“Mehman Əliyev Azərbaycan mətbuatının inkişafında xidmətləri olan şəxslərdən biridir. Onun fərqli mövqeyi, etiraz doğuran çıxışları cəmiyyətə yaxşı tanışdır. Mehman Əliyevin bir insan, jurnalist kimi istintaq cəlb edilməsi hər birimizdə təəssüf hissi doğurub. Amma digər tərəfdən bilmək lazımdır ki, qanun qarşısında hər kəs bərabərdir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsinə münasibət bildirərkən deyib.
YAP rəsmisi bildirib ki, dövlət üçün hər bir şəxsin vətəndaşlıq borcunu yetirməsi çox vacibdir.
“Bunların içərisində isə vergi öhdəliyi əsas məsələlərdən biri sayılır. Belə məlum olur ki, Mehman Əliyev rəhbərlik etdiyi təşkilatdan əldə etdiyi gəlirlərini dövlətdən gizlədib. Dövlətə veriləsi vergini vaxtında ödəməyib.
Əgər hər bir Mehman Əliyev vergisini gizlətsə, onda bu dövlət nə ilə yaşayar? Silahlı Qüvvələrimiz, hüquq-mühafizə orqanlarımız, səhiyyəmiz, məktəblərimiz nə ilə fəaliyyət göstərər? Biz hesab edirik ki, vergini başqaları ödəməli, amma kimsə bunu gizlədib özünün demokratik fikirləri arxasında durmağa çalışmalıdır. İnsanın hansı əqidədə, fikirdə olmasından asılı olmayaraq onun birinci göstəricisi dövlət qarşısında olan öhdəliklərini yerinə yetirməsidir. Mehman Əliyev yaxşı jurnalistdir. Amma belə görünür ki, yaxşı vergi ödəyicisi olmadığına görə qanun qarşısında cavab verməlidir. Mən onun qapısının tez açılmasını və bu məsələnin onun özü tərəfindən həll edilməsini istəyərdim”.
Vergilər Nazirliyinin məlumatına görə, istintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Qanunun tələblərini pozub.
2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.
M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Paylaş: