Xəbər lenti

Aslan ürəkli” Riçardın dövründən indiyədək dünyada baş verən bir çox qarışıq hadisələrdə “ingilis barmağı" axtarılır. Ancaq vəziyyət elə dəyişir ki, indi ingilislər son üç ayda ölkədə törədilən terror aktlarını təşkil edənlərin “barmağı"nı axtarır.

Son 5 əsrdir dünya siyasətində fəal dövlətlərdən, imperiyalardan biri olan Böyük Britaniyada son zamanlar törədilən terror aktları nəticəsində 34 nəfər ölüb, 148 nəfər isə yaralanıb. Bəzi mənbələr isə yaralananların sayının daha çox olduğunu iddia edirlər.

Həmin üç terror aktı barədə qısa məlumatı diqqətinizə çatdırırıq.

Martın 22-də Britaniyanın paytaxtı Londonda törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında parlamenti mühafizə edən polis zabiti də olub. Hadisə Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsündə baş verib.

Mayın 22-də gecə saatlarında "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış törədilib. Terror nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Yaralı və ölənlərin sayının daha çox olduğunu iddia edənlər də var. Məsələn, “Bloomberg” agentliyi yaralıların sayının yüzdən çox olduğu barədə xəbər yayıb.

Üçüncü terror isə iyunun 4-nə keçən gecə törədilib. "London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 49 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

Polis London körpüsündə və Boro bazarında baş verənləri terror hadisəsi adlandırıb. Asayiş keşikçiləri bildiriblər ki, Vokshollda insanlara bıçaqla hücumun London körpüsü və Bordo bazarında baş verənlərlə əlaqəsi yoxdur.

Terror aktlarının məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Hadisələrin üçü də Londonda törədilib. Ötən gün baş verən hadisədən əvvəl isə Londonun "Old Week" teatrından partlayış təhlükəsi səbəbindən insanlar təxliyə edilmişdi.

Tamaşaçıların sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları tamaşa zamanı səhnəyə çıxaraq binada təhlükəli əşyanın ola biləcəyi haqqında xəbərdarlıq ediblər.

Terror aktlarının ikisi “Böyük yeddiliy”in liderlərinin İtaliyanın Taormine şəhərində keçirilən sammitindən 5 gün əvvəl və 9 gün sonra törədilib.

Qeyd edək ki, həmin zirvə toplantısında liderlər terrorizm və ekstremizmə qarşı birgə mübarizəyə dair bəyannamə imzalayıblar.

Sənədin əsas təşəbbüskarı qismində Böyük Britaniyanın baş naziri Tereza Mey çıxış edib.

Bu terrorlar Britaniyada parlament seçkilərindən 4 gün əvvəl törədilib. İyunun 8-də krallıqda parlament seçkiləri keçiriləcək. Baş nazir Tereza Mey bildirib ki, bu siyasi kampaniya təxirə salınmayacaq.

Müxalifətdə olan Leyboristlər Partiyasının lideri Ceremi Korbin hökuməti terrora qarşı mübarizədə zəiflik göstərməkdə, 20 min polisi və təhlükəsizlik qüvvəsini ixtisar etməkdə qınayaraq bildirib: “Təhlükəsizliyin təmin edilməsinə qənaət etməklə vətəndaşları qoruya bilməsiniz. Siz insanları ucuz müdafiə edə bilməzsiniz. Polis Federasiyası Tereza Meyə xəbərdarlıq etmiş. Ancaq o, polisi yalan həyəcan yaratmaqda ittiham etmişdi”.

Müxalifət yaranmış vəziyyətdən təbliğat kampaniyasında həm də öz xeyrinə istifadə etməyə çalışır.

Sonuncu terror aktı Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar keçirilən referendumun ildönümünə də təsadüf edir.

Qeyd edək ki, 2016-cı il iyunun 23-də Britaniyada “Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?” sulları əsasında referendum keçirilib.

Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faizi isə qalmasına səs verib.

Beləliklə, 70 ildir parçalanması davam edən Böyük Britaniya və Şimali İrlandiya Krallığında törədilən son terror aktları ilə bağlı aşağıdakı qənaətlərə gəlmək olar:

- Terror aktlarında İŞİD-in adı çox hallandığından Britaniyanın terrorçuluğa qarşı mübarizədə fəallığını artırmağa cəhd;

- Britaniyadan ötən əsrlərdəkilərə görə “qisas” almaq fürsəti;

- Krallığın “Brexit”inə cavab;

- Ölkəyə miqrant və qaçqın axınının qarşısını almaq üçün tutarlı əsas əldə etməyə səy göstərmək;

- Bir neçə il əvvəl keçmiş baş nazir Devid Kemeron bəyan etmişdi ki, ölkəyə gələnlər Britaniya mədəniyyətinə inteqrasiya olunmur və öz milli düşüncələrində qalırlar. O, bunun üçün krallığın multikulturalizmdən imtinası ideyasını irəli sürmüşdü. Bu baxımdan həmin teror aktından sonra Britaniyanın multikulturalizmdən imtinası sürətlənə bilər;

- Şotlandiya parlamenti ilyarımdan sonra müstəqilliklə bağlı ikinci dəfə referendum keçirmək haqqında qərar qəbul edib. Bu hadisə onun krallıqdan çıxmasının sürətləndirilməsinə xidmət edə bilər;

- Təhlükəsizliyin təmin edilməsinə xərclərin artırılması üçün daxili qüvvələrin təşkil etdiyi aksiya ola bilər və s.

Bu il Avropanın daha iki böyük dövlətində Fransa, Almaniyada da terror aktları törədilib və ya onun qarşısı alınıb. Bu onu göstərir ki, terrorizmin əsas hədəfi Avropa ölkələridir. Ancaq təəssüflər olsun ki, avropalılar bu bəlaya qarşı mübarizədə birbaşa deyil, başqa qruplaşmalar və ya dövlətlərin vasitəsilə mübarizə aparmağa üstünlük verirlər.

Britaniyada törədilən terrorun Avropanı bu istiqamətdə bir daha düşünməyə vadar edə bilər. Əks halda onların Orta Şərqdəki böyük maraqlarından imtina etməsi də istisna edilmir.

Nəhayət, belə getsə, bir zamanlar dünyanın ən böyük müstəmləkə imperiyası olmuş Britaniya dünyanın siyasi səhnəsindəki qüdrətini itirə bilər. Azı hadisələr hələlik onu proqnozlaşdırmağa əsas verir. //Report.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 064          Tarix: 5-06-2017, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma