Xəbər lenti
Dünən, 19:25

Sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan keçmiş baş prokuror, səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına məhdud sayda media nümayəndələri buraxılıb.

Məhkəmədə ifadə verməyə davam edən Eldar Həsənov bildirib ki, səfirliyin xərclər smetasını mənimsəməklə bağlı iddia əsassız və absurddur: “Səfirlik smeta xərcləri ilə bağlı əvvəlcə proqnoz hazırlayır və Xarici İşlər Nazirliyinə təqdim edir. Xarici İşlər Nazirliyi proqnozları araşdırır, əsaslandırır və büdcəni hazırlayır. Bu xərclərə səfirliyin əmək haqları ilə yanaşı işıq, qaz, su pulu, yanacaq xərcləri də daxildir. Xarici İşlər Nazirliyi sənədləri hazırlayıb Maliyyə Nazirliyinə göndərir, bundan sonra səfirliyə illik büdcə ayrılır. Bu proses dövlət büdcəsi kimi həyata keçirilmir. 20 il ərzində bir dəfə də olsun nə Xarici İşlər Nazirliyi, nə də Maliyyə Nazirliyi büdcə proqnozları ilə bağlı mənə irad tutmayıb. Təlimata görə, səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır. Onların işə götürülməsi üçün əvvəl şəxsiyyəti araşdırılmalıdır. Mən işə götürməzdən əvvəl onların sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada araşdırıb təsdiqləyəndən sonra işə götürmüşəm. Orta aylıq əməkhaqqına uyğun olaraq, maaş cədvəli müəyyənləşdirib nazirliyə göndərmişik. Müqaviləni isə onlarla mən yox, nazirlik imzalayıb".

Həsənovun sözlərinə görə, o, yeganə səfir olub ki, icarə haqqı 8 min 200 avro olan villadan imtina edib, yarı qiymətə binanın ikinci mərtəbəsində mənzildə qalıb: "Bu, Kəlbəcərə yol çəkmək deyil ki, bir qohumu işin başına qoyum, ayrılan vəsaiti mənimsəyim, bu, səfirlikdir..."
Daim qənaət etdiyini vurğulayan sabiq səfirin dediyinə görə, işlədiyi dövrlərdə 198 min 153 avro vəsaiti dövlət büdcəsinə qaytarıb.

O, daha sonra qeyd edib ki, səfir olduğu ölkələrdə üç Heydər Əliyev parkı salınıb. Bu parkların hər biri də Bakıda Mərkəzi Bankla Respublika Sarayının arasındakı Heydər Əliyev parkından üç dəfə böyük olub. Onun sözlərinə görə, həmin üç parkın salınmasına birlikdə Bakıdakı birindən beş dəfə az vəsait xərclənib: "Mənə yeyinti ittihamı vermək gülüncdür. Evimdən tank çıxarsaydınız, heç nə deməzdim. Əgər məni tutmaq, öldürmək, asmaq istəyirsinizsə, boş və absurd ittihamlara ehtiyac yoxdur. Yığın adamlarınızı, jurnalistləri, televiziyaları da çağırın, adamları da, deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni, qurtarsın getsin..."

Prokuror maraqlanıb ki, necə olub, 2015-ci ildə büdcəyə qaytarılan məbləğ 40 min avro, 2019-cu ildə 4 min avro olub? Həsənov cavabında deyib ki, bu, XİN-in öncədən müəyyən etdiyi tədbirlər planından asılı idi. 2019-cu ildə təkcə bir konfransa 20 min avro xərclənib: "Əgər Avropada hansısa ölkənin səfirliyi mənim qaytardığım vəsaitin yarısını dövlət büdcəsinə qaytarıbsa, gətirin göstərin. Belə bir fakt olsa, mən adımı dəyişərəm".

Sabiq baş prokuror deyir ki, 19-yaşlı nəvəsinin bank hesabından tutmuş, bütün nəsil-nəcabətini araşdırıblar. Amma heç bir qanunsuz köçürmə aşkarlanmayıb. Həsənov bildirib ki, onun öz hesabındakı vəsaitlər də yalnız maaş və yazdığı kitabların pulu olub.

İttihamlardan biri də budur ki, Həsənovun səfir olduğu ölkələrdə Azərbaycan səfirliyinə bina alınması zamanı büdcədən ayrılan vəsaitin bir hissəsi mənimsənilib. Yəni, büdcədən daha çox vəsait ayrılıb, amma bina xeyli ucuz qiymətə alınıb.

Prokuror deyir ki, Serbiyada səfirlik binasının alınması üçün 3 milyon 205 min avro vəsait ayrılıb. Əslində isə o bina 1 milyon 350 min avroya alınıb. Həsənov isə bununla razılaşmır. O deyir ki, bina elə 3 milyon 205 minə alınıb. Bunu təsdiqləyən müqavilə də XİN-ə göndərilib.

Bosniya və Herseqovinada səfirlik binasının alınmasına 4 milyon 900 min avro ayrılıb, müqavilədə 2 milyon 700 min göstərilib. Bu barədə prokurorun sualına isə Həsənov belə cavab verib: "Cənab prokuror, Sizə gərək yaxşı bir sual hazırlayan tapaydılar. Həmin alqı-satqı noyabrda olub. Onda mən orada olmamışam, məsləhətləşmələr üçün gəlmişdim. Sonra yanvarda Bosniya və Herseqovinanın rəhbərliyi ilə görüşlərim oldu. Ardınca fevralda Xocalı faciəsini tanıdılar. Başqa heç nə demək istəmirəm..."

Sabiq səfirin məhkəməsi sentyabrın 27-də zərərçəkmiş və şahid ifadələri ilə davam edəcək. Zərərçəkmiş qismində həm Maliyyə, həm də Xarici İşlər nazirlikləri tanınıb. Bu qurumların nümayəndələri də məhkəmədə iştirak edir.

“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 134          Tarix: 24-09-2021, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma