Xəbər lenti

 

“Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Seçkilərdə iştirak etmək istəyən kifayət qədər namizəd olsa da, onların seçki texnologiyası, təbliğat-təşviqat kampaniyası haqqında bilikləri çox zəifdir”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı söyləyib. O, qeyd edib ki, namizədlər kampaniyanın aparılması qaydalarını dərk edə bilmirlər:

“Namizədin seçki qərargahı olmalıdır. Buraya müxtəlif mütəxəssislər, ekspertlər dəvət olunmalıdır. Hüquqşünas, imicmeyker, kampaniya rəhbəri olmalıdır. Namizədlərin bu kimi məsələlərdən xəbərləri yoxdur. Təkcə plakat hazırlatdırıb, divarlara yapışdırmağı bilirlər. Düşünürlər ki, kampaniya aparmaq elə bundan ibarətdir. Yaxşı olar ki, namizədlər seçki kampaniyasına başlamazdan əvvəl bu kimi məqamlarla maraqlansınlar, sonra öz seçki kampaniyasını qurmağa başlasınlar. Namizədlərə seçki texnologiyaları haqqında təlim keçirilməsinə böyük ehtiyac var.

Seçkilərdə iştirak etmək istəyən namizədlərin vaxt, insan və  maddi resursları olmalıdır. Bu 3 resursu olmayan namizədin demokratik seçkilərdə uğur qazanması mümkün deyil”.

M.Zülfüqarlı vurğulayıb ki, insanlar seçki kampaniyasına az pul xərcləyib, çox nəticə əldə etmək istəyirlər:

“Halbuki maddi resurs namizəd üçün mütləqdir. Məsələn, kimsə hansısa dairədən namizədliyini veribsə, onun ən azı 40 məntəqədə müşahidəçisi olmalıdır. Həmin müşahidəçilərə müəyyən qədər haqq ödənməlidir. Namizədin vəkili, kampaniyasını təşkil edən insanlar, plakatını hazırlatdırıb, çap edəcək vəsait, nəqliyyat vasitəsi və s. olmalıdır. Bunları regionlarda camaata deyəndə tutulub qalır. Hər kəsin namizədlik vermək hüququ var. Amma qeyd etdiyimiz resurslar olmadan namizədin uğur qazanması mümkün deyil”.

 

Azərbaycanda imicmeyker probleminin olmasına da toxunan M.Zülfüqarlı hesab edir ki, gənc imicmeykerlər olsa da, namizədlər onlara pul ödəyib, müqavilə bağlamaq istəmirlər:

“Namizdələr seçki kampaniyasına pul xərcləmək istəmirlər. Seçki kampaniyasına barmaqarası baxırlar. Elə namizəd var ki, tək bir şüarla hər şeyi həll edir. Amerika prezidentlərindən biri “reklama ehtiyacı olmayan prezident” şüarı ilə seçkilərin qalibi olub. Bizdə bu sahə həddindən artıq geridə qalıb. Azərbaycanda imicmeykerlər demək olar, yoxdur. Elə bir şəxs varmı ki, ofis açsın, seçki kampaniyası ilə bağlı öz xidmətlərini təklif etsin, hansısa namizəd isə onunla müqavilə imzalayıb, imicinin formalaşdırılmasını ona həvalə etsin? Olsa belə, imicmeykerlərə pul vermirlər. Adətən namizəd öz qohum-əqrəbasını başına yığır, ekspertlərin etməli olduğunu qohumlarına tapşırır. Bu bəsit kampaniyaları geridə buraxmalıyıq”.




Ana səhifəyə qayıt        Baxış: 290          Tarix: 9-12-2019, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma