Xəbər lenti

 

İqtisadçı alim, ABŞ-ın "Rutgers" Universitetinin professoru Qubad İbadoğlu bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması bəzi tədarükçüləri ziyana salır.

Hazırkı qiymət Rusiyanın neft ixracatından zərərlərini artırır. O, qeyd edib ki, hesablamalara görə, bu qiymətə Rusiyanın neft şirkətləri hər ay 4,5-5 milyard dollar ziyana düşə bilər. "Qiymətin hazırkı səviyyəsi uzunmüddətli dövrdə sabit qalarsa, onda Rusiya dövlətinin bu il neft ixracatından zərəri 55 milyard dollar ətrafında ola bilər".

Q.İbadoğlu daha sonra bildirib ki, qiymətlərin enişinin davam etməsi, onun 20 dollardan aşağı düşməsi Azərbaycanı da ziyana sala bilər: "Hazırkı qiymət Azərbaycan neftinin satışından cüzi də olsa mənfəət əldə etməyə imkan versə də, bu, davamlı olmaya bilər. Belə ki, neft bazarında əsas tədarükçülərdən olan SəudiyyəƏrəbistanın ixracatını gündəlik 7 milyondan 9 milyon barrelə qaldırması, satışların və sifarişlərin həcminin azalması nəticəsində satılmayan neftin anbarların və çənlərə doldurulması vəziyyəti xeyli gərginləşdirib.

Görsənir ki, neft bazarında qiymətlər yenə də ucuzlaşacaq. Onun davamlı olması dünya iqtisadiyyatının durumundan asılı olacaq.

Hazırkı gedişlə qlobal iqtisadiyyat tənəzzülə qədəm qoyur. Odur ki, bahalı neft ixracatçılarının, xüsusilə də Rusiyanın qara günləri qabaqdadır. Məlumat üçün qeyd edim ki, Rusiya dünyada ən bahalı neft istehsal edən ölkələrdən biridir, onun quruda çıxartdığı xam neftin hasilat və daşınma dəyəri birlikdə hər barrelə görə 30 dollar təşkil edir.

Xam neftin hasilat dəyəri hər barrelə görə Qazaxıstanda 16, İranda 15, İraqda 7, BƏƏ-də 6, Səduiyyə Ərəbistanında 3 dollardır.

Azərbaycana gəlincə, BP-nın istehsal etdiyi xam neftin 1 barrelinin alıcıya çatdırılma müqavilələri üzrə xərclər nəzərə alınmaqla 15 dollar və məsafədən asılı olaraq bir qədər artıqdır.

SOCAR-a gəlincə, şirkət 2018-ci ildə 1 ton neftin istehsal maya dəyəri 117,92 manat olduğunu açıqlayıb. Bu o deməkdir ki, dünya bazarında neftin qiyməti hər barrelə 20 dollara qədər ucuzlaşarsa, Azərbaycanın neftdən qazancı olmayacaq, 20 dollardan aşağı olarsa Azərbaycan neft ixracatından zərərə düşəcək.

Hazırda Azərbaycan neftinin dünya bazar qiyməti 25 dollar ətrafında dəyişir. Bu o deməkdir ki, Azərbaycanın neft ixracatından qazancı sıfıra yaxınlaşır".

Ekspert bildirib ki, Azərbaycanın 2019-cu ildə "Azəri - Çıraq- Günəşli" yatağından gündəlik hasilatı 535 min barrel təşkil edib.

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 2 418          Tarix: 20-03-2020, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma