İnformasiya dünyasının şah damarı hesab edilən qlobal internet məkanında Naxçıvanın hələ də kifayət qədər təbliğ olunduğunu demək çətindir. Səbəbini bu yazıda izah etməyə çalışacağıq.
Bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. İnformasiyanın toplanıldığı və ötürüldüyü ən klassik forma isə saytlardır. Ümumdünya hörümçək toru (www – World Wide Web) artıq, demək olar ki, bütün cəmiyyətlərə başlıca təsir və təbliğ vasitəsidir. Lakin bu təsir və təbliğ vasitəsi o zaman effektli olur ki, yaradılmış informativ resursu, el dilində desək, “hörümçək toru basmasın”. Yəni yenilənməyən saytı yalnız və yalnız hörümçək toru ilə “bəzədilən” otaqla müqayisə etmək olar ki, o “otağ”a da heç kəs daxil olmur. Elə Naxçıvan Muxtar Respublikasının rəsmi portalı hesab edilən www.nakhchivan.az kimi.
İki aydan çox apardığımız müşahidələrdən sonra gördük ki, portalda heç bir dəyişiklik yoxdur. Ədalət naminə deyək ki, əvvəllər portalda yenilənən bir hissə olub. Saytın xəbərlər bölməsi 2020-ci ilə qədər daimi olmasa da aradabir yenilənib. Lakin saytın digər bölmələrinə nəzər saldığımız zaman “yenilənmək” sözünün “y” hərfi də dilimizə gəlmir.
Başlayaq portalın “Şəhər və rayonlar” bölməsindən. Bu bölmədə diqqəti mənfi mənada özünə çəkən məqam ondan ibarətdir ki, rayonların ümumi görünüşünü əks etdirən fotolar təqribən 5-6 il bundan əvvəl çəkilib. Halbuki indi rayon mərkəzləri elə görkəmdə deyil. Hər şeyi qara rəngdə təqdim etmək, Naxçıvanda heç bir iş görülməyib təəssüratı yaratmaq ədalətsizlikdir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda böyük tikinti-quruculuq proqramı gerçəkləşdirilib. Və bu işlər muxtar respublikanın bütün bölgələrini əhatə edib. Rayon mərkəzləri xeyli dəyişilib, yeni binalar tikilib istifadəyə verilib.
“İqtisadiyyat” bölməsində isə vəziyyət daha acınacaqlıdır. Sitat: “İqtisadi inkişafı xarakterizə edən əsas göstərici kimi Ümumi Daxili Məhsulun həcmi 2016-ci ildə 2015-ci illə müqayisədə 0,5 faiz artaraq 2 milyard 582 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 780 manata yaxın olmuşdur”.
İndi 2022-ci ildir. Naxçıvanın internet portalı isə hələ də muxtar respublikanın 2016-cı ildəki iqtisadi inkişaf göstəricilərini 2015-ci illə müqayisə edir. 2016-cı illə 2022-ci il arasındakı 6 illik müddətdə Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul istehsalında artım olmayıbmı? Adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi yüksəlməyibmi? Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi illər üzrə hesabat açıqlamayıbmı? Axı bunların hamısı baş verib.
Muxtar respublika iqtisadiyyatı ilə bağlı digər bir məlumata diqqət yetirək: “Sahibkarlığın inkişafı eyni zamanda işsizlik probleminin ortadan qalxması deməkdir. 2016-ci ildə yeni yaradılan 3010 iş yerindən 2941-si və ya 97,7 faizi daimi iş yeri olmuşdur”.
Bu portalda öz əksini tapan məlumatlardan belə anlaşılır ki, 2016-cı ildən sonra Naxçıvanda iş yerləri yaradılmayıb. Əgər yaradılıbsa, o zaman niyə burda öz əksini tapmayıb?
Muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi, sənaye, tikinti, nəqliyyat, rabitə, energetika, kənd təsərrüfatı, bank-maliyyə sektoru ilə bağlı olan bütün məlumatlar da 2016-cı ilə aiddir.
İnternet portalındakı tarixi məlumatlara da nəzər salaq. Naxçıvan yetkililəri tarixi abidələrimizi necə təbliğ edir? Portalın “Tarixi abidələr” bölməsi ilə bağlı bir neçə fakt deyək. “Tarixi abidələr” bölməsində oxuyuruq: “Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir”.
AMEA-nın Naxçıvan bölməsindən əldə etdiyimiz məlumata görə, Naxçıvan Muxtar Respublikasında pasportlaşdırılmış abidələrin sayı 1220-ni keçib. Portalda öz əksini tapan bu məlumat isə 2016-cı ildən də əvvələ aiddir.
Son illər Naxçıvanın tarixi abidələrini pis-yaxşı bərpa ediblər. Amma portalda yerləşdirilən fotoşəkillər abidələrin əvvəlki görkəmidir. Əslində, bu xidmətlərinə görə portalın idarəedicilərinə təşəkkürümüzü bildiririk. Ona görə ki, bu abidələrin əvvəlki görkəmdə təqdim edilməsi daha yaxşıdır. Çünki abidələrin bərpası onların məhvinə səbəb olub. Amma bir təklifimiz də var. Yəqin ki, bu yazıdan sonra portalı yeniləyəcəklər. Portalı yeniləyərkən “Tarixi abidələr” bölməsində abidələrin həm əvvəlki, həm də indiki görünüşünü əks etdirən fotolar yerləşdirsinlər. Onlar bunu qürurla etsinlər. Hər kəsə göstərsinlər ki, abidələri necə bərpa ediblər. O zaman ağıllı adamlar da görəcəklər ki, Naxçıvanın tarixi abidələrini nə günə salıblar.
Hörmətli oxucular! Bu portaldakı nöqsanlar barədə çox yazmaq olar. Çünki Naxçıvanın yeganə rəsmi internet portalı biabırçı vəziyyətdədir. Amma çox vaxtınızı almaq istəmirik. Təqdim etdiyimiz bu linkə (http://www.nakhchivan.az/portal-1/index-2.htm) daxil olaraq hər şeyi özünüz görə, analiz edə bilərsiniz.
Ən maraqlısı isə odur ki, öz dilimizdə yenilənməyə vaxt tapmayan portal Naxçıvana turist kimi gəlmək istəyən xarici vətəndaşlara rus və ingilis dillərində nə dərəcədə məlumat çatdıra bilər?
Yazının əvvəlində qeyd etdik ki, qlobal internet məkanında Naxçıvan barədə kifayət qədər doğru-dürüst məlumat yoxdur. Yuxarıda qeyd etdiyimiz dediklərimizi təsdiqləyən yalnız bir faktdır. Hələ sonrası da var.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi internet səhifəsinə baxanda adam lap şoka düşür. Çox primitiv formada hazırlanmış bu saytda yalnız “Normativ hüquqi aktlar”, “Mətbuat xidməti” və “Müraciətlər” bölmələri vardır. Təəssüf ki, Ali Məclisin saytı Azərbaycanın ən ucqar rayonunun icra hakimiyyətinin də saytından çox zəif və bərbaddır. Bu necə Ali Məclisin saytıdır ki, bu internet informasiya ehtiyatında Ali Məclisin rəhbərliyi, komitələri, deputatları barədə heç bir məlumat yoxdur. Cəmi 4 bölməsi olan bu saytdakı məlumatları yeniləmək də 2021-ci ildən Ali Məclis aparatının yadından çıxıb. Bircə faktı deyək. Saytın “Normativ hüquqi aktlar” bölməsinin sərəncamlar alt bölməsində yerləşdirilən sonuncu sərəncam Ali Məclis sədrinin 8 fevral 2021-ci il tarixdə imzaladığı “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” sərəncamdır. Saytda yerləşdirilən sonuncu fərman isə 2020-ci il 14 dekabrda imzalanmış fərmandır. Bəs Vasif Talıbov 2020-ci ildən sonra fərman, 2021-ci ildən sonra isə sərəncam imzalamayıb? Yəqin ki, Al Məclisin rəhbərliyi buna cavabdeh olan məmurladan bu yarıtmaz fəaliyyətin hesabını soruşacaqdır.
Bununla da bağlı bir təklifimiz var. Azərbaycan Respublikası Milli Məclisinin çox mükəmməl bir internet saytı var. Ali Məclisin aparat işçilərinə həmin saytla tanış olmağı və Naxçıvanın ən ali orqanının saytını ona uyğun hazırlamağı təklif edirik. Cənablar, kabinetdə rahat kresloda oturub yırğalanmaq yox, işləmək lazımdır. Budurmu sizin fəaliyyətiniz, rəhbərinizə sədaqətiniz. Budurmu sizin Naxçıvanı təbliğ etməyiniz. Naxçıvanı belə "qürurla paylaşırsınız?" Üzlü sayın, incisəniz də bunu deməliyik. Bütün bunlar sizin yarıtmaz fəaliyyətinizin nəticəsidir.
Naxçıvanın digər dövlət orqanlarının da internet saytlarına nəzər saldıq. Ədalət naminə deyək ki, mükəmməl formada hazırlanan, daim yenilənən saytlar da az deyil. Bunlara misal olaraq, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Kənd Təsərrüfatı, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Gömrük, Dövlət Statistika komitələrinin saytlarını göstərə bilərik.
Təəssüf ki, bu sözləri Naxçıvanın Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytları barədə deyə bilmirik. Görünür, bu orqanların rəhbərləri Ali Məcisin saytına baxıblar, saytlarını da ona uyğun hazırladıblar. Yəni onlar üçün nümunə Ali Məclis olub. Bu orqanların rəhbərlərini qınamırıq. Nə etsinlər, ümumi qaydalardan kənara çıxıb başlarını ağrıtsınlar? Naxçıvanın ən vacib orqanlarından biri olan Səhiyyə Nazirliyinin saytı isə ümumiyyətlə işləmir.
Heç Naxçıvanın kütləvi informasiya vasitələri də muxtar respublikanı əməlli başlı təbliğ edə bilmir. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bir “Nuhçıxan” informasiya agentliyi var. Bir neçə gün bu agentliyi izlədik. Agentliyin saytında təkcə dünən yerləşdirilən 34 xəbərin cəmi 6-sı Naxçıvan barədədir. O da rəsmi məlumatlardır. Digər günlər də belədir. Gün ərzində Naxçıvan barədə 5-6 informasiya yerləşdirilir. Əgər AZƏRTAC-ın, digər informasiya agentliklərinin xəbərləri veriləcəksə, naxçıvanlılar o xəbərləri həmin saytların özündən də oxuyur. O zaman bu agentliyin saxlanması üçün niyə vəsait ayrılır? Bu agentlik Naxçıvanı təbliğ etməyəcəksə, nəyə lazımdır?
Naxçıvan Azərbaycanın strateji bölgəsidir. Muxtar respublikanı həm inkişaf etdirib möhkəmləndirməli, həm qorumalı, həm də təbliğ etməliyik. Amma belə yox.
tns.az
Paylaş: