Xəbər lenti
Dünən, 19:25

 

Bərdə rayonunda kütləvi dava zamanı qanlı cinayət törətməkdə təqsirli bilinən Nizami Cəfərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin olunub.

İttihama görə, hadisə bu ilin noyabrın 27-də baş verib. Rayonun Qaradəmirçi kənd sakinləri Orxan Ramazanov, Sərxan Ramazanov, Elnur Qurbanov və Nurlan Nəzərli yaralı vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisə kənd sakini Xəyyam Quliyevin İntiqam Ağayev tərəfindən döyüləndən sonra baş verib.

Belə ki, Xəyyam Quliyevlə İntiqam Ağayev mübahisə edib və İintiqam Ağayev onu döyüb. Bundan sonra Xəyyam Quliyev döyülməsi barədə qardaşı Ömər Quliyevə məlumat verib.

Ömər Quliyev İntiqam Ağayevə zəng vuraraq onu Bərdədə fəaliyyət göstərən "Dostluq" çay evinin qarşısına çağırıb. İntiqam Ağayev əraziyə həmkəndliləri - Sənan Zamanov, Kənan Zamanov, Tağı Teymurovvə digər 5-6 nəfərlə birlikdə gəlib.

Hadisə yerində Kənan Zamanov Ömər Quliyevi döyüb. Ömər Quliyev də bu barədə qohumları Nurlan, Orxan və Sərxan Ramazanov qardaşlarına məlumat verib.

Ömər Quliyev, Nurlan, Orxan, Sərxan Ramazanovlar, Ziya Misirli, Elnur Qurbanov, Bəhruz və Aqil adlı şəxslər birləşərək rayonun Lək kəndi ərazisindəki meşəyə gedib. Orada Kənan Zamanov, Sənan Zamanov, Tağı Teymurov, Faiq Cəfərov və Nizami Cəfərovla dava edib.

Nizami Cəfərov əlindəki balta ilə Orxan Ramazanov, Sərxan Ramazanov və Elnur Qurbanova xəsarət yetirib. Həmin vaxt Nurlan Nəzərli yumruqla Nizami Cəfərovu vuraraq baltanı onun əlundən almaq istəyib. Bu zaman Nizami Cəfərov bıçaqla Nurlan Nəzərlini qarnından vurub.

Nizami Cəfərovun və digər təqsirli bilinən şəxslər məsuyyətə cəlb edilib.

İstintaq orqanı tərəfindən Nizami Cəfərovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır zərərvurma), 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, eyni əməllər təkrar törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Nizami Cəfərovun cinayət işi üzrə Orxan Ramazanov, Sərxan Ramazanov və Elnur Qurbanov və Nurlan Nəzərli zərərçəkmiş şəxs qismində tanınıb.

Cinayət işi üzrə digər adı keçən təqsirli bilinən şəxslərin isə barələrində cinayət işi ayrı icraata götürülüb və istintaq hərəkətləri davam edir.




Ana səhifəyə qayıt        Baxış: 417          Tarix: 13-11-2019, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma