“İŞİD-in nə zamansa İranı hədəf seçəcəyi bəlli idi. Bəri başdan deyim ki, İran parlamentində və Xomeyninin movzoleyində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf İŞİD-in dəst xəttidir”.
Modern.az xəbər verir ki, bu fikirləri “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İranda bu gün törədilən terror aktlarını şərh edərkən deyib.
Politoloq bildirib ki, əslində İŞİD-in nə zamansa İranı da hədəf alacağı gözlənilən idi.
“İŞİD ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə İŞİD-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. İŞİD cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, qalmışdı bircə İran, ona da əli çatdı. İŞİD-in məqsədi İranı daxildən qarışdırmaqdır. Bundan sonra nə baş verə bilər?”.
E.Şahinoğlu İranın iki yolunun olduğunu qeyd edib.
“Birinci yol ölkədə təhlükəsizlik tədbirlərini gücləndirərək, Suriya və iraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq. İkinci yol İranda hakimiyyətə müxaif olan və fərqli düşünən bütün qüvvələrə qarşı “terrora dəstək” adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaq. İkinci yol İrana yaxşı heç nə vəd etmir, əksinə İŞİD-in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya və də Fransadır ki, terrorla üzləşdikdən sonra “azadlıqların təminatı yoxsa sabitlik” dillemması qarşısında qalsın. Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu İranın daxili problemlərini bir az daha artıracaq. İŞİD-ə də elə bunu istəyir”.
Politoloq bildirib ki, terror Azərbaycanın qonşuluğuna çatıb.
“Azərbaycan İŞİD-ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən İŞİD sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi porblematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir.
Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər də var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq. “Əcinnə ovu”na əsla əsas verməməliyik, bunun əksi İŞİD-in maraqlarına cavab verər”.
Qeyd edək ki, bu gün İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub. Silahlılar daha 4 nəfəri isə girov saxlayırlar. Xüsusi təyinatlılar onların xilas edilməsi üçün əməliyyat keçirir. Xomeyninin türbəsinə hücum edən dörd nəfərdən biri özünü partladıb, bir nəfər isə kimyəvi maddə içərək özünü öldürüb. Türbəyə hücum nəticəsində xeyli yaralının olduğu bildirilir. Baş vermiş hadisəni İŞİD öz üzərinə götürüb.
Paylaş: