Xəbər lenti

 

Əvvəli burada: http://ovqat.com/manset2/14778-o-lyas-smaylovu-pul-kissin-dyidirdi.html )

Taleh Şahsuvarlı

“Rasim Musabəyovun canfəşanlıq etməsi insanda ürəkbulandırması qaldırır”- 2013-cü ilin prezident seçkiləri ərəfəsində belə bir cümlə ilə sözə başlayaraq Aslan İsmayılov deputat Rasim Musabəyovu hədəfə alır. O, açıqlamasında Rasim Musabəyovun vaxtilə “KQB”-nin sədri olmuş Vaqif Hüseynova qulluq etdiyini və onun ən fəal köməkçisi olduğunu iddia edir, ardınca millət vəkilinə qarşı bir sıra itihamlar sadalayır. Tanıyanlar bilir ki, Rasim Musabəyov kifayət qədər aristokrat insandır, Aslan İsmayılovun istifadə etdiyi lüğət tərkibi isə alicənablığa tamamilə zidd olan keyfiyyət göstəriciləridir. Lakin Rasim Musabəyov Aslan İsmayılova öz kübarlığını qoruyaraq ağayana cavab verir: “Sənin məndən xoşun gəlməyə bilər (bu qarşılıqlıdır), lakin bu əsas vermir ki, mənim barəmdə üç cümlədə dörd yalan yayasan”.

Rasim Musabəyovun açıqlaması hazırda da xəbər portallarında qalmaqdadır və bu məsələ ilə bağlı xüsusi maraqlananlar həmin deməci özləri də tapıb oxuya bilərlər. Lakin hörmətli deputatın açıqlamasının bu məqamı xüsusi ilə maraqlıdır: “Mən heç vaxt Vaqif Hüseynovun köməkçisi olmamışam. Uzaq 1974-76 illərdə, Vaqif Hüseynov Azərbaycan komsomolunun 1-ci katibi olanda mən tələbə-gənclər şöbəsinə rəhbərlik etmişəm. Moskvada Mərkəzi Komitənin aparatında çalışdığım dövrdə də onun tabeçiliyində olmamışam. 1981-ci ildə Vaqif Hüseynov Bakıda şəhər Partiya Komitəsinin 1-ci katibi təyin olanda məni yanına işə dəvət etsə də, onun təklifini qəbul etmədim və Moskvada qaldım. 1990-cı illərdə vətənə dönəndən sonra mənim Vaqif Hüseynovla nə xidməti, nə də ki şəxsi münasibətim olmayıb. O, öz memuarlarında bizim heç də yaxşı münasibətlərimiz olmadığı barədə yazıb. Dediklərimə əmin olmaq istəsən “Wikipedia”da olan bioqrafiyalarımıza və Vaqif Hüseynovun memuarlarına müraciət edə bilərsən”.

Modern.az saytında yayınlanan həmin açıqlamada Rasim Musabəyov Aslan İsmayılova şayiələrə deyil, faktlara söykənməsini məsləhət görüb:

“Axı sən özünü az qala Azərbaycanın bir nömrəli hüquqşünası hesab edirsən. Belədirsə, şayiələrə yox, faktlara söykənməlisən. Hər halda, nəyisə iddia etməmişdən əvvəl bu və ya digər məlumatların gerçək olduğunu yoxlamaq lazımdır. Ona görə də, zəhmət çək, söylədiklərini mənim qeydlərimlə müqayisə et- mənbələr üzrə yoxlama da apara bilərsən. Əgər peşəkarlığın qalıbsa, onda cəsarət tapıb təkzib verərsən. Ölkədə gedən siyasi proseslər və onun iştirakçıları olan siyasətçilər haqqında fikir bildirmək mənim öz işimdir. Səndən fərqli olaraq mən heç vaxt kiminsə haqqında yalan və şayiə yaymamışam, birbaşa və əsaslandırılmış fikir səsləndirmişəm”.

Elə həmin ilin sonlarında Azərbaycanda dəhşətli bir hadisə baş verdi. II qrup Qarabağ əlili Zaur Həsənov özünü yandırdı. İşin içindən isə yenə Aslan İsmayılov çıxdı. Onun var-dövlət hərisliyi uzun müddət gündəmdən düşməyən faciəvi bir olaya rəvac vermişdi. Gəlin, olayın təfərrüatını Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin dilindən eşidək:

“Kurort” Səhmdar Cəmiyyəti bizə müraciət etmişdi. Onların bildirdiyinə görə, Zaur Həsənov da daxil olmaqla, 7-8 nəfər həmin ərazidə müəyyən yerləri zəbt edib. Bələdiyyənin qeyri-qanuni razılığı ilə həmin adamlar Konfederasiyaya məxsus olan ərazilərdə qanunsuz evlər və sahil kənarında yeməkxanalar tikiblər. Konfederasiya da məsələni qanun çərçivəsində həll etməyə qərar verdi. Biz həmin torpaqları qanunsuz olaraq ayrı-ayrı şəxslərə payladığına görə, bələdiyyəni məhkəməyə verdik. Məhkəmədə o əraziləri tutmuş şəxslər üçüncü tərəf kimi tanındılar. Məhkəmə prosesi müddətində həmin adamların bir çoxu qanunsuz iş tutduqlarını anladılar və mal-mülklərini söküb apardılar. Amma Zaur Həsənov israr elədi və prosesin sonunda məhkəmə onun tikdiyi obyektin sökülməsinə qərar verdi. Məhkəmə icraçıları da həmin qərarı icra etdilər. Burda Konfederasiya ilə bağlı hər hansı müdaxilə yoxdur”.

Səttar Mehbalıyev Zaur Həsənovun radikal davranmasında hüquqşünas Aslan İsmayılovu ittiham edib: “Çünki Aslan İsmayılovun özü də həmin ərazidə müəyyən sahəni zəbt edib. Aslan İsmayılov elə dünən mənim yanıma gələrək, özünün məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan xahiş etməyimi istədi. Mən də ona dedim ki, belə işlərlə məşğul olmuram, bu məsələlər mənim səlahiyyətimə aid deyil. O da mənə dedi ki, məsələni onun xeyrinə həll etməsəm, gedim qəzetlərə mənim əleyhimə müsahibə verəcək. Bu gün baxıram ki, doğrudan da mənim əleyhimə müsahibə verib. Bu adamlar şəxsi məqsədləri üçün çalışırlar. Elə Zaur Həsənovu da radikallaşdıran məhz Aslan İsmayılov olub. Dünən də gəlib məni şantaj etmək istədi, lakin alınmadı”.

Aslan İsmayılov APA-ya açıqlamasında S.Mehbalıyevlə görüşdüyünü təsdiqləmişdi: “Həmkarlar Konfederasiyası ilə aramda məhkəmə çəkişməsi olub və bu işi onlar qazanıb. Buna baxmayaraq, Səttar Mehbalıyev əlində məhkəmə qərarı olsa da, mənimlə barışıq elədi, hətta sökdürdüyü hasarımı da bərpa etməyimə mane olmadı”.

Zira, elə həmin gün Aslan İsmayılov öz minnətdarlıq üslubunu kəskin şəkildə dəyişir və özünə haqq qazandırmaq üçün “od püskürməyə” başlayır, onunla bağlı bütün məhkəmələri Səttar Mehbalıyevin Ali məhkəmənin sədri Ramiz Rzayevin köməkliyi ilə udduğunu bəyan edir. Sözlərinin sonunda Aslan İsmayılov Ramiz Rzayevin və Səttar Mehbaliyevin vəzifəsindən azad edilməsi üçün prezidentə çağırış da edir. Lakin qəzəbi zilə qalxmış hüquqşünas unudur ki, Həmkarlar İttifaqı Konfederasiyasının sədri dövlət başçısı tərəfindən təyin olunmur, seçkili vəzifədir.

Məlum olduğu kimi, bu ilin oktyabr ayında Aslan İsmayılova qarşı cinayət işi açılıb. Bu barədə ilk məlumatı “Azpolitika.az” saytı yaymış, Aslan İsmayılov isə portalı böhtançılıqda suçlamışdı. Bir neçə gün sonra isə əvvəlcə Aslan İsmayılov, ardınca da Bakı şəhər Baş Polis İdarəsi açıqlama yaymışdı. BŞBPİ-nin açıqlamasında deyilirdi:

“Bu il oktyabrın 2-də səhər saatlarında Binəqədi rayon Məhkəməsinin inzibati binasında Bakı şəhər sakini H. Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərarına vəkil Aslan İsmayılov iclas zalında yüksək tonla etiraz edib, yalnız hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərib, bu da alınmadıqda üzünə bağlanmış qapıya əli ilə zərbələr endirib”.

“Başqa vaxt qanunların aliliyindən danışan, hüquqlarını qoruduğu vətəndaşlara örnək olmalı olan bu şəxs qanunsuz hərəkətlərini məhkəmənin həyətində də davam etdirib, işə baxan hakimin və məhkəmə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr söyləyib”, - deyə məlumatda bildirilirdi.

Məlumatda həmçinin qeyd olunurdu ki, Aslan İsmayılovun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, məhkəmənin iş rejimini pozan xuliqanlıq hərəkətləri barədə Binəqədi rayon Məhkəməsinin işçiləri tərəfindən müvafiq akt tərtib olunaraq, hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib. Toplanmış materiallar əsasında prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib. İstintaq zamanı A.İsmayılov və şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, ekspertizalar təyin olunmaqla müvafiq rəylər alınıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

Bu olaydan sonra Aslan İsmayılov Ədliyyə naziri Fikrət Məmmədova qarşı qaralama kampaniyasını genişləndirir. O, haqqında cinayət işi açılmasını Ədliyyə nazirinin sifarişi adlandırır. Ədliyyə nazirinin əleyhinə başladığı müsahibədə isə sözü hərləyib-fırlayıb prezidentliyə iddiaçı olmadığına gətirir və söz arası eşitdirir ki, əgər o prezidentliyə namizəd olarsa, heç kim onun qarşısında dayana bilməz. Bu mövqeyini o, belə əsaslandırır: “İNDİYƏ QƏDƏR NƏ İQTİDAR, NƏ DƏ MÜXALİFƏT ƏSL SİYASİ LİDERİN NECƏ OLMAĞINI GÖSTƏRƏ BİLMƏYİB”.

Aslan İsmayılovun “qara PR” makinasının hədəfi təkcə siyasətçilər, məmurlar, deputatlar,  qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər deyil, həm də akademiklər, intelligentsiyanın tanınmış simalarıdır. Onun Milli Onkologiya Mərkəzi və həmin mərkəzin direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Cəmil Əliyevə qarşı “xüsusi cəbhə” açmasının arxasında da həmişə olduğu kimi öz maddi maraqlarını şantajla təmin etmək və populizm elementləri dayanır.  Budur, Aslan İsmayılovun Milli Onkologiya Mərkəzini necə və niyə gündəmə gətirməsini tanınmış jurnalist Eynulla Fətullayev belə təsvir edir:

“Bizim son zamanlar daha çox köməksiz onkoloji xəstəni xatırladan cəmiyyətimizdə Aslan İsmaylov adlı tənqidçi-hüquqşünas yaşayıb çiçəklənməkdədir. Bu dəfə onun soyadında bilərəkdən səhv etdim. Əlbəttə, o yenə zəng edərək “y” hərfindən sonra ı“ hərfinin yazılmalı olduğunu bildirəcək. Bu insanda məni hər zaman həddini aşan eqosentrikliyə qədər gəlib çıxan xəstə özünə vurğunluq heyran edib. Dünyamıza hələ də özünün fövqəltəbiiliyinə inanan insanlar gəlməkdədir. Onlar təbiətin cazibə qüvvəsinin tam mərkəzidir. Bu mərəzi Anton Çexov özünün unudulmaz “Qara rahib” əsərində qələmə alıb”.

Bəli, Eynulla Fətullayev akademik Cəmil Əliyevlə müsahibəsinin girişində Aslan İsmayılovu “qara rahib” adlandırır və onun Milli Onkologiya Mərkəzindən daha çox həmin səhiyyə ocağının direktoruna püskürdüyü nifrətin pul qoxusu yaydığına işarə vururdu. Akademik Cəmil Əliyevin müsahibəsinin yayınlanmasından dərhal sonra Aslan İsmayılov əlüstü bir video-müraciət hazırlayır və bu çıxışında bəzən açıq, bəzən də dolayı yollarla hakim elitaya, hüquq-mühafizə orqanlarına, səhiyyə sisteminin inkişafına yönəlmiş önəmli layihələrə hədyanlar yağdırır, özü haqqında miflər uydurmağa davam edir: “Bilirsiniz ki, Milli Onkologiya Mərkəzilə (MOM) bağlı çoxsaylı yazılarımda, video müraciətlərimdə bir dəfə də olsun akademik Cəmil Əliyevin adını çəkməmişəm. Birinci növbədə ona görə ki, MOM-da baş verən biabırçılıqların hamısından onun məlumatlı olduğunu dəqiq bilməmişəm. İkincisi, akademik Cəmil Əliyevin kim olduğunu bildiyimdən ehtiyatlı davranmışam”-deyən hüquqşunas qorxusunun səbəbinə isə belə aydınlıq gətirir:

“Əminəm ki, bütün varlıqları ilə həbsimi arzulayanlar bu yazını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin stolunun üstünə qoyub bunları deyəcəklər: "Cənab Prezident, Aslan İsmayılov ünvanımıza şər-böhtan yağdırmaqla kifayətlənməyib artıq Sizin qohumunuz, hörmətli akademik Cəmil Əliyevə də şər-böhtan atır. Bu, artıq bütün hədləri aşıb, icazə verin onun həbsini reallaşdıraq”.

Fikir verin: bir nəfər ölkədə səhiyyə sisteminin yenidən qurulması, tibb ocaqlarının müasirləşməsi, dünya standartlarına çatdırılması üçün çəkilən zəhmətə və xərclərə kölgə salmaq üçün aylarla “qara PR” kampaniyası aparır, əleyhinə kampaniya aparan qurumun rəhbəri kütləvi informasiya vasitələrinə müsahibə verərək həmin bir nəfərin heç adını da çəkmədən, onunla polemikaya girmədən Milli Onkologiya Mərkəzində yaradılmış nümunəvi maddi-texniki və xidmət şəraitindən bəhs edir, jurnalistə çəkiliş aparması, xəstələrlə sərbəst ünsiyyət qura bilməsi üçün bütün imkanları yaradır, lakin Aslan İsmayılov akademik Cəmil Əliyevin müsahibə verməsini “onun həbs edilməsi üçün əsaslar yaratmaq cəhdi” kimi təqdim edir. Bu, təkcə yüksək elmi titullara, vətən qarşısındakı xidmətlərə və milli-mənəvi dəyərlərimizdən qaynaqlanan ağsaqqallıq anlayışına sayğısızlıq göstərilməsi ilə ifadə olunan əxlaq pozğunluğu deyil, həm də şəxsiyyət naqisliyidir.

Türkiyənin Yedikule Neyro-Psixiatrik Mərkəzinin saytında yazılır: “Rastınıza narsisist bir xarakter çıxıbsa, həyatınızın ən çətin təcrübələrindən birini yaşamaqla üz-üzəsiniz. Böyüklük duyğuları içərisində, empatiyadan uzaq, özünə yönəlmiş dəyərləndirmə və tənqidləri əndazəni aşan həssaslıqla qarşılayan narsistlə mükalimə səbrinizi əməlli-başlı daşıracaq. Qarşısındakı adamlardan istifadə etməyə və öz mənfəətlərı üçün çalışmağa meyilli olan narsisist fərdlərlə üz-üzə gəlmisinizsə, nə istədiyinizi bilməniz, qərarlı və ardıcıl olmağınız, onun sizin sərhədlərinizi keçməsinə imkan verməməyiniz gərəkdir. Mənfəətlərini təmin etmək üçün hər cür hiyləyə və yalana əl atırlar”.

Bildiyim qədər, “Xəmsə” restoranlar şəbəkəsinin sahibi, iş adamı Mürvət Həsənli ixtisasca psixiatr, ümumiyyətlə həkim deyil, ancaq obrazlı desək, Aslan İsmayılovun iynəsini son dərəcə peşəkarlıqla vurdu. Uğurlu bir iş adamı olmağın yolu həyatı, insanları tanımaqdan keçir və Mürvət Həsənli Aslan İsmayılovun təhdid, böhtan və şantajları qarşısında ona görə təpərlə dayana, üstəlik onun özünü ifşa edə bildi ki, qarşısındakının narsisist mahiyyətinin fərqinə vaxtında vardı. Çünki psixiatrlar da məsləhət görür ki, bir insanın hər hansı narsisisti özünün haqlı olduğuna inandırmağa çalışması bataqlıqdan qurtulmaq istəyən birinin çabalaması kimi yararsızdır. Onun əvəzinə, qarşısına narsisist çıxmış fərdin haqlı olduğu mövzularda düşüncələrini ifadə etməsi və ruhdan düşməməsi, qərarlı olması vacibdir. Mürvət Həsənli də məhz bu üsulu seçdi. Aslan İsmaylovun illərlə məhkəmə salonlarından daha çox cəmiyyət önündə və ya ofislərdə, restoranlarda şantaj edərək pullarını ələ keçirdiyi iş adamlardan fərqli olaraq Mürvət Həsənli haqlı olduğunu cəmiyyətə açıq mesajlar verərək nümayiş etdirməyi üstün tutdu, şərəf və ləyaqətini hakim qarşısında da müdafiə edərək Aslan İsmayılovun ona böhtan atdığını məhkəmə qətnaməsi ilə təsdiqlətdirdi. Məhkəmə həmçinin Mürvət Həsənliyə şər və böhtan atdığı üçün Aslan İsmayılovun simvolik məbləğdə təzminat ödəməsini də qət edib.

Mürvət Həsənliyə qarşı Aslan İsmayılovun şantaj və böhtan makinasını işə salmasının səbəbləri hamıya məlum olduğundan bunun üzərində çox dayanmağa lüzum yoxdur. Lakin məsələnin məğzinə qısaca bir nəzər salmaqda fayda var. Türkiyədə hələ 1996-cı ildə qeydiyyatdan keçmiş “Emre Piliç” adlı şirkət uzun müddət Azərbaycandakı quşçuluq müəssisələrinə damazlıq yumurta və cücə satıb. “Emre Piliç”in Azərbaycandakı nümayəndəsi Mürvət Həsənliyə məxsus “Xəmsə-M” MMC şirkəti olub. İki il öncə Mürvət Həsənli Virtualaz.org və digər saytlarda yayınlanan jurnalist araşdırmalarından sonra “Emre Piliç”in sahibləri arasında Arto Sevan Oksayan və Andranik Raffi Bozaçıyan adlı iki erməninin olmasından xəbər tutub, bu barədə dəqiqləşdirmə aparıb, adı çəkilən ermənilərin Türkiyədəki şirkətdə 30 faiz paya sahib olmasına şübhəsi qalmayıb. Məhz bu araşdırmalar kütləvi informasiya vasitələrində tirajlanandan sonra həm o, həm də bir çox quşçuluq təsərrüfatlarının rəhbərləri “Emre Piliç”lə əməkdaşlıqlarını dayandırıblar.

“Emre Piliç”in Azərbaycandakı müştəriləri arasında “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti olub və bu şirkət də səhmdarları arasında ermənilərin üzə çıxmasından sonra onlarla əməkdaşlığı dayandırıb. Bundan sonra “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” “Siyəzən Broyler” ASC-nə qarşı borc iddiası qaldırıb və məhkəmədə məlum olub ki, Azərbaycan broylerləri heç də ermənilərin 30 faiz səhmə sahib olduğu Türkiyə şirkətinə borclu deyillər. “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə satdığı damazlıq yumurtaların pulları alıcı tərəfindən Mürvət Həsənliyə verilib. Aslan İsmayılovun sözlərinə görə, “Siyəzən Broyler” ASC tərəfindən Mürvət Həsənliyə verilən 3,8 milyon ABŞ dollarından 2,1 milyon ABŞ dolları məbləğində vəsait Mürvət Həsənli tərəfindən “Emre Piliç”ə ödənilib, yerdə qalan 1,7 milyon ABŞ dolları isə verilməyib.

Aslan İsmayılov bu məbləği gah sürəkli endirimlər edərək azaltdığından, gah da üstünə qoyub şişirtdiyindən, başqa sözlə, müxtəlif xəbər portallarına müxtəlif rəqəmlər söylədiyindən vəsaitin dəqiq həcmini müəyyənləşdirmək mümkün deyil. Bütün hallarda fakt budur ki, bir milyon ABŞ dollarından çox paranın Mürvət Həsənlidən alınıb ermənilərin ortaq olduğu şirkətə ödənilməsi üçün Aslan İsmayılova məxsus “Viza” Hüquq Firması hərəkətə keçib, soydaşımıza qarşı məhkəmə və hüquq-mühafizə orqanları qarşısında iddialar qaldırıb, şikayətlər verib. Mediyada yer alan xəbərlərə görə, Aslan İsmayılovun bu iş üçün yarımerməni şirkətindən ən azı 200 min dollar muzd alıb. Aldığı muzdun qarşısında şirkətə verdiyi vədləri hüquq müstəvisində gerçəkləşdirə bilmədiyindən də Mürvət Həsənliyə qarşı ənənəvi və yeni mediya hücuma keçib. Lakin Aslan İsmayılovun təhqirlərinin çərçivəsi təkcə Mürvət Həsənlinin şəxsiyyətini əhatə etməyib, bütün Qərbi Azərbaycan torpaqlarında doğulmuş soydaşlarımızı hissiyatına toxunacaq dərəcədə genişləndirilib. “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”- bu sual Aslan İsmayılovun təşkil etdiyi mətbuat konfransında nə az, nə çox düz üç dəfə, dönə-dönə səsləndirilib.

Mürvət Həsənli isə ilk başdan bu mübahisənin məhkəmədə həll olunmasında maraqlı olduğunu vurğulayıb. Onun müsahibəsindən: “Mən əvvəldən istəmişəm ki, bizim məsələ məhkəmə müstəvisində öz həllini tapsın. Prinsipcə, hüquqşunas Aslan bəy də bu məsələdə maraqlı olmalıdır. Nə yazıq ki, bu adam vəkillik etdiyi bütün işləri mətbuata çıxarmaqdan xoşlanır. Bununla bir növ, məhkəməyə təzyiq edir. Əslində məhkəməni ədalətli qərar çıxarmaqdan çəkindirən bu addım hüquqən də qadağandır. Aslan İsmayılov isə hüquqa hörmət eləmir. Yadınızdadırsa, o, müsahibələrinin birində “məni, cəhənnəmə, məhkəməyə versinlər” demişdi. Bu fakt da Aslan İsmayılovun hüquqa, məhkəməyə verdiyi qiyməti təzahür etdirir. İndi belə bir vəkilin qanunların ruhuna hörmətsizlik edərək, məhkəməyə təzyiqlə istədiyinə nail olmağa çalışması gözlənilməz deyil. O, ümumiyyətlə bu metodlardan vaxtaşırı istifadə edir”.

Aslan İsmayılovun Mürvət Həsənliyə qarşı istifadə etdiyi metodlardan biri də video-montaj olub. Ömür Oralla birgə keçirdiyi mətbuat konfransında o, Mürvət Həsənlinin əleyhinə “video süjet” nümayiş etdirib və eynilə bir zamanlar qahmar çıxdığı Elşad Abdullayev kimi kadrları montaj etməyi, qayçılamağı da unutmayıb. Mürvət Həsənli bu barədə deyir: “O videonu Aslan İsmayılov “qayçılayıb”, özünə və müvəkkilinə sərf edən kadrları saxlayıb. Həmin videonun əvvəlində mən Ömür Oralın mənə, mənim Ömür Orala qarşılıqlı borcumuzun olduğunu demişəm. Aslan İsmayılov isə Oraldan alacağı 200 min dollara görə çəkilişin əvvəlini montaj etdiyindən, həmin hissə görünmür”.

Mürvət Həsənli hesab edir ki, “Emre Piliç” adlı yarımerməni şirkətinə heç bir borcu yoxdur, əksinə həmin şirkətin ona külli miqdarda verəcəyi var. Bununla bağlı Mürvət Həsənli məhkəmə qarşısında məsələ qaldırıb: “Ömür Oral müqavilədəki boşluqdan istifadə edib məndən almadığım yumurtaların pulunu istəyir. Mən isə ondan aramızdakı razılaşmaya əsaslanan alış-verişin bütün hesabatını tələb edirəm”.

Mən nə müstəntiq, nə də hakim olmadığımdan qarşılıqlı borc iddiaları ilə bağlı məsələni yazımda bundan artıq uzatmaq istəmirəm. Ümid edirəm ki, bu məsələyə Azərbaycan Respublikası adından məhkəmə aydınlıq gətirəcək, çıxarılan qətnamə isə mütləq yerinə yetiriləcək. Hüquq bunu tələb edir. Hüquqşünas olmadığımdan bir sualın da cavabını dəqiq bilmirəm: Azərbaycanda qanunvericiliyin dəyişməsindən sonra məhkəmələrdə nümayəndələr vasitəsi ilə müdafiə olunmaq yasaqlanıb. Aslan İsmayılova məxsus hüquq firmasının saytında isə onun komandasına daxil olan hüquqşünaslar olaraq göstərilənlər arasında Vəkillər Kollegiyasına üzv olan heç bir nəfər də yoxdur. Hər halda təqdim olunan komandanın üzvlərinin anket məlumatlarında bu barədə qeydə rast gəlmək olmur. Belədə, görəsən bundan sonra Aslan İsmayılov yarımerməni şirkətini necə müdafiə edəcək? Əgər həmin şirkət tamamlanmayan müdafiə qarşısında “Viza” hüquq şirkətinə verdiyi paraları geri istəyərsə, Aslan İsmayılov onu qəpiyinəcən qaytaracaqmı? Zənn etmirəm! Çünki Aslan İsmayılov tornaçılıqdan zurnaçılığa uzanan ömür yolunda hamıdan və hər şeydən keçər, amma paradan əsla!!!

İndi isə bu kontent-analiz silsiləsi “Azpolitika” saytında yayınlandıqdan sonra rəy bölümündə müxtəlif adlarla özünü “xalqın qeyrətli oğlu olduğunu” kimi təqdim edən Aslan İsmayılova, onu müdafiə edən Ermənistan kəşfiyyatının trollarına inananlara (əgər varsa) bir foto-sübut təqdim edirəm. Bu, Aslan İsmayılovun erməni Arto Sevan Oksayandan onun hüquqlarını müdafiə etmək üçün aldığı etibarnamədir. Sumqayıt hadisələrində azərbaycanlılara ölüm hökmü çıxarmış Aslan İsmayılovun oksayanlardan etibarnamə alması şəxsən mənim üçün təəccüblü deyil. Bu onun xisləti və öhdəliyidir. Oksayana xidmət edən Aslan İsmayılovu “xalqın qeyrətli oğlu” ancaq və ancaq elə Oskayanla eyni millətə mənsub adamlar- yəni Ermənistan kəşfiyyatının trolları adlandıra bilər. Buna da əminəm. Əgər aranızda az da olsa həmin trolların küyünə gedənlər varsa, bu fotoya diqqətlə baxın və özünüzə bircə sual verin: Sizin qeyrətiniz bir ermənidən etibarnamə almağı götürürmi?

  

(Ardı var)




Ana səhifəyə qayıt        Baxış: 1 979          Tarix: 17-12-2017, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma