Amerika administrasiyasının dünyanın bir çox ölkəsi ilə münasibətlərində gərginlik yaratmaqda davam etdiyini artıq mütəxəssislər etiraf edirlər. Onlar Prezident Donald Trampın "İlk öncə Amerika" tezisinin meydana gətirdiyi çətinlikləri qəbul etmək məcburiyyətindədirlər. Almaniya, Rusiya, Çin, Türkiyə, İran, Şimali Koreya və digər dövlətlərlə münasibətlərin böhrana uğradığı faktdır. Mütəxəssislər vurğulayırlar ki, burada başlıca hədəf Çindir. Çünki məhz bu ölkə Amerikanın dünya ağalığına qarşı ən ciddi təhlükədir. Bunun fonunda Vaşinqton digər böyük güclərə qarşı da bəzən məntiqi izahı çətin olan addımlar atmaqdadır. Bu bağlılıqda ekspertlərin diqqətini ən çox Türkiyə-ABŞ münasibətləri cəlb edir. Bu mövzu ətrafında çoxlu sayda spekulyativ tezislər irəli sürülür. Onlar əsasən Türkiyəni reallıqdan uzaq təqdim etməyə çalışırlar. Problemin daha geniş və dərindən analizi isə tamamilə fərqli faktları ortaya qoyur. Biz bu aspektdə ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin geosiyasi səbəbləri üzərində dayanmaq istərdik.
Söz sahibi olmaq: Türkiyənin haqqı varmı?
Son zamanlar dünya siyasətinin ən çox müzakirə edilən mövzularından biri ABŞ-Türkiyə münasibətləridir. Rəsmi Vaşinqtonun keşiş Endryu Branson ilə bağlı situasiyanı dövlətlərarası əlaqələrin əsas faktorlarından biri kimi təqdim etməsi ilə iki strateji tərəfdaş arasında sanki zəncirvarı ziddiyyətlər mərhələsi başladı. Hər iki ölkə rəhbərliyi mövqeyindən dönməyəcəyini bəyan edir. Amerika tərəfi türklərdən keşişi dərhal azad etməyi tələb edir. Ankara isə kimsənin Türkiyədə məhkəmənin işinə qarışmağa haqqı olmadığını bəyan edir. Xatırladaq ki, ABŞ da Zərrab məsələsi ilə bağlı aparılan məhkəmə prosesində eyni sözləri türk tərəfinə demişdi. Onda Türkiyə məsələni şişirtmədi, lakin indi ABŞ özünü ərköyün aparır: qarşısında olanın hüququnu tanımadan tələb edir ki, istədiyinə əməl olunsun.
Türkiyə rəhbərliyi isə müstəqil siyasət yeritdiyini və bu dövlətə heç kəsin təsir edə bilməyəcəyini bəyan edir. Nəticədə, amerikalılar Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başladılar. Buna cavab olaraq Ankara ABŞ-dan ixrac edilən bir sıra mallara qoyulan vergini xeyli dərəcədə artırdı. Donald Tramp da E.Bransona görə Türkiyəyə heç nə verməyəcəyini yazaraq, "Türkiyə ilə əlaqələri zəiflədirik" fikrini dünyayla paylaşdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da eyni qətiyyətlə addım ataraq, "Türkiyənin bu iqtisadi savaşda uduzmayacağını" bəyan etdi. Hazırda iki ölkə arasındakı münasibətlər çox gərgin bir mərhələdədir. Mütəxəssislər NATO-nun birinci və ikinci hərbi gücü arasında başlanan bu mübarizənin mümkün geosiyasi nəticələri ilə bağlı geniş analizlər aparırlar. Dünyanın bir çox ölkəsinin tanınmış ekspertləri məsələ ilə əlaqədar proqnozlar verirlər. Maraqlıdır ki, onlar kifayət qədər fərqli arqumentlərə əsaslansalar da, qənaət birdir – bu gedişat dünya siyasətini böhrana sala bilər. Geosiyasi düşərgədə ciddi dəyişikliklər baş verə bilər. Həm də bu prosesi daha çox Türkiyənin geosiyasi mövqeyini dəyişə bilməsi ilə izah edirlər. Yəni onlar hesab edirlər ki, Türkiyə çətin vəziyyətə düşüb və çıxış yolu kimi Rusiya-Çin-İran üçlüyünə reverans edə bilər.
Lakin bu cür yanaşmanı reallığa uyğun hesab etmək çətindir. Çünki burada Türkiyənin böyük bir dövlət kimi həyata keçirdiyi xarici siyasətin başlıca strateji məqamı qəsdən gizlədilir. Məqsəd isə Türkiyəni ortasəviyyəli dövlət kimi təqdim etmək və onun dünya siyasətində söz sahibi olmaq potensialının olmadığını çatdırmaqdır. Reallıq isə tamamilə fərqli mənzərəni ortaya qoyur.
Ankaranın atdığı bütün addımların arxasında bir strateji məqsəd dayanır: son yüzillərdə dünyanın böyük dövlətlərinin türk dövlətçiliyini ikincidərəcəli səviyyəyə endirməyə yönəlmiş planlarının qarşısını almaq və Türkiyəni qlobal miqyasda söz sahibi etmək! Burada qeyri-adi, qərəzli və ya süni bir şey yoxdur. Çünki məsələ yalnız Türkiyənin maraqları ilə məhdudlaşmır. Söhbət əsrlərdir ki, İslam ölkələrinə qarşı yeridilən zəiflətmə siyasətinə son qoymaqdan gedir. Buraya ərəb, türk, fars və başqa müsəlman xalqların dövlətçilik məsələləri daxildir.
Ərəb siyasi liderləri arasında məsələni məhz bu cür təqdim edənlər az deyildir. Onlar Türkiyənin apardığı savaşın həm də ərəblərin xeyrinə olduğunu bəyan edirlər. Təbii ki, belə düşünməyən bir çox ərəb siyasətçisi də vardır. Lakin hadisələrin gedişi göstərir ki, Türkiyə hansısa ortasəviyyəli dövlət kimi deyil, qlobal miqyasda söz sahibi olmağa layiq ölkə kimi mübarizəsini aparır. Onun ABŞ-a, Aİ-yə, Rusiyaya, Çinə və İrana münasibətini məhz bu kontekstdə dəyərləndirmək daha doğrudur. Yəni məsələnin mahiyyəti Türkiyənin bu ölkələrdən hansısa birinə yaxınlaşmaqla digərini qafa tutmasında deyil. Bu, tamamilə yanlış və Türkiyəni aşağılayan bir mövqedir.
Geosiyasətin dolanbacları: əməkdaşlıq formatları və strateji hədəflər
Bu bağlılıqda bir sıra ekspertlərin Türkiyəni məcburən Rusiyaya sığınan və hətta İrana tərəf addım atan əlacsız ölkə kimi təqdim etməsi böyük qərəzçilikdir. Türkiyə müstəqil və öz sözünü deyən, marağını gözləyən güclü dövlət kimi dünyanın yeni düzənində özünə layiq yerini tutmaq üçün mübarizə aparır və məqsədinə nail olacaq. Bunu təsdiq edən faktlardan bir qismini misal gətirək: Türkiyə Rusiyanın qırıcı təyyarəsini vurdu, Krımla bağlı öz mövqeyini çəkinmədən deyir, Moskvanı məcbur etdi ki, iqtisadi əlaqələri bərpa etsin, Suriyada Rusiyaya anlatdı ki, Türkiyəsiz heç bir məsələni həll edə bilməz, ABŞ-ın təzyiqlərinə baxmayaraq, İrana qarşı sanksiyalara qoşulmadı, Qərbə qarşı Rusiyanın mövqeyini də dəstəkləmədi, Suriyada İrana anlatdı ki, onun maraqlarına toxuna bilməz. Eyni zamanda, ABŞ və Aİ ilə münasibətləri Rusiya, yaxud Çin və İranın maraqlarına görə qurmur. Yəni Türkiyə müstəqil söz sahibi olan dövlət kimi siyasət yeridir.
Deməli, ABŞ-Türkiyə münasibətlərinin gərgin olmasına aid məsələnin mahiyyəti başqa müstəvidədir. Qərb üçün əsas problem Türkiyənin onun iradəsinə tabe olmadan dünyanın yeni düzənində yer almasına çalışmasıdır. Konkret desək, Amerika başda olmaqla bəzi Qərb dövlətləri Türkiyənin 100 illik fasilədən sonra yenidən dünyanın aparıcı kəsiminə daxil olmasını arzulamırlar. Bunu təbii ki, Rusiya, İran və Çin də istəmir. Ancaq bu sonuncular məcburən Qərbin təzyiqlərini zəiflətmək üçün Ankaranı müəyyən məsələlərdə dəstəkləməyə çalışırlar. Bunun da əsas hissəsi sözdə dəstəkdir.
Bu o deməkdirmi ki, dünyanın böyük dövlətləri Türkiyəyə düşmən mövqedədirlər? Qətiyyən elə deyil, burada söhbət güclü dövlətlərin nüfuz uğrunda tarixi savaşından gedir. Buna görədir ki, Aİ-nin böyük dövlətlərindən olan Almaniya da Türkiyəyə dəstək verməyə başlayıb. Angela Merkelə yaxın olan dairələr "Türkiyənin müstəqilliyi çox qiymətlidir" fikrini ifadə edirlər. Onlar ABŞ-ın dünyaya ağalıq iddiasını davam etdirməsini düzgün saymırlar, çünki bunun Almaniyaya da zərəri vardır.
Sentyabr ayında İstanbulda Rusiya, Fransa, Almaniya və Türkiyə rəhbərlərinin sammiti gözlənilir. İndi nə deyək: dünyanın üç böyük gücü olan Almaniya, Fransa və Rusiya Türkiyəyə sığınırlar? Bunu təbii ki, bir sıra "qoçaqlar" təbəssümlə qarşılayırlar – bunu başa düşürük. Eyni məntiqin Türkiyə haqqında deyilənlərə də aid edilməli olduğunu ifadə etmək istəyirik.
Rusiya, Çin və İrana gəldikdə isə... Bu ölkələr dəfələrlə bəyan ediblər ki, ABŞ-Türkiyə məsələsində Ankaraya dəstək verirlər. Rusiya tərəfi daha çox canfəşanlıq göstərir, çünki Türkiyə ilə geniş əməkdaşlıq edir. Moskva haqlıdır – Türkiyə çox güclü və etibarlı tərəfdaşdır. Çin rəhbərliyi də dəfələrlə Ankara ilə həmfikir olduğunu bəyan edib. Pekin də müdrik mövqe tutub, çünki Türkiyə ilə dostluqdan o, yalnız qazana bilər. İranın xarici işlər və müdafiə nazirləri bəyan ediblər ki, Türkiyə dost ölkədir. Müdafiə naziri Türkiyə, Azərbaycan, Əfqanıstan və Pakistanın "yaxşı qonşu" olduqlarını ifadə edib.
Bütün bunlar nəyi ifadə edir? ABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü iddialar tam əsassızdır və onun demokratiya idealları ilə heç bir əlaqəsi yoxdur. Qərbin müəyyən dairələri Türkiyənin daha da inkişaf edib, dünyanın aparıcı ölkəsi olmasının qarşısını almağa çalışırlar. Konkret desək, Ankaranın 2023-cü il hədəflərinə çatmaması üçün əllərindən gələni edirlər. Məhz buna görədir ki, Amerika Türkiyənin körpü tikməsinə, Kanal İstanbulu inşa etməsinə, nəhəng enerji, nəqliyyat layihələrini həyata keçirməsinə qarşı çıxır. Keşiş isə burada "günah keçisi"ndən başqa bir şey deyildir.
Aydındır ki, Türkiyənin mövqeyindən çəkilməsi faktiki olaraq onun asılı olmasına aparan birbaşa yoldur. Təbii olaraq, Ankara bunu etməyəcək. Buna görə də Türkiyənin dostları yanında olmalı, ona dəstək verməlidirlər. Müstəqil və suveren olmaq istəyən hər bir müsəlman ölkəsi bunu etməlidir. Savaş tarixi savaşdır!
Newtimes.az
Paylaş: