Andrey Nikolayev
rosbalt.ru, 26.02.2018
Gürcüstan vətəndaşlarına Avropa Birliyi dövlətlərinə vizasız rejim verilməsinə dair eyforiya dərin siyasi və “məişət” depressiyasıyla əvəz oluna bilər. Məsələ burasındadır ki, keçən ilin martında “vizasız rejim” alan gürcülər “mədəni dünya”ya o qədər sayda və o qədər uzağa gedən planlarla axışıblar ki, bu şübhəli məsələni qapamaq məsələsi qalxıb.
Xoşbəxtlikdən, tükü tükdən seçən Brüssel “birdən nəsə olsa” halında bu cür rejimi dayandırmaq hüququndan əvvəlcədən şərtləşib. Ciddi deyilsə, AB ilə vizasız rejim (Gürcüstan isə onunla assosiasiya haqda Saziş imzalayıb), demək olar, rəmzi xarakter daşıyır. Çünki ilin iki “paya” bölünən 180 günüylə məhdudlaşır və gələnlərə işləmək hüququ vermir. Bununla yanaşı, Şengen zonasına çıxışa yalnız geri bilet, mehmanxana bronu və yaxud qonağın qohumlar, dostlar, başqa “yaxın adamlar” tərəfindən qəbulunun təsdiqi olduğu halda icazə verilir. Bundan başqa, mənzil və tibbi sığortanı hesaba almasaq, Avropaya səfər edənin “təpədən” o yanda olarkən hər günə 50 avro hesabıyla pulu olmalıdır.
Gürcüstan “vizasız rejim” əldə edəndə ölkə hökuməti bunu “tarixi hadisə”adlandırıb və öz xalqıyla birlikdə şadyanalıq edib.
Sonuncunun şadyanalığını anlamaq olar – total işsizlik, dəhşətli bahalıq və dəhşətə gətirən yoxsulluq. Yerli sakinlərin xeyli hissəsi buna görə də “təslim olmaq”, yəni sığınacaq, heç olmasa, hər hansı iş istəmək, vətəndə ayaqlarını uzadıb ölməməkdən yana Avropaya cumub. Gürcüstanın kasıbları ən fərəhli ümidlərini Almaniyaya bağlayırdılar. Bu ölkənin daxili işlər nazirliyinin məlumatına əsasən, AFR-də keçən ilin sentyabrından bu ilin yanvarına qədər sığınacaq ərizəsi verənlərin sayı 2300 nəfərdən çox təşkil edib. Özü də proses yüksələn xətt üzrə gedib: payızın ilk ayında 238 Gürcüstan vətəndaşı sığınacaq xahişi edibsə, yanvarda onların sayı 745 olub. Ölkədə qeyri-leqal şəraitdə, yəni rəsmi müraciətsiz neçə adamın qaldığı dəqiqləşdirilmir. Amma, görünür, yetərincə çoxdur, çünki Almaniya “vizasız rejim”in dayandırılması imkanı haqda xəbərdarlıq edib.
Sığınacaq xahiş edənlərin sayının xeyli artması azmış kimi, AFR DİN başçısı Tomas de Mezyeri ölkəsində gürcü cinayətkarların sayının artması narahat edir. Amma burası da var ki, “Sakartevelo” sakinləri təkcə Almaniyada deyil, Avropanın başqa ölkələrində də bu zəmində seçilirlər.
Fevralın sonundakı duruma görə, 230 minə yaxın Gürcüstan vətəndaşı AB ilə vizasız rejimdən faydalanıb və əlbəttə, onların heç də hamısı oğurluq etməyib, ya Avropada “qeyi-leqal” kimi qalmayıb. Amma fakt faktlığında qalır: rəsmi məlumata görə, keçən il AB dövlətlərində sığınacaq istəyən şəxslərin sayı 35%, qeyri-rəsmilər isə 50% artıb. Avropalılar bir qayda olaraq hesab edirlər ki, Gürcüstan vətəndaşlarında sığınacaq xahişi üçün əsas yoxdur (birtəhər yaşamaq hesaba alınmır) və rədd cavabı verirlər. Məsələn, İsveç ötən il Gürcüstanın, demək olar, min vətəndaşına sığınacaq verməkdən imtina edib. Xalq içində deyirlər ki, çətin iqlimli olsa da, cənublular üçün İslandiya daha loyal ölkədir və çoxları “buzlar ölkəsi”ndə ağır işlərdən qorxmayaraq ora cumublar. Ancaq Reykyavik də gürcülərə ciddi xəbərdarlıq edib. Axı imtina proseduru uzunmüddətli və “qəbul edən tərəf” üçün bahalıdır, buna görə də bu cür turistlərin əsla olmaması onun üçün lap yaxşıdır. Lakin gürcülər yürüşü davam etdirirlər – artıq praktik olaraq AB-nin bütün, hətta ən yoxsul ölkələrinə.
“Nə etməli?” və “Kimdir müqəssir?” tətbiqini Gürcüstan hökumətinin keçən ilki “əsas qələbəsi” adlandırdıqları, ölkəni guya Avropa Birliyinə daxil olmağa yaxınlaşdıran “vizasız rejim”in dayandırılması kontekstində bu iki sual hazırda rəsmi Tiflis qarşısında çox kəskin şəkildə durur. Birincisi, Şengeni bağlasalar (AB ona çıxışı isə onsuz da 2020-də məhdudlaşdırmağı planlaşdırır), Gürcüstan vətəndaşları özlərini aldadılmış hiss edəcəklər və onların yaxın perspektivdə Avropa və Avroatlantik inteqrasiyasından məyusluqları qüvvə toplayacaq. Sözgəlişi, sosioloji sorğulara əsasən, Gürcüstanın NATO-ya daxil olmasını arzulayan vətəndaşların sayı azalır. Çoxları habelə pravoslavlığa və ümumiyyətlə, “xristian əxlaqı”na zidd çıxan “pozğun Avropa əxlaqı”nı tənqid edirlər.
Gürcüstan baş naziri Georgi Kvirikaşvili
Əlbəttə, Gürcüstanı latent şəkildə üzə çıxa biləsi “russevərlik” kimi hazırda “antiqərb” qiyamı təhdid etmir. Rusiya Gürcüstan üçün özünün “vizasız rejim”ini həm də işləmək hüququ ilə açsa. Lakin baş nazir Georgi Kvirikaşvili “Nə etməli?” sualına cavab axtarışında Avropa ölkələrilə vizasız rejimin tələblərini pozanlar haqda qanunvericiliyi sərtləşdirmək yollarının müzakirə olunduğu müşavirə çağırıb. DİN başçısı Mixail Canelidze isə Avropanı əmin edib ki, Gürcüstan həm özündə, həm də tərəfdaş ölkələrdə cinayətkarlıqla mübarizə aparacaq. Bu cür mübarizənin nəticəsi kriminal ünsürlərin AB-yə mühacirətinin xeyli azalması olmalıdır. Ölkə XİN öz növbəsində bildirib ki, Avropa ilə vizasız rejimi “qorumaq lazımdır”, Gürcüstanın AB səfiri Nataliya Sabanadze isə ümumiyyətlə əminlik ifadə edib ki, “vizasız rejimi” heç nə təhdid etmir. Gürcüstan ictimaiyyətini buna paralel olaraq ölkəni keçən il AB ilə Assosiasiya haqda Saziş çərçivəsində islahatların keçirilməsində əldə edilən inkişafa görə tərifləyən Avropa Komissiyasının hesabatıyla tanış ediblər. Onda sanki masqara kimi vurğulanır ki, Gürcüstanın Avropa Birliyinə yaxınlaşma yollarında önəmli nailiyyətlərdən biri məhz artıq çat verməkdə olan vizasız rejimin tətbiqidir. Lakin bununla yanaşı “Gürcüstan Avropa Birliyinin bölgədə ən başlıca strateji tərəfdaşı kimi öz mövqelərini möhkəmləndirib”. Ümumiyyətlə, Gürcüstan əhalisinin nağıllarla doyuzdurulması davam edir ki, ölkə hökumətinin Qərbyönlü xarici siyasət vektorunu möhkəm dəstəkləsin.
“Nə etməli?” sualının cavabı gürcülərin Avropada kütləvi şəkildə sığınacaq xahiş etmək əhvalatında “Kimdir müqəssir?” cavabından çıxır. Və təbii ki, müqəssir öz xalqını qürbətdə ən “qara” işə hazır olmaq həddinə çatdıran hökumətdir, çünki vətənində beləsi də yoxdur. Çünki iş yerlərinin olmamasından savayı əhalinin adi sosial müdafiəsi də yoxdur. Adamlar nə müalicə olunmaq, nə ailəni yedirtmək, nə qızınmaq durumundadır – hələ istirahətə getmək və gürcü arşınları üzrə qaldırılmaz borcun altına girmədən uşaqlara təhsil vermək kimi “gözəllikləri” demirik.
Beləliklə, ölkədə iqtisadiyyat işləməyincə və dayanıqlı “orta təbəqə” meydana çıxmayınca miqrasiya prosesini nə “dönməməyə” görə cərimələrlə, nə də başqa tədbirlərlə dayandırmaq mümkündür. “Vizasız rejim”in ləğvilə yalnız Avropaya çıxışı azaltmaq olar. Nəticədə “çörək naminə” rejimi pozmağı və yaxud cinayətkarlığın ixracını belə düşünməyənlər ziyan çəkəcəklər.
Ümumiyyətlə, maaşı sabit ödənilən işə və ya gəlirli biznesə malik olmaqla Gürcüstanda yaşamaq heç də pis deyil. Lakin bu cür imtiyaz “Avropa ailəsinin qanuni hissəsi olduğu” daim təlqin olunan əhalinin, az qala, dörddə birində var. Lakin, gördüyümüz kimi, Avropa bu “hissə” ilə bir çardaq altında yanaşı yaşamaq istəmir…
Tərcümə Strateq.az-ındır.
Paylaş: