyişən sistem olub. Şəhər nəqliyyatını əvvəl İcra Hamimiyyəti idarə edirdi, sonra Nəqliyyat Nazirliynə keçdi. İndi isə BNA-nın tabeliyindədir. Son 20 il 3 əl dəyişib. Sözün açığı, problemin nə olduğunu bilmirəm.
- "Bakubus"ın qırmızı rəngli gözəl avtobusları gəldi, sonra Xaliq Faiqoğlunun bənövşəyi avtobusları peyda oldu, daha sonra çəhrayı rəngli avtobuslar gəldi. Bu gün yenə 300 avtobus sifariş verilib. Gözəl olmazdımı bu avtobusların hamı eyni rəngdə olsun?
- Bunu xətlərə uyğun etmək olar. Şəhərin mərkəzində başqa rəngdə, şəhər kənarına işləyən avtobuslar başqa rəngdə ola bilər. Bizim problemimiz ondan ibarətdir ki, biz tramvay və trolleybusu unutmuşuq. Şəhər nəqliyyatı üçün ən optimalı bunlardır, çünki tramvaya istənilən qədər vaqon qoşa bilərsən. Həm də, şəhərin dar küçələrində tramvayın elastik qatarları manevr edə biləcək. Necə olur ki, bunu ərazisi Azərbaycan boyda olan Hollandiyanın paytaxtı Amsterdamda edirlər, bizdə edə bilmirlər?
- Nəqliyyat sistemini heç olmasa 20 faiz qaydaya salmaq üçün BNA-ya neçə il lazımdır?
- Biz onu beşilliklərə bölək. BNA beşilliklərlə planlar qurmalıdır. Misal üçün, ilk hədəf şəhərin mərkəzinin nəqliyyat vasitələrində azad olunması nəzərdə tutulmalıdır. Şəəhərin mərkəzinə tramvayı, trolleybusu, elektrobusu buraxırsan. Benzin, atmosferi zəhərləyənlərlə işləyənləri şəhərin mərkəzinə buraxmırsan.
- İlk beşillikdə biz cərimələnəcəyik. Təklif edirsən ki, BNA beşilliyi cərimə sistemi ilə başlasın?
- 5 il nağdı cərimələnəcəksiz. Dayanma-durma qadağası ilə parkinq sistemini paralel inkişaf etdirmək lazımdır. BNA cərimələrdən gələn pullarla pulsuz parkinqlər salsa, bu onların böyük uğuru olar.
- BNA-nın əməkdaşları niyə Nərimanov metrosunun qarşısında yolun ortasına qədər 5 sıra düzülən taksiləri görmür? Mən inanmıram ki, onları cərimələsinlər, onlar yenə orada dursun. Səncə, bu qayda pozuntularına BNA ilə bərabər yol polisi nəzarət etsə daha doğru olmazdımı?
- Yol polisi ona aid olmayan, amma onun işinə birbaşa təsir göstərən hala reaksiya vermir. Yol polisinin təlimatında göstərilib ki, yol-hərəkəti təhlükəsizliyinə və fasiləsizliyinə nəzarət edir. Yəni, 3-cü sırada saxlanan avtomobil təhlükə yaradır və yol nəqliyyatının fəsiləsizliyinə təsir göstərir. Dəfələrlə efirdə demişəm, əslində yol polisi vəziyyətə müdaxilə edə bilər. Amma cərimə yazmaq hüququ olmadığından reaksiya vermir. Məncə BNA yol polisi ilə memorandum imzalamalıdır. Bəlkə də var, bilmirəm. BNA-nın əməkdaşı hadisə yerində olmayanda yol polisi cəriməni rəsmiləşdirib, BNA-nın bazasına yönləndirsin. Cərimə yol polisinin adından yazılmasın, sadəcə rəsmiləşdirib BNA-nın bazasına ötürsün. Bunun hüququ prosesinin yolunu tapa bilərlər. BNA bunu təklikdə çatdırmayacaq.
- BNA açıqlama verib ki, dayanma-durma pozuntularının rəsmiləşdirilməsi tam avtomatikləşdiriləəcək və burada insan faktoru olmamalıdır.
- Dünyanın heç bir yerində belə bir şey yoxdur. Dayanma-durma qayda pozuntusu birbaşa inspektor tərəfindən aşkar edilən bir şeydir.
- Bu gün Amerika kağız blanka yazıb, avtomobilin üstünə yapışdırır, bizdə isə planşetlə işləyirlər.
- Çünki maşının xarab olub-olmadığını kamera ilə müəyyən edə bilməzlər. Mən qayda pozmamışam, sadəcə maşınım xarab olub. Mən vaxt itirib, sübut etməliyəm ki, qayda pozmamışam.
Dayanma-durma cəriməsi tam avtomatikləşdirilməməlidir. Bu ideyadan əl çəkməlidir. Bunu inspektorlar etməlidir. Biri avtomobilin alın şüşəsinə yapışdırılır, digərini isə özü ilə aparır. Qanunda da göstərilib ki, cərimə 2 nüsxədə yazılmalıdır. Protokol yazanda ikinci nüsxəsini vətəndaşa verməyə borcludur.
- Sonda bir şeyi deyim, BNA bizə qanunu pozma deyir, amma özləri bizə qanunu pozmamağımız üçün şərait yaratmalıdır, sonra bizdən qanunu pozmamağı tələb etməlidirlər. Bunlar isə bizə şərait yaratmadan bizi cərimələyir. Axı şəhərin mərkəzində yaşayan və pulsuz parkinqin olmadığı yerdə sakin qanunu necə pozmasın?!
- Bəli, şəhər mərkəzində parkinq problemi var və təkrar edirəm, bu problem BNA-dan əvvəl olub. Parkinqlərin olduğu yerdə yerlərdə dayanma-durma qaydaları pozulursa cəriməsi yazılmalıdır.
Söhbətləşdi: Orxan Məmmədov
BAKU.WS
Paylaş: