Xəbər lenti


300 dollarlıq limitdən ayda neçə dəfə istifadə etmək olar?

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev REAL televiziyasına müsahibəsində Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərdən danışıb. Fins.az xəbər verir ki, sədr bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan məsələni izah edib. O bildirib ki, qərarın 2.1.4-cü bəndi ilə bağlı yanlış anlaşılma baş verir:

“Qərarda “bir dəfə” ifadəsi istifadə olunarkən, yəni vətəndaş üçün hər dəfə 10 partiya mal gəlibsə, 10 dəfə təkrar-təkrar bəyannamə verməsin deyə hər təqvim ayında 1 dəfə 300 dollar limitini qoymuşuq. Yəni, vətəndaş 300 dollar həcmində poçt göndərişləri vasitəsilə elektron ticarət hüquqları əldə edir. 300 dollardan artıq olan məbləğdə isə gömrük rüsumlarını və vergilərini ödəmiş olur. Hər təqvim ayında bir dəfə ifadəsi yanlış anlaşılmalara səbəb olur. Bu qərar qüvvəyə mindiyi gündən 1 ay ərzində 300 dollar istər bir dəfə, istər beş dəfə bəyan edə bilərlər. Partiyanı gömrük anbarında saxlayıb bir dəfəyə də bəyan edə bilərlər, partiyalar 3 dəfə gəlibsə, 3 partiyanın hər birində 100 dollarlıq, ikincisində 100, üçüncüsündə 100 dollarlıq mal gəlibsə, 3 partiyanın üçündə də sadələşdirilmiş bəyannamə vermək şərti ilə yenə gömrük rüsumlarından azad olunur”.

Qeyd edək ki, bu məsələ son günlər mətbuatda geniş müzakirələrə səbəb olub. Bu səbəbdən hökumət rəsmiləri növbəti dəfə 
açıqlama verdilər. Lakin ekspertlər hələ də məsələdə dəqiqləşdirilməyə ehtiyacı olan məqamların mövcudluğundan narahatdırlar.

Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək”

İqtisadçı alim Fikrət Yusifov mövzunu Musavat.com-a şərh edərkən deyib ki, vətəndaşların xarici səfərlər zamanı özləri ilə gətirdikləri və ya karqo yolu ilə aldıqları bağlamaların dəyərinin limitində dəyişikliklərin aparılması birmənalı qarşılanmadı: “Vətəndaş xaricə gedərkən özü ilə 1500 dollar dəyərində mal gətirə bilərdi, indi bu 800 dollara endirilib. Bundan başqa, poçt daşımaları və karqo ilə sifariş verilən malların dəyərinin 1000 dollardan 300 dollara endirilməsi doğru deyildi. İnsanların hüquqlarının pozulması, imkanlarının məhdudlaşdırılması idi. Mən hökumətə bunun əksini təklif edərdim. Vətəndaşlara imkan verilsin ki, istədikləri qədər mal gətirsinlər, verginin həcmi minimallaşsın. Bu zaman büdcə də daha çox qazanacaq. Vətəndaş 38-40 faiz yox, 10 faiz vergi ödəsin. O zaman bunu məmnuniyyətlə ödəyəcək. Belə ödənişlərin sayı da, həcmi də böyük olacaq, dövlət büdcəsi də bundan qazanacaq. Limitləri məhdudlaşdırmaqla, limitdən artıq gətirilən mala gömrük rüsumu tətbiq etməklə nəticə əldə etmək olmaz”.
F.Yusifovun sözlərinə görə, istənilən halda bu məhdudlaşdırmanı müsbət dəyərləndirmək olmaz: “Bu məhsulların ölkəyə gətirilməsi o deməkdir ki, nə qədər bolluq olarsa, qiymətlər də aşağı düşəcək. Bunun qarşısını almaqla bazarda qıtlıq yaradır, qiymətlərin yüksəlməsinə yol açır”.
DGK sədri tərəfindən verilən izaha gəlincə, sabiq nazir  bildirdi ki, əgər Nazirlər Kabinetinin qərarında bir ayda 300 dollar dəyərində bir sifariş edə bilər deyə qeyd edilibsə, sonradan fərqli açıqlamanın verilməsi anlaşılan deyil: “Komitə sədri bildirdi ki, ay ərzində karqo ilə 5 dəfə də 300 dollar dəyərində mal gətirmək mümkündür. Lakin həmin malların hamısının gömrük rüsumundan azad olunmasını dilə gətirmir. Ona görə də, hesab edirəm ki, doğrudan da Komitə sədrinin dediyi kimidirsə, qərarda dəyişiklik edib, bunu aydın, hər kəsin başa düşəcəyi dildə yazmaq lazımdır. Əks halda, qanun qüvvəyə mindikdən sonra bu məsələ ətrafında mübahisə və çəkişmələr başlaya bilər”.
İqtisadçı alimin sözlərindən də aydın olur ki, fiziki şəxslərin xaricdən mal idxal etməsi ilə bağlı qaydalara edilən dəyişikliyin yenidən şərh edilməsinə və qərarda hər kəsin vahid şəkildə başa düşəcəyi dildə izah edilməsinə ehtiyac var. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Qurumun rəyini də işıqlandırmağa çalışacağıq.
Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”
 



Ana səhifəyə qayıt        Baxış: 2 655          Tarix: 26-08-2020, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma