Astara rayonunda yetkinlik yaşına çatmayan qızın sevgi məktublarını yaymaqda ittiham olunan rayon sakini, 1988-ci il təvəllüdlü Ələddin Mikayılovun (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ələddin Mikayılov Astara rayonunda poçtalyon işləyən zaman rayon sakini Səbinə Səmədovanın başqa rayondan olan bir oğlanla yazışmalarını oxuyub.
Səid Məmmədovun Səbinə Səmədovaya ünvanlandığı sevgi məktublarını Ələddin Mikayılov sahibinə təhvil verməmişdən əvvəl oxuyub.
Ələddin Mikayılov həmin məktubda olan yazışmaları bir neçə nəfərə danışıb. Söhbət sürətlə rayon sakinləri arasında yayılıb. Bundan sonra Səbinə Səmədova poçtalyonun hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında poçtalyon həbs edilib.
İstintaq orqanı tərəfindən Ələddin Mikayılovun barəsində Cinayət Məcəlləsinin 155-ci (yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib.
Astara rayon Məhkəməsinin hökmü ilə Ələddin Mikayılov 2 il müddətinə islah işləri cəzasına məhkum olunub.
Hökmdən narazı qalan zərərçəkmiş Səbinə Səmədova apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, qərar elan edilib.
Zərərçəkmiş Səbinə Səmədovanın şikayəti təmin edilib və Astara rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Ələddin Mikayılovun cəzaları qismən toplamaq yolu ilə yenə də 2 il müddətinə islah işləri cəzası təyin olunub.
Paylaş: