Son zamanlar dünyanın böyük gücləri arasında geosiyasi mübarizənin daha da kəskinləşdiyi haqqında müxtəlif informasiyalar yayılır. O cümlədən ABŞ, Rusiya və İran arasında çəkişmələr güclənib. Bu, daha çox Yaxın Şərqdə hiss edilir. Konkret olaraq Suriya məsələsində həmin dövlətlər daha sərt mövqe nümayiş etdirirlər. Son olaraq BMT Baş Assambleyasının 73-cü sessiyasında ABŞ və İran prezidentləri bir-biri haqqında çox sərt ifadələr işlətdilər. Bunun ardınca İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı törədildi. Bu kimi qorxulu proseslərin fonunda Cənubi Qafqazda da hadisələrin gedişatı sürətlənib. Türkiyə və Rusiya prezidentləri Azərbaycana səfər etdilər. Nyu-Yorkda N.Paşinyanla H.Ruhani görüşdü. Gürcüstan Rusiyanı qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırdı və s. Bütün bunların kontekstində Cənubi Qafqazda geosiyasi proseslərin başlıca əlamətləri hansılardır? Bu suala cavab üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.
Fəallaşan güclər: qlobal və regional proseslər prizmasından
Cənubi Qafqaz qlobal geosiyasi oyunçuların maraq dairəsindən uzaqlaşmayıb. Əksinə, son dövrlərdə bu subregionla bağlı diqqəti çəkən proseslərə start verilib. Onları bir cümlə ilə belə xarakterizə etmək olar – Cənubi Qafqazla bağlı mübarizənin intensivliyi yeni səviyyəyə yüksəlib. Bu prosesdə yerli dövlətlərin hər birinin öz mövqeyi də özünü göstərir. Belə təəssürat yaranır ki, Cənubi Qafqazda geosiyasi dinamika getdikcə daha mürəkkəb xarakter ala bilər. Bu qənaət bir tərəfdən qlobal səviyyədə Qərb-İran-Rusiya çərçivəsində münasibətlərin daha da gərginləşməsindən, digər tərəfdən isə Ermənistanın hələ də qeyri-müəyyən və qeyri-konstruktiv xarici siyasət kursu yeritməsindən qaynaqlanır.
Belə görünür ki, İran məsələsi vurğulanan kontekstdə region üçün daha həssas məqama gəlməkdədir. ABŞ prezidenti BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında açıq bəyan etdi ki, Tehrana qarşı ən sərt tədbirlərə əl ata bilərlər. Səbəbi odur ki, İran həm nüvə silahı istehsal etmək niyyətindən əl çəkmir, həm də Yaxın Şərqdə Amerika və İsrailin maraqlarına zidd olan addımlar atır. Həmin sırada D.Tramp xüsusi xəbərdarlıq etdi: əgər İran ABŞ-a və onun Yaxın Şərqdəki müttəfiqlərinə (əsasən İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri nəzərdə tutulur – müəllif.) hansısa təhlükə yaradarsa, dərhal "qiyamət qopacaq".
Bu hədələrin fonunda İranın cənubunda yerləşən Əhvaz şəhərində törədilən terror aktı daha qorxulu ssenarilərin mövcud ola biləcəyi fikrini ağıllara gətirdi. İran xüsusi xidmət orqanları dərhal bəyanat verdilər ki, bu hadisənin arxasında ABŞ, İsrail və onların Yaxın Şərqdəki müttəfiqləri dayanır. Çox keçmədi ki, konkret ad da çəkildi – bu terroru Suriyada Səudiyyə Ərəbistanının dəstəklədiyi radikal qrup həyata keçirib.
Bundan bir neçə gün sonra KİV yeni məlumat yaydı. İran Suriyada Fərat çayının şərq hissəsində yerləşən radikal qruplara raket zərbələri endirib. Çoxlu sayda silahlı həlak olub. Tehran bəyan etdi ki, zərbə Əhvazda terror aktı törədən qrupa endirilib. Ekspertlər buna Amerika və İsrailin cavab verəcəyi qənaətindədirlər. Bununla Yaxın Şərqdə geosiyasi gərginliyin daha da artması gözləniləndir.
Həmin tendensiyanın fonunda İran və Rusiyanın Cənubi Qafqazda da fəallaşması hiss edilir. Ermənistan mətbuatı BMT-nin 73-cü sessiyası çərçivəsində N.Paşinyanla H.Ruhaninin görüşünü xüsusi təntənə ilə şərh etməyə çalışır. Guya tərəflər əməkdaşlığı gücləndirməkdə çox maraqlıdırlar. N.Paşinyanı isə Tehranda çoxdan gözləyirlərmiş.
Əslində isə real vəziyyət başqa cürdür. Bəli, Tehran istərdi ki, Qərbin təzyiqləri və sanksiyaları fonunda İrəvan onunla əlaqələri genişləndirsin. Lakin Ermənistan hakimiyyəti üçün dost yoxdur və faktiki olaraq müstəqil qərar qəbul edə bilməz. Məsələ həm də onunla bağlıdır ki, N.Paşinyan Qərbin mərhəmətini qazanmaq arzusundadır. İranla hər hansı yaxınlaşma onun bu istiqamətdəki yolunu bağlayır. Bu səbəbdən N.Paşinyan iki ay bundan əvvəl bəyan etdiyi İrana səfərini hələ də reallaşdıra bilmir. Deməli, İrəvan Tehranla çirkli geosiyasi oyun aparmaq yolunu tutub.
Digər yandan, Rusiya İran-Ermənistan münasibətlərinin müəyyən çərçivəni keçməsini istəmir. Xüsusilə enerji sahəsində onların əməkdaşlığına qısqanclıqla yanaşır. İran üçün Ermənistan əsas olaraq enerji marşrutu kimi lazımdır. Ancaq illərdir ki, "Qazprom" Tehranın bu arzusunu gözündə qoyur. Bu maneəni N.Paşinyanın aşa biləcəyi ehtimalı sıfırdır.
Konstruktivlik və dağıdıcılıq: Bakı ilə İrəvanı fərqləndirən iki cəhət
Nəhayət, İrəvanın İranla əlaqələrə antitürk isterikası kontekstində məzmun verməyə çalışması onu həmişə fiaskoya uğradır. Erməni ekspertlər BMT-nin 73-cü sessiyasında Paşinyan-Ruhani müzakirələrini də birbaşa antiazərbaycan məzmunda təqdim etdilər (bax: məs., Акоп Бадалян. Сюрприз Пашиняна и Рухани Баку / Lragir.am, 26 sentyabr 2018). Erməni rəsmilərinin daxili emosional və siyasi düşüncə faciəliyi aydındır. Ancaq indi İranı Azərbaycana qarşı qoymaq kimi sarsaq bir işə girişirlər. Çünki İran köklü dövlətdir, Ermənistan kimi forpost və qondarma deyil. Qos-qoca İran diplomatiyası Azərbaycanla Ermənistanı müqayisə edə bilmir? Və ya o dərəcədə sadəlövhdür ki, Yaxın Şərqdə müttəfiqi olan Türkiyənin maraqlarına uyğun gəlməyən addım atsın?
Erməni diplomatiyasının primitivliyi və acizliyi bununla məhdudlaşmır. Onlar V.Putinin Azərbaycana səfəri ilə Paşinyan-Ruhani söhbətini qarşı-qarşıya qoymağa çalışırlar. Bu hadisələr nə ranqına, nə müzakirə olunan məsələlərin məzmununa, nə də məqsədlərinə görə müqayisə oluna bilməz.
Hər şeydən öncə, V.Putin Azərbaycana işgüzar səfərə gəldi və konkret əməkdaşlıq mövzuları ilə çıxış etdi. Azərbaycanla Rusiya arasında energetika, nəqliyyat, humanitar sahə, iqtisadi-biznes sferası üzrə əməkdaşlıq barədə müzakirələr aparıldı. N.Paşinyanla H.Ruhani isə BMT sessiyasında məhdud vaxtda nəzakətli ünsiyyətdə olublar. Erməni ekspertlər nəyi nə ilə müqayisə etməyə cəhd göstərdiklərinin fərqindədirlərmi?
Onlar özlərini Rusiyaya da qarşı qoyurlar. Əsas qayğıları odur ki, Moskva Azərbaycanla müstəqil dövlət kimi davranır. V.Putin də son səfərində açıq bəyan etdi ki, Rusiya ilə Azərbaycanın münasibətləri bir-birinin marağını gözləməklə bərabərhüquqlu iki müstəqil dövlətin münasibətləri kimi inkişaf etdirilir. Bu prosesi o, "dövlətlərarası münasibətlər quruculuğu" kimi qiymətləndirdi.
Bəs erməni liderlər Moskvada nə deyirlər? Onlarla müstəqil dövlətin nümayəndəsi kimi danışmağı, Ermənistana təzyiq göstərməməyi, göstərişlər verməməyi, onların suverenliyinə hörmət etməyi xahiş edirlər. Bəli, fərq göz qabağındadır. Lakin ermənilər unudurlar ki, hansısa bir ölkənin suverenliyinə xahiş-minnətlə hörmət etmirlər, gərək fəaliyyətinlə müstəqil olduğunu sübut edəsən və sənin beynəlxalq sistemdə hansısa bir geosiyasi çəkin olsun. Ermənistan isə heç bir proqramı, siyasəti, diplomatiyası, dövlət kimi müstəqil mövqeyi ilə bu imici qazana bilməyib. Ona niyə hörmətlə yanaşsınlar?
Bunlarla yanaşı, yuxarıdakı müqayisələr də aydın göstərir ki, İrəvan "əməkdaşlıq" deyəndə, mütləq hansısa qonşusuna zərər vurmağa xidmət edən əlaqələri nəzərdə tutur. Yuxusunda Azərbaycanla Türkiyəni düşmən görür, durur, yenə də antiazərbaycan mərəzinə tutulur. Rusiya Ermənistana silah verir, İrəvan dərhal bəyan edir ki, "Azərbaycana gözdağı veririk". Rusiya Azərbaycanla əməkdaşlığı dərinləşdirir, dərhal küsür ki, "bu, yaxşı hal deyil"! Özünün real problemlərini sivil qaydada həll etmək əvəzinə başqalarına irad tutmaq dövlətçilik məfkurəsinə xidmət etmir.
Bunlar bir daha təsdiqləyir ki, Cənubi Qafqazda, əslində, geosiyasi proseslərin intensivləşməsinə iki cür reaksiya müşahidə edilir. Birincisi, Azərbaycan müstəqil siyasətini inkişaf etdirərək, mövqeyini daha da möhkəmləndirir. Hazırda Bakının bütün regional böyük dövlətlərlə – Rusiya, Türkiyə və İranla çox yaxşı münasibətləri mövcuddur. ABŞ-la qarşılıqlı faydalı əlaqələr inkişaf etdirilir. Gürcüstanla strateji tərəfdaşlığa uyğun olaraq münasibətlər dinamik inkişafdadır.
İkinci reaksiya Ermənistanın nümunəsində çaşqınlıq, məntiqsizlik, qeyri-konstruktiv davranışdan formalaşan yarıtmaz xarici siyasət kursu yeritməklə bağlıdır. Yenə də İrəvan öz ultraradikal, qeyri-insani və əsassız iddialarına davam edir. Bunun fonunda Rusiya, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. İranla isə növbəti dəfə xəyali və aldadıcı geosiyasi oyuna girişir. Bunun sonunun iflas olacağına qətiyyən şübhə yoxdur.
Cənubi Qafqaz üçün əhəmiyyətli məsələ isə böyük oyunçuların daha intensiv yarışdığı bir mərhələdə Ermənistanın xaos və təhlükə mənbəyinə çevrilməsidir. Nataraz geosiyasi-diplomatik manevrləri ilə mövcud mənzərəni daha da mürəkkəbləşdirən və yeni ziddiyyətlər gətirən Paşinyan hakimiyyəti bütövlükdə bölgə xalqlarını faciəyə doğru sürükləyir.
Newtimes.az
Paylaş: