Bir milləti məhv etmək üçün onun təhsilini əlindən almaq yetərlidir
Fransız psixoloqu Lebon Qustavın "Xalqlar və kütlə psixologiyası" əsərini oxuyandan sonra uzun zaman məni narahat edən çox suallara cavab tapdım. Böyük "fanat ordusuna malik" bəzi müğənnilərin anlamsız və bayağı “mahnılar"ını yüksək səviyyəli musiqi əsərlərindən üstün tutan kütlənin bu qəribə zövqünün haradan qaynaqlandığını anladım. Xarici müğənnilər qarşısında gənclərin, əsasən qızların kütləvi psixoza məruz qalmasının,(ağlamaq, bağırmaq, saçını yolmaq, özündən getmək, heyranı olduqları məşhurun ayaqqabısını yalamaq və s.) efirlərdə ucuz şoulara hərisliyin, mənasız və şit seriallara kütləvi bağlılığın, başqalarının şəxsi həyatına sonsuz marağın, çoxsaylı “vətənşüvənliyin” səbəblərini özüm üçün aydınlaşdırdım.
Bəzən biz televiziya kanallarını yeril-yersiz qınayır və insanların zövqünü korlamaqda ittiham edirik. Amma unuduruq ki, indi bütün sahələrdə, o cümlədən, zövq məsələsində də kəmiyyət keyfiyyəti getdikcə üstələyir. Yüksək səviyyəli, düşündürücü, milli-mənəvi dəyərlərin təbliğinə və müxtəlif problemlərin həllinə yönəlik ciddi verilişlərin adətən izləyiciləri çox az olur. Hazırda mütaliəni sevənlərin az olduğu kimi...
"Xalqlar və kütlə psixologiyası" əsərində Lebon yazır ki, izdiham zamanı adamlarda "indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər” ortaya çıxır. Belə vəziyyətdə fərd qəribə süur əldə edir. Həmin düşüncələr onu qeyri-adi instinktlərə tabe olmağa vadar edir. Halbuki tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir. Psixoloqa görə, kütlə anonimdir və ona görə də məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin digər əsas xüsusiyyəti, təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur. Kütləni psixoloji baxımdan dəqiqlikdə ifadə edən bu fikirlərdə həqiqət yükü çox böyükdür. Kütləni asanlıqla idarə etmək, onu istənilən istiqamətə yönəltmək mümkündür. Müşahidələr göstərir ki, müəyyən qüvvələr kütlənin milli, dini hisslərini, zövq və düşüncələrini bacarıqla yönləndirib istədikləri məqsədə asanlıqla nail olurlar. Bunun üçün onlara ilk növbədə, şüurların inkişaf edərək, millətdən xalqa çevrilməsinin qarşısını almaq lazımdır. Bu məqsədə çatmaq üçün vasitələr də az deyil. Ölkə təhsilini məhv etmək,(bu gün gənclər arasında adını yaza bilməyənlər var və onların sayı sürətlə artmaqdadır) gənclərin istək və arzularını bəsit və bayağı qəlibə salmaq, insanlarda yüngül musiqiyə, kriminal, qorxu, sevgi, xəyanətdən bəhs edən filmlərə, qeyri-ciddi əsərlərə, əyləncə və şoulara kütləvi marağı təmin etməklə zövqləri korlamaq və digər addımlar məhz bu məqsədə yönəlib. Həmin niyyətin reallaşması üçün sosial şəbəkələrdən geniş istifadə, “reytinq” deyilən bəla və təbliğat əvəzsiz rola malikdir.
Bəzi gənc ifaçılar Rusiyada yaşayan azərbaycanlılar, Türkiyə və Orta Asiya türkləri arasında populyarlıq və fanat kütləsi qazana bilirlər. Amma bu, onların yaxşı oxuduğuna, mahnılarının "şedevr”olduğuna dəlalət eləmir. Heç kəsə sirr deyil ki, Azərbaycan musiqisi bütün Türk dünyasında öz zəngin irsi ilə fərqlənir. Mən hələ muğamlarımızı və xalq mahnılarımızı demirəm. Üzeyir bəylə başlayan və Şəfiqə xanım, Tofiq Quliyev, Emin Sabitoğlu və adlarını qeyd etmədiyim onlarla korifeylərimiz tərəfindən davam etdirilən, klassiklərdən üzü bəri Müşfiq, Rəsul Rza, Əli Kərim, Nüsrət Kəsəmənli və şeirlərinə musiqi yazılmış onlarla digər söz ustadlarımız bizə ecazkar mahnılar bəxş edib gediblər. Bu ənənə indi də davam edir. Türkiyənin və dünyanın çox ölkələrinin məşhur müğənniləri belə Azərbaycanın zəngin musiqi irsi olduğunu etiraf edirlər. Bədnam qonşularımız nahaq yerə bu misilsiz inciləri bizdən oğurlamırlar ki? (Necə deyərlər, yeməyənin payını yeyərlər. Bizim öz sərvətimizə sahib çıxmamağımız və yalnız başqalarının dəyərini qazandıqdan sonra qiymətə minməsi isə basqa söhbətin mövzusudur.) Amma bütün bunlara rəğmən, kütlə mənasız söz yığını və plagiat musiqidən ibarət bayağı mahnılara bayılır. Unutmayaq ki, "fanat" ifadəsi "fanatizm" sözündən qaynaqlanır və artıq insanların kütləvi şəkildə cahiilləşməyə doğru getməsinin göstəricisinə çevrilməkdədir. Cahil kütlə ilə ağalarının əmrini dinmədən yerinə yetirən zombilər arasında isə elə də ciddi fərq yoxdur.
Nazilə Nəriman
Paylaş: