Xəbər lenti
Bu gün, 19:25

 
Qondarma “DQR”-in “dövlət naziri” Artak Beglaryan Moskvaya səfər edib.
 
Ovqat.com xəbər verir ki, məlumatı qondarma qurumun rəsmi Telegram səhifəsi yayıb.
 
Məlumatda bildirilir ki, səfər 18-19 oktyabr tarixlərində baş tutub. Rəsmi səfər kimi təqdim olunan bu səyahət zamanı Beglaryanın erməni diasporu və Rusiyanın siyasi dairələri ilə görüşdüyü bildirilir. Görüşlərdə Qarabağdakı vəziyyətin müzakirə edildiyi, bölgənin ehtiyaclarının və inkişaf proqramlarının tərəf müqabillərinə təqdim olunduğu vurğulanır. 
 
Dövlət naziri “Artsax”dakı müharibədən sonrakı yenidənqurma işlərini, “Artsax”ın təhlükəsiz və davamlı gələcəyinə yönəlmiş proqramları və əsas humanitar ehtiyacları təqdim etdi. Artak Beglaryan “vətənin yenidən qurulması və inkişafında diasporanın ardıcıl iştirakının əhəmiyyətinə toxunaraq bunun yalnız maddi dəstəklə qalmamasının, ilk növbədə insan kapitalının cəlbinə yönəlməsinin vacibliyini vurğulayıb”, - məlumatda belə deyilir.


 
Həmsöhbətləri ilə danışıqlarda rus “sülhməramlı”larının Qarabağın təhlükəsizliyinin təmin olunmasında uzunmüddətli rol oynamasını arzuladığını bildirən Beglaryan qeyd edib ki, bu gün “Rusiya Federasiyasının fəal və konstruktiv səyləri” və “sülhməramlı”ların hərbi-siyasi zəmanətləri təqribən “120 min Artsax vətəndaşının” həyatını təmin edir. O, Türkiyə-Azərbaycan ordularının hərbi müdaxilələri və istəkləri şəraitində Qarabağda rus “sülhməramlı”ların uzunmüddətli mövcudluğunun şərt olduğunu və mandatının qeyd-şərtsiz uzadılmasının erməni xalqının başlıca istəyinə çevrildiyini vurğulayıb. Artak Beglaryanın fikrincə, Qarabağ problemi erməni xalqının “öz müqəddəratını təyinetmə hüququ” çərçivəsində həll olunmalı və “Artsax Respublikasının müstəqilliyi” beynəlxalq səviyyədə tanınmalıdır. 
 
Görüşlər zamanı Qarabağa humanitar yardımların verilməsi və inkişaf proqramlarının həyata keçirilməsi ilə bağlı konkret razılaşmalar əldə edildiyi bildirilir.
 
Göründüyü kimi, separatçı “nazir”in Moskvada hansı dövlət yetkililəri ilə görüşdüyünə aydınlıq gətirilmir. Bu, təbii ki, “yetkili” deyilən həmin şəxslərin səlahiyyətlərinin aşağı olmasından və ya görüşün heç bir rəsmi xarakter daşımamasından qaynaqlana bilər. Bütün bunlara baxmayaraq, Rusiyada istənilən dövlət yetkilisinin Azərbaycandakı separatçılıq iddiasını gizlətməyən şəxslərlə görüşməsi heç bir siyasi ölçülərə və diplomatik qaydalara sığmır. Xüsusilə də Moskvanın sözdə “sülhməramlı” missiyasına.


 
 Rəsmi Bakının müvafiq orqanları Beglaryanın kimlərlə görüşdüyünü müəyyənləşdirməli, Rusiyadan mehriban qonşuluğa yaraşmayan bu hərəkətləri dayandırmağı və açıq ermənipərəst mövqe tutduğuna görə “sülhməramlı”larını da belinə şələləyib Qarabağdan çıxmağı tələb etməlidir.
 
Beglaryanın Moskva görüşlərində diqqət çəkən əsas məqamlardan biri də “insan kapitalı” ilə bağlı fikirləridir. Onun dediklərindən belə anlaşılır ki, erməni separatçıları Moskvadan təkcə pul yox, həm də insan və “vətəndaşları” Qarabağda saxlayacaq şərait istəyirlər. Bu da istər-istəməz Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “Qarabağda 20-25 min erməni qalıb” fikrini ağla gətirir. Görünür, erməni “naziri” də Moskvaya aparan məhz bu qorxudur. Çünki qabaqdan qış gəlir və havalar soyuduqca, öz su elektrik stansiyalarının 75%-dən çoxunu 2-ci Qarabağ savaşında itirən separatçılar üçün əsl həyat uğrunda mübarizə başlayacaq. 
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 480          Tarix: 20-10-2021, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma