Aram Amatuni
“1in.am”, Ermənistan, 09 fevral 2020-ci il
Konstitusiyanın dəyişdirilməsi üçün referendumun keçirilməsi, şübhəsiz, çoxqatlı və aralıq oyundur. Bu, yeni hakimiyyətə, konkret Nikol Paşinyana inqilabsonrası Ermənistanda hazırda, indiki mərhələdə mövcud olan bir neçə əhəmiyyətli məsələni həll etməyə imkan verəcək. Böyük ölçüdə məhz Paşinyana imkan verəcək, çünki bu məsələlərin dairəsinə Baş nazirin qarşısında duran və mövcudluğunu bir sıra bəyanatlarında etiraf etdyi idarəçilik sisteminin effektivliyi problemi də daxildir.
Diqqətçəkicidir ki, Paşinyan onlardan birini hökumətin 6 fevralda keçirilən iclasında, Şəhərsalma Komitəsinin sədri Vaaqn Vermişyanın rüşvətxorluq ittihamıyla həbs olunması ilə bağlı səsləndirib. Paşinyan bəyan edib ki, baş vermiş hadisə onun və ictimaiyyətin təhqir olunmasıdır.
Təbii, burada söhbət həbsdən deyil, yüksək rütbəli məmurun yeni reallıqların olduğu və korrupsiya ilə mübarizədə siyasi iradənin açıq şəkildə ortaya qoyulduğu bir şəraitdə yol verdiyi hadisədən gedir. Ancaq burada problem və Baş nazirin müvafiq işarəti, əlbəttə, daha dərindir və kadr siyasətinə toxunur.
Nəticədə kadr siyasəti hakimiyyətin müxtəlif qanadlarının maraqlarının toqquşması, lobbiçilik və s. şəraitində formalaşır və Baş nazirin haqqında danışdığı təhqir, əlbəttə, yalnız dəyərlər sistemi baxımından deyil, həmçinin sistemdaxili anlamda verilən işarətdir. Ələlxüsus o da nəzərə alınmalıdır ki, bu mövzu hələ Kadastr Komitəsinin sədri Sarhat Petrosyanın istefa verdiyi dövrdə gündəliyə gəlmişdi. Belə ki, o, öz istefasına, həmçinin, Vermişyana və Baş nazirin müavini Tiqran Avinyana işarə edərək, məhz şəhərsalma sahəsində mövcud olan korrupsiya risklərilə haqq qazandırmışdı.
Bu mənada, o da diqqətçəkəndir ki, yaranmış problemlərə, Konstitusiya Məhkəməsində baş verən hadisələrə və referenduma, başqa sözlə desək, ictimai etimadla əlaqədar özünəməxsus səsvermənin keçirilməsinə paralel olaraq, başqa əhəmiyyətli kadr dəyişikliyi baş verib. Nikol Paşinyan, bir neçə gün öncə töhmət verilmiş Hərbi-Sənaye Komitəsinin sədri Avetik Kerobyanı istefaya göndərib. Ancaq bundan sonra problem, səbəbi nə olursa-olsun, faktiki həll olunmayıb. Bu da daha dərin və çoxqatlı problemlərin mövcudluğunu növbəti dəfə göstərib. Buradakı problem, şübhəsiz, dərin siyasidir və hakimiyyət-müxalifət sferasındakı daxili qarşıdurmadan heç də az siyasi deyildir.
Belə bir durumda referendumun keçirilməsi bir tərəfdən, Baş nazir Nikol Paşinyan üçün müəyyən yeni, o cümlədən hakim çoxluq daxilində yenidənqurma və yerdəyişmələrlə əlaqədar ola biləcək addımların atılması ilə bağlı stimullaşdırma üçün yeni inqilabi nəfəs anlamına gəlir. Digər tərəfdən, siyasi proseslərin geniş və çoxqatlı idarəçiliyinə şərait yaradır. Bu da siyasi sferada toplanmış gərginliyi müəyyən dərəcədə azaltmağa və onun idarəçilik dərəcəsini yüksəltməyə imkan verə bilər.
Paralel olaraq, Nikol Paşinyan 05 avqustda (2019-cu il – tərc.) Stepanakertdə (mətndə Xankəndi belə adlandırılıb – tərc.) dilə gətirdiyi ümumxalq konsensusu və ətrafında konsensus formalaşdırmağı təklif etdiyi 6 maddə haqqında danışıb. Praktiki olaraq, bu, inqilabın ikinci dalğasının baş tutacağı halda, necə deyərlər, “inqilab sonrası” ideya platforması ilə bağlı təşəbbüs və ya təklifdən başqa bir şey deyildir. Bu, obyektiv və subyektiv səbəblər üzündən “birinci dalğa”dan sonra olmayıb.
Əlbəttə, əsas sual ondan ibarətdir ki, həqiqətənmi təklif irəli sürülüb, yoxsa bu, aralıq oyunda problemləri həll etmək üçün yayındırıcı manevrdir? Və sonra yenə də, 05 avqustdan sonra faktiki olduğu kimi, öz aktuallığını itirə bilər.
Strateq.az
Paylaş: