Xəbər lenti

Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının üstünün açılması ilə bağlı yeni təfərrüat məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, bu terror aktını İran xüsusi xidmət orqanlarının Azərbaycandakı terrorçu şəbəkəsi hazırlayıb və reallaşdırıb: hücum gizlin, konspirativ şəkildə hazırlanıb və həyata keçirilib. Cinayət yeri xüsusi seçilib. Məsələ burasındadır ki, ərazi kor zona olub, yəni hadisə yeri kameraların əhatə dairəsindən kənarda yerləşib.

Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə səyləri ilə əməliyyat planı hazırlanıb, terrorun sifarişçisinin və icraçılarının müəyyənləşdirilməsi və həbs olunması üçün gecə-gündüz gərgin iş aparılıb.

Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən ediliblər. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan dörd nəfər tutulub.

İran tərəfi hesab edirdi ki, Azərbaycanın hüquq-mühafizə orqanları cinayətkarların izinə düşə və onları zərərsizləşdirə bilməyəcək. Görünür, onlar digər ölkələrdə reallaşdırdıqları terror aktlarını Azərbaycanda da uğurla həyata keçirəcəklərinə əmin olublar. Nəzərə almaq lazımdır ki, İran indiyə kimi digər ölkələrdə də oxşar terror aktları həyata keçirib və onların bir çoxunun üstü hələ də tam açılmayıb. Lakin İran xüsusi xidmət orqanları Azərbaycan hüquq-mühafizə orqanlarının, polisin peşəkarlığını, əzmini nəzərə almayıblar.

Beləliklə, Tehranın Bakıya vermək istədiyi ismarış puça çıxdı, həyata keçirmək istədiyi niyyəti ifşa oldu.

Bu günlərdə İran Xarici İşlər Nazirliyi Azərbaycana nota vermişdi. Biz qarşı tərəfə cavab notası verdik. İran başa düşməlidir ki, Prezident İlham Əliyevin dediyi kimi, kimsə bizimlə təhdid dilində danışa bilməz. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.




Ana səhifəyə qayıt        Baxış: 3 677          Tarix: 4-04-2023, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma