Məhbus dövlət xadimi Eldar Həsənovun işi Ali Məhkəmədədir.
Novator.az bildirir ki, 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
Hüquq mühafizə orqanlarında fəaliyyəti dövründə Eldar Həsənov “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetində, Azərbaycan Pedaqoji Universitetində dərs deyib. Mütəşəkkil cinayətkarlıq və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
Səfir fəaliyyəti dövründə Eldar Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Eldar Həsənovun Bakıda tutulduğunu açıqlayıb. Avqustun 14-də Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib, avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edib.
Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.
Hazırda iş Ali Məhkəmədədir. Müdafiə tərəfinin şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü qüvvədə saxlayan qərarının ləğvi, Eldar Həsənovun bəraətlə azadlığa buraxılması, əmlakların müsadirəsinin qanunsuz sayılaraq qaytarılması istənib.
İş hakimlər İlkin Rəcəbov, Şahin Yusifov və Nazim Mövsümovun icraatındadır. Prosesin avqustun 18-də başlanması gözlənirdi, ancaq indi tarix kimi oktyabrın üçüncü ongünlüyü göstərilir.
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanan Eldar Həsənovun dörd vəkili var: Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev.
Eldar Həsənov hipertoniya, şəkərli diabet, boyun-bel nahiyəsində olan ciddi xroniki problemlərdən və başqa xəstəliklərdən əziyyət çəkir. Avropa İnsan Hüquqları Məhkəməsinin 19 noyabr 2021-ci il qərarına əsasən, hökumət Eldar Həsənovun zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını təmin etməli; onun sağlamlıq vəziyyəti barədə müntəzəm məlumat verməlidir. Ancaq bu qərar icra olunmur.
Paylaş: