“İlin sonuna qədər Laçın şəhərinə 700 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır”.
Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O qeyd edib ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən 22 ailənin, 72 məcburi köçkünün köçürülməsi həyata keçirilir:
“Bu gün Ali Baş Komandanın tapşırığına əsasən, Laçın şəhərində yenidən bərpa edilən evlərə növbəti köç karvanı yola düşəcək. Bu mərhələdə 22 məcburi köçkün ailəsinin, 72 nəfərin köçürülməsi planlaşdırılır. İlin sonuna qədər 700 ailə Laçın şəhərinə köçürüləcək. Ümumilikdə isə ilin sonuna qədər 2 min ailənin, 10 min məcburi köçkünün Qarabağ iqtisadi rayonuna köçürülməsi həyata keçiriləcək. Qarabağa köçürülən məcburi köçkünlərin məşğulluq məsələləri aidiyyəti qurumların, özəl təşkilatların birgə fəaliyyəti nəticəsində təmin ediləcək.
Məcburi köçkünlərin məskunlaşdırılması 2030-cu ilə qədər həyata keçiləcək 5 ən iri prioritetlərdən biridir”.
Paylaş: