(Tanıdıqlarım, gördüklərim, bildiklərim kitabının
maraqlı hadisələr və şəxslər bölməsindən səhifələr)
Nurəli Şəbiyev – 1934-cü ildə Yardımlı rayonunun Bozayran kəndində anadan olmuş, 1958-1996-cı illərdə prokurorluq orqanlarında müstəntiq, prokuror köməkçisi vəzifələrində işləmiş, Ədliyyə Müşaviri rütbə dərəcəsini almışdır.
N.Şəbiyevlə 1977-ci ildə tanış olmuşam. O, Lerik rayon prokurorunun köməkçisi, mən isə Masallı rayon prokurorunun köməkçisi vəzifəsində işləyirdik. Tez-tez görüşməli olurduq. Məclislərdə maraqlı və yumorla dolu söhbətləri xoş əhval-ruhiyyə yaradırdı. Onun özündən və başqalarından eşitdiyim bir neçə hadisəni danışmaq istəyirəm.
1976-cı ildə Lənkəran rayon prokurorunun fəaliyyəti yoxlanılır. Əməkdaşları kollegiya iclasına çağırırlar. N.Şəbiyev Respublika prokurorluğunun binasında, liftdə, özündən yaşlı biri ilə qarşılaşır. Əlini onun kürəyinə qoyaraq: “Keç, əşşi” – deyir. Həmin adam N.Şəbiyevə tərəf dönür: “Yoldaş, məni niyə itələyirsən?. “Mən sizə hörmət etdim, keçmirsən, özüm gedərəm” – deyir və liftə minib 3-cü mərtəbəyə qalxır. Kollegiya iclası başlayarkən görür ki, liftdə rastlaşdığı adam qabaqda gəlir. Bu Respublika prokuroru A.Zamanov imiş.
Müzakirənin sonunda qərar lahiyəsi oxunur. 3 nəfərin, o cümlədən N.Şəbiyevin prokurorluq orqanlarından xaric olunması nəzərdə tutulur. Müzakirədarlara söz verilir. N.Şəbiyev deyir: - Yoldaş Zamanov, məni orqandan çıxartmağa haqqınız var. Nöqsanlarım çoxdur. Amma Yardımlı camaatı deyəcək ki, yoldaş Zamanov bizim prokurorluq işçilərinin 50%-ni məhv etdi. A.Zamanov soruşur ki, bu nə deməkdir? N.Şəbiyev deyir: “Yardımlı rayonundan prokurorluq orqanlarında cəmi 2 nəfər işləyir” Onun biri də mən – Şəbiyevəm.
Bu sözdən sonra N.Şəbiyevə şiddətli töhmət verilməklə 6 ay sınaq müddəti müəyyən edilir.
6 aydan sonra attestasiya komissiyası müsbət rəy vermir. A.Zamanov onu çağırır və deyir: “Şəbiyev, gəlsənə Yardımlının katibindən xahiş edim, Kolxoz sədri və ya İdarə müdiri qoysun səni?!” Şəbiyev təşəkkürünü bildirir və deyir: “Yoldaş Zamanov, başqasına niyə ağız açırsınız? Öz səlahiyyətinizdə olan bir işi görün, göndərin rayonların birində prokruror işləyim”. A.Zamanov gülür və N.Şəbiyevi orqanda saxlayır.
Bir cinayət işinin istintaqı ilə əlaqədar N.Şəbiyevi Respublika Prokurorluğunun İstintaqa Nəzarət şöbəsinin rəisi Hüseyin Nəsirovun yanına çağırırlar. Müzakirənin gedişində Hüseyin müəllim əsəbləşir və deyir: “Nurəli, sən müstəntiq işləyə bilmirsən”. “Düz deyirsən Hüseyn müəllim, doğrudan da müstəntiq işləyə bilmirəm. Göndərin Prokuror işləyim”. Hüseyin müəllim daha da hirslənir və deyir: “Ə, Nurəli, müstəntiq işləyə bilməyən adam, prokuror necə işləyəcək?”. Cavabında N.Şəbiyev deyir: “Düyməni basıb, işçini çağırıb göstəriş də verə bilməyəcəm?”
Bu hadisədən bir neçə ay sonra Hüseyin müəllim Şəbiyevi Respublika Prokurorluğunun koridorunda görür, onunla mehriban görüşür, kefini-əhvalını soruşur. Mehribançılıqdan riqqətə gələn N.Şəbiyev deyir: “Hüseyn müəllim, bir Şəbiyeviniz var onu da atmısınız Lerikə”.
Hüseyn müəllim – “Lerikdən o tərəfə rayonumuz yoxdur” – deyə xudahafizləşir.
1985-ci ilin mart ayında Cəlilabad rayon Prokuroru vəzifəsinə təyin edildim. N.Şəbiyev 8 ay idi ki, Cəlilabadda xidməti ezamiyyətdə idi. İşə başladığım gün yanıma gəldi. Xahiş etdi ki, onu Cəlilabad rayon Prokuroru köməkçisi vəzifəsinə təyin etdirim. Mən dedim ki, Nurəli müəllim, vəzifəyə təzə təyin olunmuşam, gənc kadrlarla işləmək istəyirəm. Prokurorluğa əlavə ştat ala bilsəm, söz verirəm ki, sizin Cəlilabad rayon prokurorluğuna dəyişməniz barədə məsələ qaldıracağam. “Ələmdar müəllim, mənim dualarım sizi prokuror edib. Siz özünüz də bilirsiniz ki, illərdir Allaha yalvarıram ki, prokuror olasınız və məni yanınıza gətirəsiniz”-deyə cavab verdi.
Məsələ burasındadır ki, oturduğumuz bütün məclislərdə “Nurəli müəllim, inşallah, sən mütləq prokuror olacaqsan. Harda prokuror olsan, gəlib səninlə işləyəcəyəm” deyərdi. Mən də - “Allah ağzından eşitsin, Nurəli müəllim, təki məni prokuror təyin etsinlər, səni dağdan Arana endirmək asandır” – deyirdim.
Çarəsiz qalıb kadrlar idarəsinin rəisi Fərrux Vəkilova zəng etdim və N.Şəbiyev Cəlilabad rayon prokuroru köməkçisi vəzifəsinə təyin edildi.
Məhsuldar işləməsi üçün müxtəlif üsullara əl atırdım. Məsələn, guya kadrlar idarəsindən mənə N.Şəbiyevin attestasiya olunması ilə əlaqədar məktub gəlirdi. Həmin “məktubu” dəftərxana müdiri “gizli” ona göstərir və bundan sonra Şəbiyev bir neçə ay məhsuldar işləyirdi.
Mən nadir hallarda işçilərin otağına keçərdim. Bir dəfə N.Şəbiyevin otağına girəndə sanki məni elektrik cərəyanı vurdu. Otaqda N.Şəbiyevin başının üstündə Leninin portreti, divarın sol tərəfində M.Qorbaçovun portreti və N.Şəbiyevin sağında 75x60 ölçüdə taxtaya döyülmüş.... mənim portretim. “Nurəli müəllim, bu nədir? Bu portret nə vaxtdan sənin otağındadır?” “3 ay olar...”
Mənim ona həm təəccüb, həm də qəzəblə baxdığımı görüb – burada nə var ki? – barmağını portretlərə tuşlayaraq – bu kişi, dövlətimizin qurucusudur (Lenin). Bu kişi, dövlətimizin başçısıdır (Qorbaçov). Bu kişi də mənə çörək verəndir (Ə.Məmmədov). Portretimi ondan alıb, evə gətirdim və bugün də əziz xatirə kimi saxlayıram.
Tez-tez mənə deyirdi ki, Ələmdar müəllim, səndən yaxşı katib olar. Bir dəfə dedim ki, Nurəli müəllim, mən hara, partiya işi hara? Göndərsələr də getmərəm. Səni katib göndərsələr gedərsən? Dedi – Niyə getmirəm? Dedim ki, Nazir və ya Respublika Prokuroru göndərsələr işləyə bilərsən? Dedi – Əlbəttə. Və fikrini özünəməxsus tərzdə əsaslandırdı. Dedim ki, səni Vəzirovun yerinə I katib göndərsələr, gedərsən? Dedi – gedərəm və onlardan da yaxşı işləyərəm. “Rus dilini bilmirsən axı” – dedim. Dedi – Yoldaş prokuror, kresloya oturan kimi rus dili özü gəlib girəcək başıma.
1994-cü ildə N.Şəbiyevi təqaüdə göndərmək istəyirlər. Cəlilabad rayon prokuroru Fazil Hüseynov şəxsi dostluq münasibətlərindən istifadə edərək baş prokuror Əli Ömərova zəng edir. N.Şəbiyevlə 1 illik müavilə bağlanması və ona ədliyyə müşaviri rütbə dərəcəsi verilməsi barədə xahiş edir.
Əli Ömərov Şəbiyevi qəbul edərək deyir: “Şəbiyev, Prokuror köməkçisinin rütbəsi təsnifata görə 2 dərəcə hüquqşünasdır. Mən sənə ədliyyə müşaviri, yəni, prokuror təsnifatına uyğun rütbə dərəcəsi verirəm”. N.Şəbiyev deyir: “Əli müəllim, yarımçıq eləmə də, yəhəri vermisən, atını da ver”. Əli müəllim təəccüblə Şəbiyevə baxır. N.Şəbiyev deyir: “Rütbəsini vermisən, göndər mən də bir təyinat rayon prokuroru işləyim”. Əli müəllim gülür və N.Şəbiyevi yola salır.
Sonradan F.Hüseynovun dəstəyi ilə daha 2 dəfə N.Şəbiyevlə müqavilə bağlanılır.
Camaatla yumşaq rəftarı, gücü çatan səviyyədə ədalətli olması, mənəvi saflığına görə onun bəzi qəribəliklərinə güzəşt edilirdi. Onun hərəkətlərində uşaq saflığı var idi. Bəlkə də bu hərəkətləri ilə o zamana və qaydalara öz etirazını bildirirdi?! Bilmirik! Axı hər bir insan sirrli dünyadır.
Ələmdar Məmmədov
Keçmiş prokuror
Paylaş: