İdris Əsgərov haqında xatirələr
İdris müəllimlə ilk tanışlığım 1983-cü ilə təsadüf edir. Masallıda rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyirdim. İdris müəllim prokurorluğa praktiki köməyə gəlmişdi. Özünəməxsus bəy yerişi, aristokrat görkəmi, alim danışığı və davranışı ilə hamını valeh edirdi. Prokuror nəzarətinin demək olar ki, bütün sahələri üzrə icraçı mən olduğuma görə gündə bir neçə dəfə bu və ya digər məsələlər barədə söhbət edirdik. Həmin dövrdə ümumi nəzarət qaydasında aparılan yoxlamalara daha çox fikir verilir və müvafiq qərarlar qəbul edilirdi. Təqdimat, protest, iddialar bütün rayonlarda yox dərəcəsində idi. İdris müəllimin deməsinə görə, bu sahədə bizdə vəziyyət qənaətbəxş idi.
Bir hüquqi aktın yazılış forma və qaydası barədə elmi-təcrübi mübahisəmiz oldu, mən öz fikrimdə təkid etdim. İdris müəllim prokurorluqda olan bütün əmrləri gətizdirdi və az qala, yarım gün vaxt sərf etdikdən sonra SSRİ Baş Prokuror müavinin göstəriş məktubunu tapıb mənə göstərdi.
Ətraf rayon prokurorları, demək olar ki, hər gün Masallıya gəlir, İdris müəllimlə məsləhətləşirdilər.
Raykomun I katibi Ələddin Həsənovun da İdris müəllimə xüsusi rəğbəti var idi. Uzun illər dostluq etdiyim yazıçı Fərman Kərimzadə də həmin dövrdə rayona gəlmişdi. O da bir dəfə İdris müəllimlə eyni məclisdə iştirak etdi. F.Kərimzadənin əsl ixtisası rəssamlıq idi. Ə.Əzimzadə adına rəssamlıq texnikomunda təhsil almışdı. Söhbət rəsm əsərlərindən düşərkən İdris müəllim elə rəsm əsərlərinin adını çəkdi ki, Fərman müəllim heyranlığını gizlədə bilmədi.
1985-ci ildə Cəlilabad rayon prokuroru vəzifəsinə təyin edildikdən sonra bu və ya digər məsələlərlə əlaqədar İdris müəllimlə tez-tez telefonla danışırdıq. Bakıya gedərkən həmişə görüşərdik. O məni doğma adamı kimi qarşılayardı.
1990-cı ildə 5 illik prokrurluq fəaliyyətim başa çatdığı üçün Cəlilabad rayon prokurorluğunun fəaliyyəti yoxlanılmalı idi. Məlum Cəlilabad hadisələri baş vermişdi. Rayonda hakimiyyətsizlik hökm sürürdü. İdris müəllimin təşəbbüsü ilə (Əlbəttə, ilyas müəllimin razılığı ilə) komissiya üzvləri rayona gəlmədilər. Təqdim olunan sənəd və materiallar üzrə arayış yazıldı. Müzakirə 1990-cı ilin fevral ayında aparıldı. Kollegiya iclasını Respublika prokurorunun I müavini Murad Babayev aparırdı. Kollegiyanın işində SSRİ Baş Prokurorunun müavini Abramov iştirak edirdi. Yekunda Abramov dedi ki, yoldaş Məmmədovu müzakirə etmək yox, fərəhləndirmək lazımdır. İyun ayında Respublika Prokuroru İlyas İsmayılovun əmri ilə II müddətə Cəlilabad rayon prokuroru vəzifəsinə təyin edildim.
1990-cı ilin avqust ayında yeni təyin edilmiş Baş Prokuror İsmət Qayıbov I yarımilliyin yekunu ilə əlaqədar keçirilən kollegiya iclasındakı məruzəsində 13 rayonda, o cümlədən Cəlilabad rayon prokurorluğunda kompleks yoxlama aparılması barədə göstəriş verdi. Cəmisi 6 ay əvvəl SSRİ Baş Prokurounun müavini mənim fəaliyyətimi yüksək qiymətləndirməsinə baxmayaraq, kollegiyanın qərarı ilə Cəlilabad rayon prokurorunun fəaliyyətinin kompleks təftiş edilməsi nəzərdə tutulurdu. Bu qərar ona əsaslanırdı ki, Cəlilabad rayonunda 1990-cı ilin I yarısında cinayətkarlıq 180% artmışdı. Bunun obyektiv səbəbləri var idi. 1989-cu ilin sentyabr ayından Cəlilabadda qarşıdurma yaranmış, 1990-cı ilin yanvarında sərhədlər açılmış, faktiki olaraq 6-7 ay hakimiyyətsizlik hökm sürmüşdü. Həmin dövrdə üç birinci katib, RİK-nin sədri, milis rəisi və digər rəhbər partiya sovet işçiləri rayondan getmiş və yaxud iş yeri dəyişdirilmişdi. Axıra qədər “postunda” qalan mən olmuşdum.
Təkcə bunu demək kifayətdir ki, sərhədlərin pozulması nəticəsində 1990-cı ilin II rübündə rəsmi 19500 sərhəd pozuntusu qeydə alınmışdı. Bütün bunlardan sonra Cəlilabad rayon prokurorunun fəaliyyətinin yoxlanılmasının ədalətsizlik hesab edərək, işdən çıxmağım barədə raport yazıb İsmət müəllimin qəbuluna getdim. Qəbul otağında çoxlu adam var idi. Təxminən, yarım saatdan sonra İdris müəllim qəbul otağına girdi və mənə yaxınlaşdı. “Niyə burda dayanmısan?” dedi. Mən yuxarıdakı fikirlərim söylədim və belə şəraitdə işləmək istəmədiyimi, bu gündən işə çıxmayacağımı bildirdim. O, ərklə qolumdan tutub məni qəbul otağından çıxartdı: “Get, işinlə məşğul ol, səni heç kim yoxlamayacaq. Sabah mənə rayondan zəng vurarsan...” Bir həftədən sonra baş prokurorun məruzəsi rayonlara göndərildi. Məruzədə yoxlanılacaq rayonların siyahısında Cəlilabad yox idi.
1991-ci ilin dekbar ayında Baş Prokuror Murad Babayev məni çağıraraq bildirdi ki, rayon icra hakimiyyətinin başçısı sənin rayondan dəyişməyin barədə prezidentə müraciət edib. Prezident də mənə tapşırıb ki, sənin iş yerini dəyişim. Murad müəllim həmin məktubu mənə göstərdi. Razılaşdıq ki, Murad müəllim məni müvəqqəti olaraq idarə rəisinin müavini təyin etsin. Bu məsələnin həlli ilə əlaqədar kollegiya üzvləri axşam Murad müəllimin otağına toplaşdılar. İdris müəllim və baş prokurorun müavinləri – Mirağa Cəfərquliyev, Vaqif Nəzərov İcra Başçısının mövqeyini pisləyərək qəti etirazlarını bildirdilər. Mən təzədən rayona qayıtdım. 2 ay “atəşkəs” rejimində işlədik. Həmin dövrdə rayon sovetinin deputatları yığışaraq prezident aparatının və başçının iradəsi əleyhinə olaraq Tofiq Bağırovu böyük səs çoxluğu ilə rayon sovetinin sədri seçdilər.
1992-ci ilin fevral ayında Prezident Aparatının Ərazi İdarəetmə şöbəsinin müdiri Samur Novruzov 1 günlük rayona gəldi. İqtidarlı, müxalifətli bütün tərəflərlə təkbətək görüşdü. Mənimlə görüşü 45 dəqiqə çəkdi. Heç kimdən şiakyət etmədən, pisləmədən və adını çəkmədən ümumrayon və respublika problemlərindən danışdım. Samur müəllim dedi ki, Ələmdar müəllim, siz Cəlilabadddan da böyük rayonda işləməyə layiqsiniz. Ancaq Cəlilabaddan getməlisiniz, bu, Prezidentin qərarıdır. Mən etiraz etmədim və dedim ki, Samur müəllim, Cənab Prezidentə çatıdırın ki, belə idarəçiliklə hakimiyyətinizin 1 ay müddəti qalıb.
Səhərisi günü Respublika Prokurorluğuna gəldim. İdris müəllim və Mirağa müəllimin təşəbbüsü ilə mənə Lənkəran rayon prokuroru vəzifəsi təklif olundu. Qəbul etmədim. Səbəb kimi onu göstərdim ki, mənim Cəlilabaddan daha böyük rayona göndərilməyim Respublika rəhbərliyinə meydan oxumaq olardı. Məzuniyyət götürdüm. Məzuniyyətdən qayıtdıqda Ayaz Mütəllimov və başçı vəzifədən getmişdilər. Mən isə Zaqatala rayon prokuroru vəzifəsinə təyin edilmişdim.
İdris müəllim təşkilat nəzarət şöbəsinin rəisi olmaqla bərabər, hüquq elminin bütün sahələrinin gözəl bilicisi idi. Məsələn, bir çox ağır cinayət işlərinin məhkəmə iclasında dövlət ittihamını yüksək səviyyədə müdafiə etmişdi. Manyak Mişinin təqsirləndirilməsinə dair cinayət işi üzrə İdris müəllimin ittiham nitqi əsl dərs vəsaiti idi. Kitabça şəklində çap olunmuş və yerlərə göndərilmiş həmin sənədi bu gün də saxlayıram.
Ziyalılıq haqda çox danışılır. Az qala hər diplomu olan özünü ziyalı hesab edir. Halbuki Səməd Vurğun, Maksim Qorki, hətta böyük Lev Tolstoy özünü ziyalı hesab etmirdi. (Bax. “Hərb və Sülh” romanında Pier Bezuxov ilə Andrey Valkonskinin mükaliməsinə). İdris müəllimin əsəbləşdiyini hiss edən, səsini qaldırdığını, ucadan danışdığını, danışarkən kiminsə sözünü kəsdiyini görən və eşidən olmamışdı. O, əsl ziyalı idi.
Ələmdar Məmmədov
Keçmiş prokuror
Paylaş: