Xəbər lenti
Dünən, 19:25

  

 Sərdar Əliyev

Prokurorluğun keçmiş əməkdaşı

 

Tanrı Azərbaycanımıza hər cür maddi və mənəvi sərvətlər vermişdir. İnsanlarımız bu nemətlərdən həmişə bəhrələnmiş, təbiətimizin ecazkar gözəllikləri, adət-ənənələrimiz, musiqimiz, sənət əsərlərimiz bizlər üçün mənəvi həzz mənbəyi olmuşdur.

Ayrı-ayrı zamanlarda, mənəvi-əxlaqi dünyamız, xalqımızın ruhuna uyğun şəkildə cilalanmış, kökümüzə bağlılıq telləri qorunub saxlanılmışdır.

Hər bir şəxsin, ailənin, dövlətin mənəvi zənginliyə ehtiyacı vardır. Məncə, inkişaf da, intibah da mənəviyyatın bətnində yaranır. Mənəvi zənginlik əvəzolunmaz sərvətdir.

Dövlətimizi sevmək, ədalətin, insan haqqlarının bərqərar olması uğrunda çalışmaq və bu kimi amallar, mənəvi zənginliyimizin əsasını təşkil etməklə, ulularımızdan əmanət qalmışdır. Bizlər bu xəzinəni bu gün də,sabah da qoruyub saxlamalıyıq. Zənnimcə, dövlətimizi, xalqımızı firavan görmək istəyənlər bu cür düşüncələrə sadiq qalmalıdırlar.

Yadımdadır, Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyə başladığı ilk vaxtlardan “Qoy ədalət zəfər çalsın!” kəlamı ilə müraciət etməsi cəmiyyətin mənəvi dünya görüşündə yeni mərhələ açdı. O vaxtlar ədalətin zəfəri hüquq mühafizə orqanları əməkdaşlarının fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Qanunların düzgün, dəqiq icrasına nəzarət var idi. Onlara hörmətlə yanaşmaq hamıdan tələb olunurdu.

Keçmişdən pafosla danışmaq bəzən yaxşı qarşılanmır. Bəlkə də deyəcəklərim mənim üçün xoş xatirələrdir. Amma onlar içi həqiqətlərlə dolu xatirələrdir.

Hüquq mühafizə orqanlarında fəaliyyətə başladığım 1969-cu il və sonrakı dövrlərdə biz gənclər belə başa düşürdük ki, haqqı, ədaləti qorumaq nəinki fəaliyyətimizin, həm də mənəvi dünyamızın əsas göstəricisidir.

Bu orqanlarda işləyənləri bəzən qanun keşikçiləri adlandırırdılar. Qanunların keşiyində durmaq həvəsi, məsuliyyəti isə içimizdən gəlirdi.

Rəhbərlərimizin nümunəvi davranışını, insanlara münasibətini, qayğısını görüb, əməllərimizdə onlar kimi olmağa çalışırdıq. Bu insanlar sadə, müdrik, təmənnasız, necə deyərlər dünya görmüş KİŞİLƏR idi. Biz cavanlar heyranlıqla onlara baxıb,öyrənirdik.

Bu gün, böyük razılıq hissi ilə xatırlayıram ki, keçmiş Ədliyyə naziri Eyvaz Məmmədov, nazir müavini Sabir Qasımov, Respublika prokurorları Abbas Zamanov, İlyas İsmayılov və başqalarının rəhbər olduqları dövrlərdə mən bu orqanlarda işləmişəm.

Həyatımın bütün anlarında bu insanları yada salmışam, onlardan ağız dolusu danışmışam, dünyasını dəyişənlərə rəhmət diləmişəm, sağ olanlara isə can sağlığı arzulamişam.

Elə məbədlər var ki, onlar zamanın min bir həmləsinə məruz qalsalar da, biz bu məbədlər qarşısından keçərkən baş əyirik. Məncə, mənsəb və titullar sənədlərdə, insanların verdiyi qiymətsə ürəklərdə qalır. Ürəklərdə yaşamaq üçün isə insanın mənəvi cəhətdən zəngin olması vacibdir. Bu mənada, mənəvi zənginliyə cəmiyyətimizin bütün zümrələrinin  ehtiyacı vardır.

İndi bütün dünyada xeyir və şər qüvvələrinin savaşı gedir. Dövlətimizin müstəqil olduğu bir zamanda qanunlarımızın bəzən ciddi şəkildə pozulması təəssüf hissi doğurur. Məmur özbaşınalıqı, milyonlarla pul vəsaitlərinin talanması, metastas vermiş vəzifə cinayətləri, korrupsiya və bu kimi hallar, həm də mənəviyyatımıza ağır zərbə vurur.

Pulun itaətində olan, nəfsinin köləsinə çevrilmiş kəslərdə getdikcə insani, əxlaqi hisslər yox olur, nəhayətdə onlar şeytani varlığa çevrilir və cəmiyyətə rəzalətlər gətirirlər. Belələrindən qurtulmaq əlbətdə ki, çox vacibdir.

Haqqın, ədalətin, mərhəmətin, mədəniyyətin, tərbiyyənin zəfəri üçün bütün imkanlardan istifadə edilməlidir. Məncə, bunlar müstəqilliyimizi qorumaq qədər mühüm məsələlərdir.

Cəmiyyətin düzgün formalaşmasında, insanlara mənəvi-əxlaqi dəyərlərin aşılanmasında bütün qurumların böyük rolu vardır. Bu qurumlarda düzgün idarəçilik sisteminin yaradılması, əməkdaşlarının nümunəvi davranışı əhəmiyyət kəsb edir. Bu mənada ölkəmizdə “Asan xidmət” modulu təqdirəlayiqdir.

Kütləvi informasiya vasitələrində, internet saytlarında insanlarımıza xoş ovqat gətirən,onları yaxşı mənada düşündürən mövzulara daha çox yer verilməli, qayğı, səmimiyyət, vətənpərvərlik hissləri dəyərləndirilməlidir.

Təəssüflər olsun ki, bu sahədə, xüsusilə də televiziyanın bəzi kanallarında bayağı, əxlaqi dəyərlərimizə uyğun olmayan, insanlarda qıcıq yaradan, onları zövqünü ucuz tutan verlişlərə yol verilir. Təbii ki, belə hallar cəmiyyətdə yaxşı qarşılanmır.

Müharibələrə, münaqişələrə cəlb olunmağımıza, bu yolda böyük itkilər, şəhidlər verməyimizə baxmayaraq, dövlət müstəqilliyimizi qoruyub saxlamışıq. Ölkəmiz sərvətlərimizin sahibinə çevrilmiş, iqtisadiyyatımız inkişaf etmiş, quruculuq, abadlıq işləri görülmüşdür.

İndi mərmərdən, qranitdən salınmış meydanlarda, parklarda, möhtəşəm saraylarda dövlətini, torpağını sevən, mənəvi cəhətdən saf, layiqli insanlar olmalı, gələcəyə böyük ümidlər verən gənc nəsil yetişdirilməlidir. Mənəvi dünyamızın əsas dəyərlərini gənclərə ötürülməsinə diqqət artırılmalıdır.

Məncə, bütün bunlar Ulularımızın, şəhidlərimizin ruhu qarşısında bizim müqəddəs vəzifələrimizdəndir.




Ana səhifəyə qayıt        Baxış: 1 465          Tarix: 1-02-2018, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma