Xəbər lenti

Azərbaycanın ağırlıqqaldırma millisinin 2022-ci il üçün ilk beynəlxalq yarışı Albaniyada ola bilər.

Oxu.Az-ın xəbərinə görə, 25 may – 5 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada ağırlıqqaldırma üzrə yubiley sayda – 100-cü Avropa çempionatı keçiriləcək.

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində Azərbaycan çempionatı baş tutacaq. Məhz burada özünü yaxşı tərəfdən göstərən idmançılar millinin əsas özəyini təşkil edəcək. Federasiyadan aldığımız məlumata görə, gənclərdən ibarət komandamızın Yunanıstanın İraklion şəhərində keçiriləcək dünya çempionatında (2-10 may) çıxışı baş tutmayacaq. Ancaq böyüklərin Avropa çempionatında komandamızın beynəlxalq arenaya qayıdışı mümkündür.

Qeyd edək ki, ötən ilin sentyabrından Azərbaycan Ağır Atletika Federasiyasında yaranan pərakəndəlikdən və məşqlərin dayandırılmasından sonra beynəlxalq mötəbər yarışlardan kənarda qalıb. Belə ki, gənc millimiz Səudiyyə Ərəbistanın Ciddə şəhərindəki dünya çempionatında (5-12 oktyabr), əsas yığmamız isə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında (7-17 dekabr) iştirak edə bilməyib.

Xatırladaq ki, kənd təsərrüfatı naziri İnam Kərimov fevralın 19-da Ağır Atletika Federasiyasının prezidenti seçilib. Bu səbəbdən nazirin federasiya prezidenti kimi ilk təcrübəsi Avropa çempionatı olacaq.

Bu il keçiriləcək dünya çempionatının dəqiq tarixi və məkanı isə hələ bəlli deyil. Lakin bu yarışın noyabr-dekabr aylarında keçirilməsi nəzərdə tutulub.

Səbuhi Musa



Ana səhifəyə qayıt        Baxış: 4 622          Tarix: 26-03-2022, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma