Xəbər lenti
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd etdik. Şərqdə ilk demokratik, müstəqil müsəlman ölkəsi mövcud olduğu illərdə bir çox uğurlara imza atdı, özünü daxili və xarici müdaxilələrdən qorumaq üçün güc strukturlarını formalaşdırdı – onlardan biri də, bəlkə də ən mühümü xarici qüvvələrin əllərini Azərbaycandan kəsmək üçün ilk dəfə təsis olunmuş Əks Kəşfiyyat İdarəsi idi.
Vaxtı ilə istər televiziyada, istərsə də məktəbdə sovet agentləri, kəşfiyyat və əks- kəşfiyyatçıları ilə bağlı şahidi olduğumuz çoxlu filmlər, əhvalatlar və s. onları o vaxtdan təsəvvürümüzdə elə əfsanəyə çevirib ki, indi də unuda bilmirik.
Əslində burada elə bir qəbahət də yoxdur. Çünki onların bir çoxu ya milliyyətcə azərbaycanlı, ya da Azərbaycanda doğulub boya-başa çatan həmyerlilərimiz olub.
Məsələn, Bakıda Mərdəkanda doğulan milliyətcə rus-alman qarışıqlı məşhur sovet kəşfiyyatçısı Rixard Zorge bu gün də istinad edilən tarixi sənələrdə ən məşhur obrazlardandır. Məhz Zorge İkinci Dünya Müharibəsi ərəfəsində almanların SSRİ-ə hücum edəcəyi günü dəqiqliyi ilə iki ay qabaqcadan məxfi kanallarla Yaponiyadan mərkəzə - Moskvaya bildirmişdi. Eyni qüruru digər sovet kəşfiyyatçısı, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadəyə görə də yaşamaq olur...
Lakin demək olar ki, bir əsrə yaxın sirli qalan tariximiz sırf Azərbaycan üçün həyatlarını belə fəda edən həmyerlilərimizin hətta adından əksəriyyətimizi xəbərsiz qoyub. Söhbət Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat tarixindən düşdüyü üçün biz onlar arasında Cümhuriyyət tariximizdə bu xidmətin əsasını qoyan Nağı bəy Şeyxzamanlıdan söz açmağa cəhd edəcəyik. Onu da qeyd eləmək yerinə düşər ki, Nağı bəy bu yolda doğma qardaşı Məmmədbağır bəy ilə birgə olub.
Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olub. O, Çar Rusiyasının Qafqazda təşkil etdiyi etnik münaqişələr üzündən gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağaoğlu tərəfindən qoyulan gizli “Difai” təşkilatının, 1917-ci ildən isə Nəsibbəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət Partiyasının fəal üzvü olub. 1917-ci ilin may ayında Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat adını almış həmin partiyanın üzvü kimi Nağı bəy ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlayır.
1918-ci ildə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun fəaliyyət dairəsi daha da genişlənir. 1919-cu ilin mart ayında qardaşı Məmmədbağır bəy Şeyxzamanlı tərəfindən müstəqil Azərbaycanda ilk dəfə təsis olunmuş Əks Kəşfiyyat İdarəsində həmin ilin avqust ayında rəis kimi qardaşını əvəz edir (Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verib - “Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri”, Nağı bəy Şeyxzamanlı). 1920-ci ilin aprel ayında Cümhuriyyətin süqutuna qədər həmin təşkilatın rəhbəri olub. Aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən istilasından sonra qardaşı Məmmədbağır bəy bolşeviklər tərəfindən güllələnir. Mühacir həyatı keçirməyə məcbur olan Nağı bəy özü isə bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilib. Həmin əsərləri Keykurun imzası ilə yazan Nağı bəy Şeyxzamanlının İstanbulda 1957-ci ildə “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev”, 1963-cü ildə “Dərdləşmə” və 1964-cü ildə “Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri” adlı kitabları çapdan çıxıb. Sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilib. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə Vətən həsrəti ilə ABŞ-da vəfat edib.
Haqqında yazılanlardan hiss olunur ki, Nağı bəy son dərəcə vətənpərvər bir şəxs olub. Onun Cümhuriyyətin yaradılması uğrunda siyasi fəaliyyətinin başlanğıcı, özünün də xatirələrində qeyd elədiyi kimi, gizli “Difai” təşkilatı ilə bağlıdır. Bəlkə də bu təşkilatın məram və məqsədləri onun gələcəkdə Cümhuriyyət hökumətində Əks-kəşfiyyata rəhbərlik etməsinə gətirib çıxarıb. Çünki “Difai”nin konsepsiyası XX əsrin əvvəlləri Çar İmperiyasında azərbaycanlılara divan tutan işğalçı məmurları, generalları, xəfiyyələri və s. izləyib aradan götürməkdən ibarət olub.
O, xatirələrində bu təşkilatın yaradılması və onun burada fəaliyyətə başlaması səbəblərini çox maraqlı şəkildə izah edir.
1905-ci ildə Rus İmperiyasını bürüyən inqilab ərəfəsində Çar xüsusi xidmət orqanları həmişəkindən də çox azərbaycanlıların üsyan ab-havasından bərk narahat olur. Yaponiya ilə müharibədən rüsvayçı razılaşma ilə məğlub çıxan Çar hökuməti bu məğlubiyyətin özündəki inqilabi meyllərdən doğan səbəblərini əzmək üçün daxildə müxtəlif millətlərdən olan təşkilatlar arasındakı fikir ayrılıqlarını boğmaq qərarına gəlir. Monarxiya bunun üçün imperiya daxilində etnik çoxluqlar arasında ədavət toxumu səpməklə, onu qızışdırmaqdan istifadə edir. İlk olaraq, imperiyanın mərkəzində şovinist ruslar birgə yaşadıqları yəhudilərə qarşı qızışdırılır. Rusiyanın mərkəzində bir çox yerlərdə xeyli yəhudi qırğınları təşkil olunur. Çarizm bunu elə təşkil edir ki, rus millətinin hər bir sinfi-monarxisti, sosialisti və s. bu qırğına qatılır. Həmin il Rusiyada yüzlərlə yəhudi qırılır.
Artıq mərkəzdə öz istəyinə çatan Çar hökuməti təbii olaraq imperiyanın ucqarlarında, xüsusi ilə Qafqazda inqilab qorxusundan doğan narahatlıqlarına son qoymağı planlaşdırır. Burada rusların ən çox ehtiyat etdikləri isə təbii ki, azərbaycanlılar olur. Nəzərə alsaq ki Çar Rusiyası hələ bundan bir əsr əvvəl Azərbaycanı işğal edərkən daha çox müqavimətlə Gəncədə rastlaşıb və buranı zəbt edərkən də başda Cavad xan olmaqla kütləvi qətliama səbəb olub, o zaman imperiyanın bu şəhərdən daim ehtiyat etməsi başa düşülən idi. Çar hökuməti hər an gəncəlilərin intiqamından qorxurdu, şəhərdə azərbaycanlılar üzərində ölüm kabusuna oxşar nəzarət vardı.
Şeyxzamanlı xatirələrində yazır ki, həmin ərəfədə imperiyanın mərkəzində başlanılan etnik qarşıdurma oyunu Azərbaycanda, xüsusilə Qarabağda və Gəncədə çox ustalıqla davam etdirilirdi: “Şuşada dərhal ermənilər azərilərin üzərinə saldırıldı. Bu şəhərdə yerləşən rus diviziyasının komandiri general Kalasçapov qarşıdurmada ermənilərin azərilərə uduzduqlarını görüncə diviziyasında olan erməni əsgərlərinə mülki libas geyindirib, dövlət silahları ilə ermənilərin köməyinə göndərdi. Bunu eşidən Gəncə camaatı Şuşadakı qardaşlarına kömək etməyə başladılar. Bundan xəbər tutan Çar xüsusi xidmət orqanları dərhal belə bir qarşıdurmanı Gəncədə də təşkil etdi. Bundan başqa, ruslar Azərbaycan bölgələrinin bir-birinə köməyə gəlməməsi üçün eyni halı Bakıda, Şamaxıda və başqa bölgələrdə də yaratmağa başladılar. Rus diviziyaları hər yerdə açıq şəkildə bu qarşıdurmada ermənilərə yardım edirdilər, onlarla azərilərdən olan insanlar hər gün göz qabağında qırılırdı. 1905-ci il inqilabını nəticəsiz buraxmaq üçün Çar İmperiyası ən çox ehtiyat etdiyi bölgədə ən çox ehtiyat etdiyi xalqı - azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə qarşı-qarşıya qoydu. Bununla İmperiya, digər əyalətlərdə olduğu kimi, burada da öz məqsədinə çatdı - inqilabın partlaması ilə sönməsi bir oldu. Çar hökuməti məqsədinə çatdığını görərək, dərhal qızışdırdığını münaqişəni yatırmağa başlayır. Bakıda, Qarabağda, Gəncədə və Tiflisdə etnik xalqlar arasında barışıq yaradır. Qalib çıxan Çar Hökuməti əyalətdə gələcək belə inqilablardan sığortalanmaq üçün qeyri-rus millətlərinin haqlarını kiçik formada tanıyacaq bəyanat da verdi:
I. Dövlət Dumasının (parlament) qurulması və oraya hər millətdən deputatların göndərilməsi;
II. Hər millətə din, hürriyyət verilməsi və yenə hər millətin ana dilində məktəblər açılmasına və qəzet, jurnal nəşr etmələrinə icazə verilməsi.
Çar Hökuməti bunun üçün ancaq icazə verdi, heç bir təchizat etmədi. Və ziyalılar arasında da heç bir şübhə qalmadı ki, ermənilərin əli ilə bu qədər azəri qıran ruslar, lazım olsa, yenə bu vasitəyə əl atacaq. Buna baxmayaraq, az da olsa tanınan bu haqdan istifadə edərək, Bakıda 20 gündəlik qəzetlər ilə birlikdə həftəlik və aylıq jurnallar nəşr olunmağa başlandı, bəzi bölgələrdə ana dilində məktəblər də açıldı. Bundan başqa, Gəncədə azərbaycanlıların dörd cəmiyyəti quruldu: Xeyriyyə cəmiyyəti, Maarif cəmiyyəti, Dram cəmiyyəti və mənim də qoşulacağım gizli “Difai” təşkilatı. O biri cəmiyyətlərin məqsədi pul toplayaraq xalqımızın ehtiyacını ödəmək, məktəblər açmaq, teatr-tamaşalar yaratmaqla milli mübarizəni gücləndirmək idisə, bizim “Difai” təşkilatının xalq uğrunda məqsədi daha konkret idi. “Difai” elə bu məqsədi doğuran zərurətdən də yaranmışdı. Təşkilat xalqımıza insani münasibət göstərməyən, erməni-azəri qarşıdurmasında ermənilərə açıqca yardım edən rus çar idarəçilərinə haqq etdikləri cəzanı vermək üçün qurulmuşdu”. (“Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri”, Nağı bəy Şeyxzamanlı).
Təşkilatın yaranma tarixi də təsadüfi və gözlənilməz olur. Yenə Nağı bəy yazır ki, 1905-ci ildə yenicə erməni-azəri toqquşması yatırılmışdı ki, Bakıda qəzet çıxaran, xalq arasında ziyalıların xüsusi sevgisini qazanan Əhməd bəy Ağaoğlu Gəncəyə gəlir: “Camaat məscidə çağırılmışdı və ağzına kimi adamla dolu idi. Mən də orada idim və Ağaoğlunu da ilk dəfə orada gördüm. Əhməd bəy minbərə çıxaraq camaata müraciət edərək, ermənilər ilə azərilər arasında baş verən qırğında rusları kəskin ifşa və ittiham etdi. Hamı onun səsinə səs verdi” (Yenə həmin mənbə).
Ağaoğlunun Gəncəyə həmin səfəri zamanı Nağı bəylə onun arasında tanışlıq yaranır. Nağı bəy yazır ki, həmin günün axşamı Gəncədə Ələkbər bəy Rəfibəyli, Ələsgər və Ələkbər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli və doktor Həsən Ağaoğlunun iştirakı ilə Əhməd bəy Ağaoğlu şam süfrəsinə dəvət olunur: “Həmin axşam azərbaycanlıların gələcəyinin qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcək təhlükəsi olduğu üçün yenidən xalqı birləşdirmək, rus idarəçilərilə mübarizə aparmaq və ruslara azərbaycanlıların asanlıqla məhv olmayacağını anlatmaq müzakirə olundu. Rusların vaxtında gözünü qorxutmaq qərara alındı. Bunun üçün gizli bir təhdiş komitəsi yaratmaq və adını da “Difai” qoymaq qərara alındı” (Yenə həmin mənbə).
“Difai” yaranan kimi öz xüsusi möhürünü tərtib edərək, dərhal qarşıya qoyduğu məqsəddə doğru ciddi addımlar atır. İlk olaraq Gəncədə əli dəfələrlə azərilərin qanına batmış və daim yerli əhaliyə qarşı amansız olan Gəncə qubernatorunun müşaviri Kresçinski izlənilərək, aradan götürülür. Bir həftə sonra isə təşkilat Bilal adlı bir qarabağlını vaxtilə Qarabağda azəriləri qırmaq üçün ermənilərə yardım edən Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Bilal iki gün içərisində general Kalasçapovu küçədəcə öldürür. “Difai” hər aldığı intiqamdan sonra bütün şəhərlərdə divarlar boyu bəyanatlarını yapışdırıb, yayırdı.
N.Şeyxzamanlı xatirələrində yazır ki, onların təşkilat olaraq bu fəaliyyəti genişləndikcə Çar idarəçiləri bərk qorxuya düşməyə başladılar. Çarın xəfiyyə sistemi Qafqazda hər yerdə “Difai”nin izinə düşməyə can atırdı, təşkilatın bir üzvünü tapıb xəbər verənə və ya möhürünü əldə edənə 50 min rubl vəd olunmuşdu. Amma alınmırdı. Çünki “Difai” son dərəcə məxfi çalışırdı və xalq arasında da xüsusi rəğbəti olduğu üçün ələ verilmirdi. Nağı bəyin yazdığına görə, o zaman onların İmperiya idarəsinin hər təşkilatlarında adamları vardı.
Beləcə “Difai”nin Çar üsul-idarəsilə gizli mübarizəsi 1909-cu ilə qədər davam edir. Bu müddət ərzində azərbaycanlıların canını bir çox işğalçı canilərin əlindən qurtarır. Bunların arasında Gəncə polisinin rəisi Bannikov, Qarabağda azərbaycanlıların qənimi erməni polkovnik Vasili və digərləri vardı.
1909-cu ildə imperiya idarəçilərinin hərtərəfli təzyiqləri nəticəsində “Difai” fəaliyyətini dayandırmağa məcbur olur. Ruslar ciddi-cəhdlə təşkilatın möhürünü əldə edərək onun üzvlərini tapıb cəzalandırmağa çalışır. Hətta möhürün saxlanıldığı təşkilatın üzvlərindən olan Mirzə Məhəmməd adlı şəxs də həbs olunur və “Difai”nin bir sıra sənədləri ilə yanaşı, möhür də rusların əlinə keçir. Həmin axşam möhür ilə birlikdə müsadirə olunan sənədlər Gəncədə Çar polis idarəsinin rəisinin otağında seyfə qoyulur ki, sabahdan istintaqda araşdırılmağa başlansın. Vəziyyət kifayət qədər ciddiləşir, əgər təşkilatın möhürü çar idarəçilərini bəlli olarsa, “Difai”nin bütün üzvləri aşkarlanıb həbs olunacaqdı. Uzun götür-qoydan sonra həmin gecə Nağı bəyin polis idarəsinə sızdırdığı tərcüməçinin sayəsində təşkilatın sənədləri və möhür rəisin seyfindən götürülərək, əvəzində ora digər sosialist cəmiyyətin möhürü qoyulur. Tərcüməçi “Difai”nin möhürünü polis idarəsindən çıxara bilmədiyi üçün sobada yandırır. Beləliklə, “Difai” təşkilatının möhürü yansa da N.Şeyxzamanlının sayəsində Çar istintaqçılarının əlinə keçmir.
Artıq həmin vaxtdan sonra “Difai” üzvləri Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi Türk Ədəmi-Mərkəziyyət Firqəsində birləşirlər. Bu təşkilat isə 1917-ci ilin mayından sonra Müsavat Partiyası ilə birləşərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) hökumətində təmsil olunur.
“İçəri girsən, özümü pəncərədən atacam!”
1917-ci ildə Rusiyada Çar hökuməti devrildikdən sonra hamımıza məlum olduğu kimi, Şərqdə ilk respublika - Azərbaycan Demokratik Respublikası təsis olunur. Həmin ərəfədə Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu. Ölkənin Rusiyada hakimiyyətə gələn bolşeviklərdən, o cümlədən də Qərbdən müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi. 1919-cu il martın 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərb Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı: “Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz...”
Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstan və Gürcüstana hücumu Azərbaycanın müstəqilliyi üçün də təhlükə doğururdu. Bundan əlavə, daxildə bolşevik və daşnak qüvvələrin Azərbaycanın dövlətçiliyinə qarşı dağıdıcı fəaliyyəti geniş vüsət almaqda idi. Bu təqdirdə, ölkə parlamentinin qərarı ilə iyunun 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyunun 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - Əksinqilabla Mübarizə Təşkilatını yaratdı və o, gənc dövlətin müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə əngəl ola biləcək daxili və xarici qüvvələrlə mübarizə aparan bir təşkilat kimi fəaliyyətə başladı. İdarəyə ilk rəis Nağı bəyin qardaşı Məmmədbağır bəy Şeyxzamanlı təyin olunur. Lakin həmin ilin avqust ayında Məmmədbağır bəy öz imzası ilə istefa verir. Onun yerinə bu işdə daha bacarıqlı qardaşı, Müsavat Partiyasının üzvü Nağı bəy təyin olunur. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. İlk əvvəl denikinçilərə qarşı mübarizə aparan Əksinqilabla Mübarizə Təşkilatı sonrakı mərhələdə əsas fəaliyyətini bolşevik təhlükəsinə və şəhərdə təxribatlar törədən ermənilərə qarşı yönəldir.
Nağı və Məmmədbağı Şeyxzamanlı qardaşlarının ADR dövründəki fəaliyyətləri və Nuru paşanın rəhbərliyi ilə türk ordusunun o zaman Azərbaycana yardımının təmin olunmasında bu qardaşların fəaliyyəti ilə bağlı dövri mətbuatda və filmlərdə kifayət qədər söz açılıb. Mən dövrlə bağlı bir daha təkrar etmək istəməzdim, tək bir hadisədən başqa - iki qardaş arasında unudulmayan görüşdən...
Nağı bəy xatirələrində qeyd edir ki, 27 aprel 1920-ci ildə Qızıl Ordu Bakını işğal edəndən sonra bolşeviklər müsavatçıları öldürmək məqsədilə addımbaşı yaxalamağa başladılar. İlk həbs edilən isə Nağı bəyin böyük qardaşı Məmmədbağır bəy olur. Məmmədbağır bəy həmin vaxt parlamentdə Gəncəni təmsil edən deputat və Müsavat Partiyasının üzvü olur. Nağı bəy qardaşı haqqında yazır: “Tutulduğunun ertəsi gün xəbər tutdum. Onu qurtara bilmək barədə düşünürdüm və çalışırdım. Öyrəndim ki, onu həbs edən “ÇK” (Çerezvıçaynaya Komissiya – Fövqəladə Komissiya) mənsubları ona “qardaşın gəlsin, səni buraxaq” - deyiblər. Bunun üçün həmin gün üzə çıxıb “ÇK”-ya getdim. İdarənin qapısına yaxınlaşanda böyük qardaşım üst mərtəbədə saxlanıldığı nəzarət otağının kiçik pəncərəsindən mənim gəldiyimi görərək, qışqırdı:
- Niyə hələ bir tərəfə getməyibsən?!
Mən elə oradanca yavaşca ona nə üçün gəldiyimi söylədim. O, mənə:
- Çıx get sən, mənə heç bir şey etməyəcəklər. Əgər məni eşitməyib qapıdan içəri girsən, özümü pəncərədən atacam! Tez uzaqlaş burdan, Gəncəyə get. Burda qalma”.
Heç vaxt bir sözünü iki eləmədiyi qardaşının sözünü indi də, onun ölümlə üz-üzə qaldığı anda da yerə sala bilmir. Geriyə - qardaşına baxa-baxa oradan uzaqlaşır. Bu, onun həm doğma qardaşı, həm də ən yaxın silahdaşı ilə son görüşü olur. Tiflisə gedərkən Gəncədə eşidir ki, bolşeviklər qardaşı Məmmədbağır bəy Şeyxzamanlını güllələyiblər.
Yuxarıda qeyd etdiyim kimi, Nağı bəyin ADR dövründə fəaliyyəti ilə bağlı kifayət qədər bəhs edilib. Onları təkrarlamaq əvəzinə istərdim Nağı bəylə bağlı olan maraqlı bir məqama, bəlkə də bu yazıya cəhd etməyimə başlıca səbəb olan bir hadisəyə toxunum... Bu hələ də məndə təəccüb doğuran nadir olaylardandır...
Müsavat hökumətinin kəşfiyyatçısı necə sovet naziri oldu?
Lavrenti Pavloviç Beriya. Bu ad keçmiş Sovet İttifaqı ölkələrinin, xüsusi ilə də Azərbaycan xalqının yadından heç vaxt çıxmayacaq. Stalin ölənə qədər SSRİ-də Dövlət Təhlükəsizlik Xidmətini (KQB) və Xalq Daxili İşlər Komisarlığını (NKVD) əlində cəmləşdirən bu şəxs bütün ittifaq ölkələri üzrə repressiya illərində cəlladlığı ilə ad çıxarıb.
Bu haqda kifayət qədər faktlar var və təbii ki, bu, başqa yazının mövzusudur. Mənim üçün də indiyədək maraqlı olan o idi ki, uzun illər SSRİ-nin başlıca fiqurlarından biri kimi cümhuriyyətçiləri pantürkizm, islamçı damğası ilə asıb-kəsən bu insan özü elə ilk fəaliyyətə Azərbaycan Xalq Cümhuriyyətinin sıralarında başlayıb - ilk müstəqilliyimiz dövründə Cümhuriyyətin Əks-kəşfiyyat idarəsində xidmət edib. Təbii ki, Nağı bəy Şeyxzamanlının başçılığı etdiyi idarədə. Azərbaycanı bolşeviklər işğal edəndən sonra o, SSRİ-də yüksələn xətt ilə tutduğu vəzifədə irəliləyir. Maraqlı da burasıdır ki, 1919-cu ilin dekabrında onun ADR vaxtı Nağı bəylə yolları birləşən zaman belə bolşeviklərin sırasındaymış və işə götürülən zaman Nağı bəy bundan xəbərdar imiş. N.Şeyxzamanlı bu haqda xatirələrində belə yazır: “Beriyanı Hümmət Partiyasının tövsiyəsi ilə işə götürdüm. Bilirdim ki, Beriya bir sosialist kimi çar rejiminin düşməni idi. Bizim işimizə yarayacağını bildiyimdən qəbul etmişdim. O, son dərəcə məsuliyyətli bir işçi kimi görünürdü. Onu senzura şöbəsinə işə götürdüm, qısa müddət ərzində özünü çalışqan bir işçi kimi göstərdi. Mən də onu şöbənin rəisi təyin etdim. Anası ilə çox ehtiyac içində yaşadığını mənə demişdi. Vicdanla çalışması, enerjisi, Qafqazlı, gürcü olması və ruslara qarşı vuruşması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn gəmilərin sərnişinlərindən ələ keçirdiyi çox maraqlı və təşkilatımıza aid olan məlumatı əldə edə bilirdik.
Bolşeviklər Qafqazda çarizmi yenidən bərpa etmək istəyən general Denikinin ordusunu məhv etdikdən sonra bizim üçün “ağların” təhlükəsi qalmadı. Ancaq Denikinin yerinə Moskvaya arxalanan çox təhlükəli bir qüvvə var idi - bolşeviklər. Artıq biz də fəaliyyətimizi bolşeviklərə qarşı yönəltmişdik. Mən bununla bərabər Beriyanı işdən azad etməmişdim. Yerli bolşeviklər bizə qarşı fəaliyyətə keçmişdilər. Biz də onları hər yerdə sıxışdırır, göz açmağa fürsət vermirdik. Bu vaxt Beriya aradan çıxdı. Çox axtardım. Nəhayət, belə qənaətə gəldim ki, Azərbaycandan çıxıb gedib. İki ay ərzində onun maaşını anasına göndərdim”.
Azərbaycan bolşeviklərin əlinə keçəndən sonra Nağı bəy Tiflisə gedir. Orada bir xəstəxanada təsadüfən Beriya ilə rastlaşır. O vaxt gürcü hökuməti menşevik olaraq bolşevikləri təqib edirdi. Yenə Nağı bəy yazır: “Beriya məni görüb yaxınlaşdı və salamlaşdı. Ancaq hiss etdim ki, mənimlə görüşdən razı olmamış və bir az da qorxub. Mənim münasibətimi görüncə bir az dəyişdi:
- Beriya, niyə mənə xəbər vermədən Gürcüstana keçdin?
O:
- Madam ki kommunist yoldaşlarım sizin təşkilat tərəfindən təqib olunurdu, mən orada qala bilməzdim. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşımı verdiyiniz üçün təşəkkür edirəm.
- Beriya, indi Azərbaycanda rusların əməllərindən xəbərin varmı? Kommunistlər Azərbaycanda rus çarına rəhmət oxutdururlar.
Beriya belə cavab verir:
- Nağı bəy, siz yanılırsınız, bu gün bolşeviklərdən qaçırsınız. Bolşeviklər Qafqaza hürriyyət və sülh gətirirlər. Sabah sizin türk, Şərq və müsəlman dünyası kapitalistlərdən bolşeviklərin köməkliyilə azad olacaqlar. Nə isə, bu, gələcəyin işidir. Ancaq indi deyin, nə edəcəksiniz? Bir yerə gedəcəksiniz, yoxsa burdamı qalmaq istəyirsiniz?
Mən yola düşmək üçün hər bir işi görmüşdüm. Qəsdən qərarımı ondan gizlətdim və hələ qərara gəlmədiyimi söylədim.
Beriya dedi:
- Nağı bəy, inanın mənə, bolşeviklər Gürcüstana da gələcəklər. Sizin buradan uzaqlaşmanızı məsləhət görürəm.
Ondan soruşdum:
- Demək burda qalsam, məni tutsalar, məni qurtarmazsan, eləmi?
O:
- Xeyr, qurtarmaram.
Mən:
- Qulaq as, Beriya, indi biz sərbəst danışırıq. Sən kommunistsən. Bir anlığa fərz edək ki, mən məhkumam, sən prokuror. Bir yerdə işləmişik, məni özün qədər tanıyırsan. Məni nə ilə ittiham edəcəksən? Ədalətsiz bir hərəkətimi göstərə bilməzsən. Heç bir kasıbı dövlətliyə əzdirmədim, daim kasıblara yardım etdim. Bolşevik yoldaşların məni bir nömrəli xalq düşməni adlandırdılar və utanmadılar. Söylə, sən də utanma. Hansı hərəkətim xalqa qarşı olub?
O, susurdu, amma cavab vermək istəyirdi:
- Nağı bəy, bu bolşevik inqilabıdır. Ola bilsin, aralarında bir nəfər suçlu var deyə 100 nəfəri güllələyəcəklər.
- Beriya, artıq mən nə deyim? Əliheydər deputat idi (ADR-də). Məni əmin etmək istəyirdi ki, əgər Müsavat partiyası hakimiyyəti sosialistlərə təhvil verərsə, Qızıl Ordu Azərbaycana gəlməz, ölkəmizin istiqlaliyyətini tanıyarlar. Əliheydərə cavab verdim ki, bu gələn rusdur. Hansı rəngə bürünürlərsə bürünsünlər, rusluqlarını edəcəklər. Beriya, əmin ol ki, öldürmək növbəsi sənə də çatacaq.
Bu, onunla axırıncı görüşümüz oldu. Lakin çox gec də olsa, Beriya dediklərimə hər halda ölmədən əmin olub. Çünki Azərbaycanda nə qədər bolşeviklərin gəlməsini istəyən Əliheydərlər vardısa, sonradan Beriyanın cəlladları tərəfindən güllələndi”.
Həmin görüşdən - bolşeviklərin Qafqazı tutmasından sonra N.Şeyxzamanlı mühacirət edib Türkiyədə yaşamağa başlayır. Beriya isə keçmişdə Müsavat hökumətində çalışmasına baxmayaraq, Sovet İttifaqında vəzifə pillələrində sürətlə irəliləyərək Stalinin NKVD naziri, qeyri-məhdud səlahiyyətə malik insanlarından olur. Hansı ki, bütün İttifaq üzrə, eləcə də Azərbaycanda ümumilikdə 4 milyon 143 min 822 nəfər repressiya qurbanları bu qurumun əli ilə kütləvi şəkildə qırılıb (21 dekabr 2010. “Komsomolskaya pravda”).
Faktiki olaraq Nağı bəyin Beriya ilə yolu tamamilə ayrılsa da tale elə gətirir ki, 1953-cü ildə Stalinin ölümündən sonra qəribə də olsa, Beriyanın taleyi Nağı bəyin əlinə düşür. Özü də elə bir vaxtda ki, vaxtı ilə Qafqazda siyasi simalardan olan Nağı bəy maddi ehtiyaclarını təmin etmək üçün İstanbulda əntiq dükanı işlədirdi. N.Şeyxzamanlı bu barədə xatirələrində yazır: “1950-ci il. İstanbulda, Bedestanda sakit əntiqvar dükanı işlədərək həyatımı təmin etmək üçün yaşayırdım. Günlərin bir günü üzbəüz sənətkar qonşuma yabançı bir nəfər yanaşdı. O, qonşumdan soruşdu:
- Siz bu malın köhnə rus mənşəli olduğunu hardan bilirsiniz?
Qonşum:
- Malın üstündə yazılıb - dedi və məni göstərdi: - Qonşum rusca bilir, o oxudu.
Yabançı mənə yaxınlaşaraq, mükəmməl türkcə məndən soruşdu:
- Demək siz rusca bilirsiniz. Harda öyrənmisiniz?
Mən ona rusca Qafqazda, Azərbaycanda öyrəndiyimi dedim. O, məndən Qafqazda olarkən nə ilə məşğul olduğumu soruşdu. Dedim:
- Azərbaycanda torpaq sahibi idim. Eyni zamanda milli işlərimizlə də məşğul olurdum. Məqsədimiz istiqlal idi və məqsədimizə nail olmuşduq. Lakin çox təəssüf ki, yaşada bilmədik. Moskvanın hücumuna məruz qaldıq. Ölkəmizi işğal etdilər. Yaxşı, siz kimsiniz?
O, sovet vətəndaşı, rus olduğunu söylədi. Mən ona:
- Heç zənn etməzdim. Çox təmiz türkcə danışırsınız. Burada nə işlə məşğulsunuz?
O, burada SSRİ konsulluğunda işlədiyini dedi. Artıq söhbətimiz ciddiləşmişdi... Bu vaxt dükanıma bir müştəri gəldi, mən müştərimlə məşğul olarkən o, artıq çıxıb getmişdi.
Həmin gün onun SSRİ-nin İstanbuldakı baş konsulu olduğunu bildim.
Lakin aradan beş gün keçmişdi ki, o, yenə gəldi. Gördü ki, onu qarşılamadım. Buna əhəmiyyət verməyən rus mənimlə bir məsələni müzakirə etməyə gəldiyini söylədi. Təəccüblə ona baxdım:
- Mənim sizinlə heç bir müzakirə edəcək məsələm yoxdur və olmaz da.
O, mənə:
- Siz çox sərt danışırsınız. Hirslənməyin və məni dinləyin. Əgər xoşunuza gəlməzsə, rədd edərsiniz. Siz dünya barışığının olmasını istərdinizmi? Bilirsiniz ki, Stalin öldükdən sonra SSRİ-ni üç nəfər idarə edir: Beriya, Molotov və Malenkov. Eşitdiyimə görə, Beriya Müsavat dövründə Azərbaycanda sizin məmurunuz olub və bu gün Beriya Moskvada fikir cəhətdən başqalarından seçilən yeganə insandır. Stalindən sonra Beriya SSRİ-də kolxoz təsərrüfatının dağıdılmasının tərəfdarıdır...
Rus bir qədər ara verərək, davam edir:
- Siz indi Beriyaya bir məktub yazın və orada ikinizin də bildiyiniz hadisələrdən bəhs edin ki, məktubun sizdən olmasını anlasın. Mən də məktubu kuryer ilə ona göndərərəm.
Sovet konsulu bunları deyib, gözlərini bütün ciddiyyəti ilə üzümə dikdi. Mən ona dedim:
- Bilirsiniz, mən dünya sülhü tərəfdarıyam. Lakin bu məktubla sülhün gerçəkləşməsinə inanmıram. Mən heç Beriya kimi o adi insana məktub yazmaram. Bir də sizin gəlib mənimlə danışmağınızı düzgün hesab etmirəm və istəmirəm”.
Nağı bəyin qəti etirazından sonra sovet konsulu bir daha onunla görüşmür. Aradan bir müddət keçdikdən sonra Nağı bəy Beriyanın Kremldə öldürüldüyünü eşidir. Həmin günlərdə İstanbulda çıxan “Vətən” qəzetinin jurnalistlərindən biri Nağı bəyin yanına gələrək Beriya barədə məlumat istəyir. Şeyxzamanlı da müxbiri maraqlandıran bütün suallara cavab verir.
Bundan sonra da aradan bir az keçir, Moskvada Kommunist partiyasının XX qurultayı öz işinə başlayır. Qurultayda təxminən belə bir epizod baş verir; Xruşşov Molotova, Malenkova, Kaqanoviçə dönərək deyir: “Əgər Beriya ölməsəydi, siz sağ qalıb burada oturmazdınız. O alçaq milli Azərbaycan Cümhuriyyətinin kəşfiyyat xidmətində çalışmış və xaricdə yaşayan müsavatçılarla əlaqə yaradıb və sözləşib. O xain Sovet hakimiyyətini yıxmağı planlayırmış”.
Dünya mətbuatından qurultayın bu mətnini oxuyan Nağı bəy o zaman konsulun nə üçün ondan Beriyaya məktub yazmaq istəməsini anlayır və yazmadığı üçün sevinir. Məlum olur ki, N.Şeyxzamanlı yazmadığı halda belə sonradan gələn “Vətən” qəzetinin müxbiri vasitəsilə onun adından Beriyaya uydurma məktub hazırlayıblar və onu bu məktub əsasında ittiham edib, ortadan götürüblər.
P.S. Çox axtarsam da Nağı bəy Şeyxzamanlının şəxsi həyatı ilə bağlı təəssüf ki, çox az mənbələrə rast gəldim. Yəqin bu səbəbdəndir ki, Azərbaycan xüsusi xidmət orqanlarının beşiyi başında duran bu şəxs haqqında yazının istədiyim kimi alınmamasından özüm də pəjmürdə oldum...
Mübariz Aslanov
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar