İki gün öncə Rusiyadan yayımlanan “Mir” telekanalında MDB ölkələrinin mənzil bazarlarındakı durum təhlil edilirdi. Bu mövzuya həsr olunan verilişdə xüsusilə yeni tikilən binalarda evlərin qiymətinin ölkələr və paytaxtlar üzrə müqayisəsi aparıldı ki, bu zaman da ortaya bizim üçün maraqlı olan statistika çıxdı. Bu statistikadan belə məlum olur ki, Bakı yeni tikilən mənzillərin qiymətinə görə, MDB-də 3-cüdür.
Təqdim olunan cədvəldə göstərilir ki, ən bahalı mənzillər Moskvadadır. Paytaxtlar sırasında Moskva 1-ci, Minsk 2-ci, Bakı isə 3-cü yerdədir. Moskva “göydələn”lərində mənzilin 1 kvadratmetri orta hesabla 1720 dollar, Minskdə 1270 dollar, Bakıda isə 1000 dollardır. Bütün digər MDB ölkələrində isə qiymətlər 1000 dolların xeyli altındadır. Bir daha qeyd edək ki, söhbət ortalama qiymətdən gedir, çünki bildiyimiz kimi, paytaxtımızın mərkəzində mənzilin kvadratmetri 2000-2500 dollara çatan binalar var.
Cədvəldə diqqətimizi daha çox çəkən isə Bakıdan sonrakı yerlərdə duran paytaxtlardakı qiymətlər oldu. Yaşayış səviyyəsinə, minimum və orta əmək haqları göstəricilərinə görə Azərbaycanı üstələyən bir sıra MDB ölkələrində yeni mənzillərin qiyməti paytaxtımızla müqayisə edilməyəcək qədər aşağıdır. “MİR” telekanalının təqdim etdiyi statistikaya görə, məsələn qonşu Gürcüstanda mənzilin 1 kvadratı 450 dollar, Qazaxıstanda isə cəmi 300 dollardır!
Göründüyü kimi, çox böyük qiymət fərqi mövcuddur. Və çıxara biləcəyimiz ilk nəticə odur ki, bu cədvəl əslində təkcə ölkələr üzrə mənzil qiyməti deyil, dolayısı ilə korrupsiya statistikasını da əks etdirmiş olur.
Necə olur ki, enerji daşıyıcıları, tikintidə çalışanların orta aylıq əmək haqqı, bir sıra tikinti materiallarının qiyməti və s. Azərbaycana nisbətdə yüksək olan Gürcüstanda mənzilin kvadrat metri bizdəkindən ucuz başa gəlir və satışı da Bakı ilə müqayisədə 2 dəfədən də artıq ucuzdur? Biz hələ Qazaxıstanı demirik, burada qiymət Bakı ilə müqayisədə düz 3.3 dəfə aşağı – 300 dollardır! Bəs nədir bu dərəcədə qiymət fərqinin səbəbi?
Sözsüz ki, yenə də hər şeyin başında monopoliya və qeyri-rəsmi xərclər, ödəmələr durur. Bakıda bina tikintisinə razılıq və yer almağın necə və neçəyə başa gəldiyi, bina tikənlərin isə böyük əksəriyyətinin kimliyi yaxşı məlumdur. Böyük tikinti şirkətlərinin aşağı-yuxarı eyni çevrəyə aid olduğunu nəzərə alsaq, monopoliyanın “buynuzlarını” görmüş olarıq. Paytaxtımızda bina tikintisi icazəsinə görə qeyri-rəsmi ödənişlərin səviyyəsi isə çox vaxt mətbuatda öz əksini müxtəlif fantastik rəqəmlərdə tapır…
Məsələnin digər tərəfi isə qiymətlərlə əhalinin gəlirləri arasındakı kəskin uyğunsuzluqdur. Bu uyğunsuzluq ilk növbədə hələ də ölkəmizdə “kölgə iqtisadiyyatının” payının faciəvi dərəcədə yüksək olmasını göstərir. Çünki rəsmi məmur maaşları 1000 dolların çox-çox altında olan ölkəmizdə, kvadratı 2000-2500 dollara olan yeni və prestijli mənzillərin böyük əksəriyyətinin məmurlar və onların yaxınları tərəfindən alınması nonsensdir və gizli iqtisadiyyatın ən bariz nümunəsidir. Yoxsa bu situasiyanı necə izah etmək olar ki, orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə (ötən ilin statistikasına görə Azərbaycanda 299 dollar, Qazaxıstanda 432 dollar) 133 dollar yüksək olan Qazaxıstanda mənzilin kvadratı ortalama qiymətlə bizdəkindən 700 dollar (!) ucuzdur?
Yaxud necə olur ki, Gürcüstanda orta aylıq əmək haqqı 413 dollar, yəni bizimlə müqayisədə 114 dollar yüksək, mənzilin kvadratmetrinin qiyməti isə bizdəkindən 550 dollar aşağıdır? Hətta Rusiyada bu qiymət bizdən 1.7 dəfə baha – 1720 dollar olsa belə, orada da orta aylıq əmək haqqı bizimlə müqayisədə 2.2 dəfə (657 dollar) çoxdur. Həmin statistikaya görə, Ermənistanda mənzilin kvadratı 800 dollar, orta aylıq əmək haqqı isə 397 dollardır…
Bir sözlə, bizdəki bu anormal qiymət və gəlir nisbətinin təzahürüdür ki, bugün ölkə əhalisinin böyük əksəriyyəti, xüsusilə gənc ailələr üçün ən böyük problem işsizliklə yanaşı, mənzil təminatıdır. Çox təəssüf ki, məhz bu təminatın lazımi səviyyədə olmaması ucbatından çoxlu sayda gənc ailə dağılır və bu fakt özünü boşanmalara dair rəsmi statistikada da göstərir.
Yüksək maaşlı iş təminatının olmaması və bərbad pul-kredit siyasəti nəticəsində ipoteka kreditlərinin əlçatmaz olması ona gətirib çıxarıb ki, hansısa orta və hətta kiçik ranqlı məmurun bir neçə yerdə mənzili olduğu halda, imkansız gənc ailə ucuz kirayə ev axtarışındadır və yaxın vaxtda öz yeni mənzilinin olacağını heç ağlının ucundan da keçirə bilmir(azpolitika.info).
Paylaş: