Xəbər lenti

 

Bugünlərin söhbətidir. İran İslam İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Yadulla Cavani İRNA agentliyinə müsahibəsində belə dedi: “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik”. İsrailin baş naziri Benyamin Netanyahu bu hədəyə hədə ilə cavab verib: “İrandan gələn təhdidləri gözardı etmirik. Qorxmuruq da. Əgər bu rejim (İran) Təl-Əviv və Hayfanı yox etməyi sınamaq xətası buraxarsa ki, bunu bacarmaz – bu, onların son bayramı ola bilər. Bunu da nəzərə almalıdırlar”. Burada söhbət hər il qeyd olunan İran İslam İnqilabının şərəfinə təşkil olunmuş bayram atəşfəşanlığından gedir...

Bu kimi təhdidlər İran tərəfindən əvvəllər də səsləndirilib. Əminəm ki, bundan sonra da bu tip bəyanatlar gündəmə gələcək. Bəs İran Təl-Əviv və Hayfanı vura bilərmi? Qərb mətbuatında gedən analitik təhlillər əsasında bu suala cavab verməyə çalışacağıq.

7de3a306-e5fb-4a0c-b7d8-21d52c7e8335.jpg (77 KB)

Aydındır ki, İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasım Süleymaninin Amerika tərəfindən İraqda aradan götürülməsi Yaxın Şərqdə gərginliyi kəskin şəkildə artırdı. ABŞ-la İran arasında müharibənin başlaması ehtimalı çoxaldı. Yaxın Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi isə İsraildir. Amerikaya gücü çatmayan İranın İsrailin üstünə yeriməsi son dərəcə realdır. Əslində İranla İsrail arasında müharibə olub. Sadəcə 2006-cı ildə başlayan həmin müharibəni İran Livanda yaratdığı “Hizbullah” təşkilatının əli ilə apardı.

Xatırladım ki, həmin müharibə 12 iyulda başladı, 14 avqustda sona çatdı. 34 gün davam edən döyüş 8 sentyabrda rəsmən yekunlaşdı. Analitiklər həmin müharibəni İsrail ilə İran arasında ilk hərbi konflikt kimi dəyərləndirirlər.

Həmin konfliktdə bugünümüzə bağlı önəmli bir məqam var. O vaxt “Hizbullah” döyüşçüləri sərhəd yaxınlığından İsraili raket atəşinə tutdular. Buna cavab olaraq İsrail qırıcıları Livanı bombaladı. 1300 nəfərə yaxın livanlı, 165 yəhudi öldürüldü. 1 milyon livanlı, yarım milyon isə yəhudi qaçqın düşdü...

O vaxt İsrail Müdafiə Nazirliyi vurğulamışdı ki, “Hizbullah” döyüşçülərini “Həmas” döyüşçüləri ilə müqayisə etmək böyük yanlış olardı. “Hüzbullah”çılar hərbi baxımdan son dərəcə hazırlıqlıdır...

 

Fələstində də İrana bağlı hərbiləşmiş “Hamas” təşkilatı var. Bu təşkilat sünnilərdən ibarətdir. Buna baxmayaraq, İrana bağlıdır. Sirr deyil ki, bu təşkilat da Israili tez-tez raket atəşinə tutur. Bu təşkilatın da bütün hərbi təchizatı və xərcləri əsasən İrana bağlıdır...

Elə Qasım Süleymaninin İraqda ərsəyə gətirdiyi “Həşdi Şabi” şiə milis qüvvələri İŞİD-ə qarşı döyüşüb. İraqda İrana bağlı digər şiə hərbi birləşmələr də var. İran İraqda ciddi söz sahibidir. Bu təsir o həddədir ki, rəsmi Tehran yerli siyasi elitanın əli ilə ABŞ-ı İraqdan qovmağa çalışır...

Suriya prezidenti Bəşər Əsədin İrana son dərəcə bağlı olması isə kimsədə şübhə doğurmur.

Deyim ki, İsrail hökuməti də İranla müharibənin mümkünlüyünü tez-tez müzakirə edir. Çünki ortada ciddi səbəblər var.

İranın Yəməndəki müttəfiqi olan Husi üsyançıları Səudiyyə Ərəbistanının iki neft yatağına hücumu bütün dünyada geniş rezonans doğurdu. Oxşar hücumun İraqdan İsrailə qarşı edilə biləcəyi qənaətinə gələnlər də çoxdur.

 

İranın bölgədə bu qədər müttəfiqi var. Rəsmi Tehran bu müttəfiqlərindən İsrailə qarşı istifadə edə bilər. “Hizbullah” bu baxımdan xüsusi diqqət çəkir. Yuxarıda vurğuladığımız kimi bu təşkilat hərbi baxımdan çox hazırlıqlı və güclüdür. Siyasi analitiklərin ümumi rəyinə görə, İsrailə ilk hücumu İran bu dəfə də məhz “Hizbullah”ın üzərindən həyata keçirəcək. O da aydındır ki, İsrail qırıcıları yenidən Livanın paytaxtı Beyrutu bombalayacaq. İranın bu işə müdaxiləsi isə Amerikanı hərəkətə keçməyə vadar edəcək. Ağlınız Səudiyyə Ərəbistanına getməsin. Bəli, Amerika rəsmi müttəfiqi olan Əl-Riyada görə İranla müharibəyə başlamadı. Ancaq İsraillə bağlı Amerika dərhal və kəskin addımlar atacaq.

Tarixi bir fakta diqqət edək: İsrailin ABŞ-dakı səfiri öz xatirələrində yazır ki, Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşərkən belə dedi: “Amerika müharibə olacağı təqdirdə həmişə İsrailə kömək edəcək. Çünki Amerika xalqı məhz bunu istəyir”.

 

Səbəb bəllidir. Amerika əhalisinin cəmi iki faizə yaxını yəhudi olsa da, onlar Amerikanın siyasi və iqtisadi alanında dominant mövqelərə sahibdirlər. Donald Trampın Qüdsi İsrailin paytaxtı kimi tanıması, elə yəhudilərə dəstək xarakterli İsrail-Fələstin sülh planını Amerikada yəhudi təsirinin hansı həddə olmasını açıq şəkildə ortaya qoyur...

Göründüyü kimi, İranın Yaxın Şərqdə İsrailə qarşı istifadə edə biləcəyi xeyli güc mərkəzləri var. Bəs bu mərkəzlərin texniki təchizatı hansı həddədir? Onların İsrailə hücumu effektli ola bilərmi?

Qərb analitikləri yazırlar ki, bizdə trotil partlayıcı maddəsi sayılan, beynəlxalq leksikonda isə Trinitrotolout kimi tanınan partlayıcı maddədən istifadə etməklə İran yeni raket qurğuları yaradıb. Həmin raketlər 1 ton trotil maddəsini daşımaq gücündədir. 2006-cı ildə “Hizbullah” hər gün İsrailə 200-30 raket atırdı. Bu gün isə bu göstərici 4 min ola bilər. Yəni, ortada ciddi kəmiyyət fərqi var. Hələ bu, hamısı deyil. Hazırda İsrailin Hava Hücumundan müdafiə sistemi belə raketlərin ən yaxşı halda 90 faizini neytrallaşdıra bilər. Bu isə hər gün 400 raketin İsrailə düşməsi deməkdir. Həm də hazırda “Hizbullah”ın əlində olan raketlərin uçuş trayektoriyası da ciddi şəkildə çoxalıb. Yəni, həmin raketlər İsrailin ən ucqar nöqtələrini belə vurmaq gücündədir.

 

Eyni zamanda “Həmas” da İran istehsalı olan eyni tipli raketlərlə İsraili atəşə tuta bilər. 2014-cü ildə “Həmas” İsrailə raket yağdıranda bu ölkənin hava və dəniz limanları demək olar ki, sıradan çıxdı. Beynəlxalq uçuşlarda sıxlıq yarandı. Dəniz limanlarından İsrail mallarının daşınmasında ciddi fasilələr oldu. Milyonlarla İsrail vətəndaşı yağan raketlərin gətirdiyi təhlükədən sığortalanmaq üçün yeraltı sığınacaqlara çəkildi. Yüz minlərlə yəhudi ev-eşiyindən didərgin düşdü. Restoran və hotellər bomboş qaldı. İsrail faktiki iflic olacaq...

Doğrudur, İsrail hərbi maşını son dərəcə güclüdür və qarşı tərəfi susdurmaq üçün ciddi gedişlər edəcək. Amma onu da nəzərə almaq lazımdır ki, raket təkcə Livandan atılmayacaq. Qəzzadan İrana bağlı “Həmas” və “İslam Cihad” təşkilatları da hücuma keçəcək. Rəsmi məlumatlara görə onların əlində ən azı 10 min ədəd raket var.

Bundan başqa İranın istehsalı olan “Şahab-3” uzaq mənzilli raketləri Suriya, İraq, Yəmən, hətta İranın özündən belə İsraili vura bilər.

Belə olduqda isə vəziyyət dəyişəcək. 2006-ci ildə İsrail “Hizbullah”a qarşı əsasən qırıcılardan istifadə etdi. İndi isə o, Livana və Gəzzaya quru qoşunlar yeritmək məcburiyyətində qalacaq. Bu isə İsrail ordusunda itkilərin sayını kəskin şəkildə çoxalmasına gətirib çıxara bilər. Bundan başqa, Suriya və İraqa da quru qoşunları yeritmək lazım gələcək.

 

Fələstində vəziyyət gərginləşəcək. Üsyançılar hər yeri bürüyəcək. İsrail yenə bu üsyanları sərt şəkildə yatırmalı olacaq. Bu isə Israilə beynəlxalq təzyiqləri gücləndircək...

Analitiklər ona da əmindir ki, onsuz da İsrailin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qarşısına çıxarılmasını tələb edən beynəlxalq təşkilatlar çoxdur. Hollandiyanın Haqqa şəhərində yerləşən bu hökumətlərarası təşkilat və beynəlxalq tribunal İsraili ciddi şəkildə cəzalandıra bilər. Qeyd edək ki, BCM insanlığa qarşı soyqırım və müharibə cinayətləri törədən şəxsləri cəzalandırmaq səlahiyyətinə malikdir...

Elbəyi Həsənli, Sürix
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 641          Tarix: 17-02-2020, 18:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma