Aynur Abbasova
Bu gün Azərbaycan ictimaiyyəti Milli Mətbuat Gününü –mətbuatımızın təməlini qoyan “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsinin 142-ci ilini qeyd edir. Təbii ki, bu əlamətdar gündə mətbuat günündən danışanların sayı adi vaxtdakından daha çoxdur. Bəs mətbuatımızın günündən, necə, danışan varmı? Var, amma, mətbuatımızın günündən danışan, həqiqəti deyənlər azdır.
Doğrudur, çağdaş zamanda ölkədə qəzetlərin, saytların sayı daha çoxdur, yazı və çap texnologiyası isə dünya standartlarına yaxınlaşmaqdadır. Lakin məsələyə başqa yöndən baxsaq, on doqquzuncu əsrin sonu iyirminci əsrin əvvəllərindəki maddi və texnoloji imkanlar nisbətində bu günkü mətbuatın milliliyinin, maarifçiliyinin nə səviyyədə olduğu barədə düşünməyə dəyər.
Bir çoxları bu gün mətbuatda senzuranın olmamasını böyük bir inkişaf kimi qələmə verir. Hüquqi baxımdan senzura, doğurdan da, yoxdur. Ancaq gəlin diqqət yetirək, bu senzurasızlıq şəraitində jurnalistikamız nə dərəcədə azad və sərbəstdir.
Uzağa getməyək, görək, istənilən jurnalist hər hansı nazir və ya adi bir müəssisə rəhbəri, məmur barədə dürüst faktlara əsaslanan bir yazını təhqir olunmasını, söyülməsini, döyülməsini, məhkəmə vasitəsilə həbsə atılmasını, ən azı, yüksək məbləğdə cərimə olunmasını göz önünə almadan yaza bilərmi?
Deməli, əslində, qanundankənar senzura mövcuddur. Çoxlarının qələmi həm də içindəki qorxu senzurasına bağlıdır. Yəni ki, yazarın gözü ilə gördüyü həqiqəti, faktiki olaraq, yazmaq imkanı yoxdur.
Etiraf edək ki, bir çox hallarda qələm maddiyyat və siyasətin girovuna çevrilir. Jurnalistləri ad, ev almaq uğrunda bir-biri ilə savaşa, məddahlığa, yaltaqlığa məcbur etmək hələ milli mətbuatın inkişafı deyil. Əsl inkişaf insanlara, o cümlədən qələm, söz sahiblərinə həqiqəti söyləməyə şərait yaratmaqdır.
Mətbuatımızda vicdanlı qələm sahiblərinin olmasını da, qətiyyən, inkar etmək olaz. Vətən, xalq naminə bütün çətinliklərə sinə gərərək həqiqəti yazan müstəqil jurnalistlər min bir mərhumiyyətlə üzləşsələr də, hər hansı vasitə ilə qıraqda saxlanılsalar da, qələmin şərəfli vəzifəsinə heç bir vəclə xəyanət etmirlər.
Elə bu bayram da, əslində, onların bayramıdır...
Paylaş: