Xəbər lenti

 

"Mehdiabad AzTv-də deyildiyi kimi gündən-günə çiçəklənmir. Gündən-günə ayaqqabılarımız daha da palçığa batır”.

Ovqat.com bildirir ki, bunu Toplum.Tv-yə Mehdiabad qəsəbəsindəki yeni yaşayış massivinin sakinləri deyir.

 

Bu ərazinin adı da yoxdur. Elə "Duz gölü" ətrafı məhlələr adlandırılır. Küçələrə isə hələ də ad verilməyib.

 

Mehdiabadın bu adsız küçələrində yaşayan sakinlər mərkəzi yola çıxıb avtobusa minmək üçün asfaltsız və palçıqlı yollardan keçməyə məcburdurlar. 

"Məhəllədə evlər var, insanlar yaşayır, lakin hələ də küçə statusu verilməyib", - deyir sakinlər. 

 

Onlar illərdir ki, burada kanalizasiya sisteminin və asfalt örtüyünün olmamasından şikayətçidirlər.

 

"Camaat ayaqqabı alanda qəşəng olmasına baxır, biz isə traktor kimi davamlı olmasına”

 

Ətrafda palçıqla yanaşı, şəraitsizlik və natəmizlik də diqqət çəkir.  

Mehdiabad sakini Əsmər Məmmədova Toplum.Tv-yə deyir ki, şəhərə gəlmək üçün azı 1 saat vaxt sərf etməli olurlar: "Mehdiabaddan şəhərə gedib çıxmaq 1 saatımızı alır. Hələ üstəlik, payız-qış aylarında avtobusa qədər getmək üçün keçməyə yol tapa bilmirik. Hətta avtobus dayanacağına qədər ayağına sellofan torba keçirənlər var. Camaat ayaqqabı alanda qəşəng olmağına baxır, biz isə traktor kimi davamlı olmasına. Universitetdə oxuyuram və dərsə hamıdan gec gedirəm. Palçığa görə evi sayta qoymuşduq, satırdıq”.

 

"Çirkli görünən maşına sərnişin minmək istəməyə bilər”

 

Bu məhəllədə maşınların gediş-gəlişi də çox çətindir. Sakinlərin maşınları palçıqdan çirklənir. 

Məhəllə sakini Fazil Məmmədov boş vaxtlarında taksi sürücüsü kimi işləyir: "Maşın məhəllədən əsas yola çıxana qədər palçıq olur. Gərək hər dəfə aparıb yuduram. Taksi şoferi kimi də işləyirəm. Təbii ki, çirkli görünən maşına sərnişin minmək istəməyə bilər”.

 

"Şəraitsizlikdən xəstələnirəm”

 

Onların sözlərinə görə, məhəllə sakinləri pul yığıb yola daş, asfalt qırıqları tökürlər. Bu da 2-3 ay dözür, daşlar palçıqda batır, yollar yenə də əvvəlki vəziyyətinə qayıdır: "Böyük gölməçələr yaranır palçıq olur". 

Nərgiz Əliyeva avtobus yoluna çıxana qədər özü ilə köhnə ayaqqabı apardığını deyir: "Evdən əsas yola qədər 5 dəqiqədir. Ancaq palçıq və gölməçələrə görə 15 dəqiqəyə gedirəm. Hətta böyük gölməçələr yarandıqda 20 dəqiqəyə. Evdən çıxanda anamla bir yerdə gedirik, köhnə ayaqqabı aparıram, əsas yolda dəyişib anama verirəm. Evə qayıdanda ayağım palçıq və suyun içində olur. Mehdiabadın şəraitsiz vəziyyətinə görə tez-tez xəstələnirəm” 

 

"Taksi çağırdıq, yolda batıb qaldı, qapıya qədər gələ bilmədi”

 

Sakinlər deyirlər ki, məhəllədə kanalizasiya sistemi olmadığına görə çirkli sularını axıtmaq üçün quyular qazırlar. Həmin quyular dolur, buna görə də sakinlərin evləri çat verir.

Məhəllə sakini Sumayə xanım danışır: "Suyu ehtiyatla işlədirəm ki, quyumuz dolmasın. Quyu dolsa, gərək xərc çəkib təzə quyu qazdıraq. Hər dəfə də təzə quyu qazdırmağa imkanımız yoxdur”.

Yaşlı sakinlər üçün palçıqlı yollarda yerimək daha çətindir. 60 yaşlı Sumayə xanım palçıqlı yolda dəfələrlə ayağının sürüşüb yıxıldığını deyir: "Böyük gölməçələr olur, yenə cavanlar tullanıb keçirlər. Biz yaşlılar güclə o gölməçələri keçirik. Keçən dəfə taksi çağırmışdıq, batıb qalıb yolda. Qapıya qədər gələ bilmədi. Əvvəl maşını batdığı gölməçədən çıxartdıq, sonra əlimizdəki yükləri maşına qədər özümüz palçıqlı yolda daşımalı olduq”.

Sakinlərin problemləri ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti və Mehdiabad İcra Nümayəndəliyindən münasibət öyrənmək mümkün olmayıb. 




Ana səhifəyə qayıt        Baxış: 238          Tarix: 16-12-2019, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma