Xəbər lenti

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvanda xarici diplomatların və hərbi attaşelərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, o cümlədən onun fəaliyyətinin Naxçıvan mərhələsindən, ümummilli liderin Azərbaycan xalqının rifahı, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və davamlı inkişafı istiqamətində yorulmaz fəaliyyətindən danışıblar.

Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasında, dövlətimizin müstəqil xarici siyasət strategiyasının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin xarici siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni hədəflərə istiqamətlənir.

Diqqətə çatdırılıb ki, ömrünü Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Heydər Əliyev Vətən və xalq qarşısında müstəsna xidmətlər göstərib, ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm işlər görüb.

Eyni zamanda, ümummilli liderin həyat və fəaliyyətinin örnək olduğu qeyd edilib, onun zəngin irsinin öyrənilməsinin, təbliğinin və gələcək nəsillərə çatdırılmasının önəmi vurğulanıb.

Həmçinin bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti və dekonstruktiv mövqeyi səbəbindən Naxçıvan Muxtar Respublikası 30 ilə yaxın müddətdə blokada şəraitində qalıb. Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması ilə həm blokadaya son qoyulacaq, həm də muxtar respublika özünün tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına töhfə verəcək.

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin simfonik orkestri konsert proqramı ilə çıxış edib.




Ana səhifəyə qayıt        Baxış: 4 162          Tarix: 6-05-2023, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma