Xəbər lenti


Cəmşid Dərələyəzli
 
Bildiyimiz kimi, Tarif Şurasının 31 yanvar 2021-ci il qərarı ilə su və tullantı sularının axıdılmasının qiyməti 100% qaldırılıb. 

Şuranın toplantısında suyun qiymətinin qaldırılması ilə bağlı belə bir arqument səsləndirilib ki, hətta deməzsiniz bəyəm, bu artımdan sonra da tariflər bir sıra MDB ölkələrindən aşağı imiş. 
 
     Bundan bir az əvvəl də yanacağın qiyməti artırılmışdır. Əhali bunun şokunu adlatmamış, arxasınca suya da artım gəldi. Özü də nə az, nə də çox düz 100%. Yəqin ki, ardınca   qaz və enerji də bahalaşar.
 
    Nə qədər çalışsaq da ki, müharibədən çıxmış bir ölkədə (hələ bitməsini də sanmaq olmaz) belə mövzulara münasibət bildirməyək, lakin sonda yenə baxırsan ki, bəzi dövlət qurumlarının düşünmədən, araşdırmadan ölkə başçısına verdikləri bu sayaq təkliflər, sonda həm dövlətin imicinə, həm də xalqın sosial vəziyyəti aşağı olan təbəqəsinə təsirsiz ötüşmür, bu da təbii olaraq özü ilə bərabərində haqlı narazılıqılar gətirir.
  
Öncə Tarif Şurası bilməlidir ki, əhali sayına görə hər bir ölkənin daxili ehtiyatları və bu ehtiyatlar nisbətində milli gəlirləri və bu gəlirlərdən doğan sosial siyasəti mövcuddur. O siyaəsət ki, bu gün ölkəmizdə cənab Prezidentin daima diqqət mərkəzindədir və bunun üçün də qarşıya çox böyük  hədəflər qoyub. Belə bir vəziyyətdə, əslində Tarif Şurasının, deyərdim ki, ciddi araşdırmalar aparmadan verdiyi bu qərar həmin hədəflərə də dolayısı ilə kölgə düşürür.   Bu gün bunları araşdırmadan, düzgün yanaşılma sərgiləmədən əsas onu gətirmək ki, filan ölkələrdə də qiymətlər belədir və yaxud bizdən artıqdır; bu absurt bir fikirdir. Mən keçmişdə də qiymət artımları olanda, mətbuatda bu barədə  fikir bildirmişəm və yenə də həmin fikirimdə də qalıram. 
 
     Bəli zaman-zaman bütün sahələrdə qiymət artımı qaçılmazdır və başadüşüləndir. Yəni hər bir xidmətdə və yaxud da istehsalda maya dəyərinə təsir edən amillər artırsa, bazar diqtə edirsə deməli bu təbiidir. Lakin, indiki vəziyyətdə sosial vəziyyəti aşağı olan əhalinin durumunun nəzərə alınmaması və sosial ədalətin qorunmaması məyusedicidir. Özü də son bir ildə Pandemiyanın insanlarımızın maddi durumu aşağı olan təbəqəsinin  gəlirlərinə köklü təsir etdiyi bir zamanda. 
 
     Ona görə də belə bir vəziyyətdə hətta ölkə əhalisinin maddi durumunun və sosial vəziyyətinin ən optimal səviyyəyə çatana qədər  kommunal xərclərin artımında sosial ədalət qorunmalı və verilən qərarlar ona görə uyğunlaşdırılmalıdır. Sanıram indiki halda,  sosial ədalətin bərqərar olunmasına təsir edən amillərdən biri və birincisi limit faktorundan istifadə olunmasıdır. Yaxşı olardı, narazılıqlar olmasın deyə, sosial ədalətin saxlanılması baxımından bütün kommunal xərclərə bəlli bir limit müyyənləşdirilərdi və kimliyindən asılı olmayaraq o limit bütün əhaliyə və xidmət sahələrinə tətbiq olunardı. Və təyin olunan o limitin kateqoryalar üzrə qiyməti ən aşağı həddə, simvolik bir rəqəmlə müəyynləşdirilməli, ( ona da inanıram ki, Azərbaycanın mövcud durumu, gələcəkdə bütün problemlər çözüldükdən sonra limitlər pulsuz olan gün də gələcək) limitdən artıq qiymətlər isə indikindən hətta 1,5 - 2 dəfə artırılardı. Elə bir həddə ki,  həm istehsalçının zərəri qarşılansın, həm də gündəlik istehlak mallarında  qiymət artışı gözlənilsin. Onsuz da limitdən artığın istifadəçiləri sosial vəziyyəti yuxarı olan təbəqədir ki, onların da imkanları buna yetir də hələ artır da. Bu həm də limitli-limitsiz israfçılığın qarşısınıın alınmasında da ən optimal variant olar. 
 
Siz təsəvvür edin, kasıbın bir “Zapı”, imkanlının da həyətində beş ədəd ən yüksək modelli arabası var, o da benizin 1 manata alır, kasıb da. O imkansıza hər gün üçün ən azından 3L, aya 90-100 L yanacaq bes edər. Qeyd etdiyim kimi, eybi yox, qoy, bu limit imkanlıya da şamil edilsin. Amma artığını işlətdikdə litirini 1,5-2 dəfə  (neçə manat müəyyənləşəcəksə) artığına alsın. Həmçinin, su, qaz, işıq, elektrik enerjisi də bu metodla nizamlansın. Bu olar sosial ədalət. 
 
İndi suya gələk. İnsafdırmı, bir evi olan kasıb bir ailə də suyu 70 qəpiyə alsın, 10 dənə villası, hər villasının həyətində bir hovuzu, bağı olan da (hansı ki, hamısı da içməli sudan istifadə edir və yoxlasan çoxunun heç sayğacı da yoxdur). 
 
  Bu, bizim   fikirimizdir, bəlkə bu artışın nizamlanması üçün daha da optimal variantlar ola bilr.  Ona görə də yaxşı olardı ki, aidiyyatı dövlət strukturları bu yöndə atdıqları addımları yüz fikirləşib sonra təkliflərini ölkə başçısına, Tarif Şurasına təqdim edərdilər.  Elə bilirəm, onda nə  bu cür narazılıqlar da olar, nə də xalqın qələbə sevinci bunca  içlərinə gömülərdi.
 


Ana səhifəyə qayıt        Baxış: 4 000          Tarix: 11-02-2021, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma