Xəbər lenti
Dünən, 19:25


Sovet hakimiyyətinin mövcudluğu dövründə Sovet ordusunda xidmətə çağrılan azərbaycanlılara qarşı təhqiqanə münasibəti təsdiqləyən çoxlu sayda arxiv sənədləri bu gün də qorunub saxlanılmaqdadır. Xüsusən İknci Dünya müharibəsi dövründə bu davranış daha dözülməz idi.
      
Qeyd edək ki, müharibə başlandığı ilk gündən etibarən Azərbaycanın şəhərlərində, rayon mərkəzlərində, qəsəbələrdə və kəndlərdə çağırış səfərbərlik məntəqələri təşkil edilməyə başladı.
      
Azərbaycan K(b)P MK-nın rəhbərliyi ilə ordu hissələrində siyasi-tərbiyə işləri aparmaq üçün bütün partiya işçiləri səfərbər edilirdi. Təbliğat işləri aşağıdakı mövzuları əhatə etməli idi: 1) Bütün dünya zəhmətkeşləri SSRİ ilədir. 2) SSRİ dost xalqların böyük ailəsidir. 3) Azərbaycanın, Gürcüstanın, Ermənistanın zəhmətkeşləri Sovet xalqlarının dost ailəsidir.
      
Cəbhə bölgələrinə göndərilən mühazirəçilər bu mövzularda çıxış etməyə məcbur idilər: 

1) Sovet xalqının faşizmə qarşı mübarizəsi ən ədalətli müharibədir.
2) Stalin yoldaşın sərkərdəlik fəaliyyəti. 
3) Rus əsgərinin Prussiya ilə yeddiillik müharibədə qəhrəmanlığı və şücaəti. 
4) Böyük rus sərkərdəsi Suvorov. 
5) Vətəndaş müharibəsinin qəhrəmanları - Çapayev, Şors, Kotovski. 5) Slavyan xalqlarının alman faşizminə qarşı mübarizəsi.
       
Göründüyü kimi, azərbaycanlı mühazirəçilər yalnız rusların və rus sərkərdələrinin fəaliyyətini, qəhrəmanlığını təbliğ etməli idi. Azərbaycan xalqının şanlı və şərəfli tarixinə aid olan, onun qəhrəman oğullarının, şəxsiyyət və sərkərdələrinin şücaətini təbliğ edən mövzulara isə imkan verilmirdi.
      
Maraqlıdır ki, müharibənin ilk illərində vətənpərvərlik ruhunda olan əsərlərə ciddi ehtiyac olduğundan, süni yazılmış kitabların təsiri olmadığından başqa xalqların hazır materiallarından istifadə olunması haqqında göstərişlər vardı,

Azərbaycan K(b)P MK-nın təbliğat üzrə katibi Q. Məmmədovun Zaqafqaziya  cəbhəsinin briqada komissarı Solomkoya göndərdiyi məktubda yazılırdı:“Tamamilə məxfidir. Eyni zamanda Sizo Türkiyə yazıçılarının kütləni azadlığa vəölkənin müstəqilliyinə çağıran əsərlərindən seçmələri də göndəririk. 17.XI.41.»
       
Cəbhə bölgələrində, hərbi hissələrdə və döyüş yerlərində azərbaycanlı əsgərlərə qarşı kobud münasibətlər, nifrətlə yanaşmalar vardı. Rus şovinizmi hissləri ilə yaşayan 3-cü taburun komandiri Ponomaryov açıqca bildirirdi: “Mən onlarla döyüşə getməyəcəyəm”. Yaxud əsgəri hissələrdə belə məzmunlu şaiyələr yayılırdı: “Azərbaycanlılardan döyüşən çıxmaz”. Belə münasibətlər, şübhəsiz ki, döyüşçülərə mənfı təsir göstərir, onlar təhqir olunurdular. Odur ki, döyüşçülər arasında beynəlmiləl tərbiyə işinin yüksəldilməsi ciddi problem olaraq qalırdı. Əsgərlərə olduqca pis qayğı və xidmət göstərilir. Yorğan-döşək çatışmır, hamama aparılmır, yaralılara tibbi xidmət təşkil edilmirdi.
Məxfi sənədlərdə göstərilirdi ki, əsgərlərin çoxu rus dilini bilmirdi. Bu mənada, onlar komandirlərin əmrini düzgün yerinə yetirmir və müvafiq qaydada cəzalandırılırdılar. Rus dilini bilmədiklərindən əsgərlər silahlarla da davranışı pis mənimsəyirdilər. 
    
Azərbaycanlı əsgərlərin çoxluq təşkil etdiyi hissələrdə yerləşdirilən, rəhbər heyətdə olan ermənilər isə “intiqam” almağı unutmur, onları incidirdilər. Azərbaycan K(b)P MK-nın katibi Məmmədova göndərilən məktubda yazılmışdı:

“276-cı alayın 3-cü bölüyünün partiya komitəsinin katibi T. Danielyan bəzi döyüşçülərin ayrı-ayrı nöqsanlarını izah əvəzinə, onları senzuradan kənar sözlərlə söyüb təhqir edir. Azərbaycan K(b)P MK-nın nümayəndələri: Babayev, Qasımov. 9.XI.41.”
   
Azərbaycan K(b)P MK-nın məxfi məlumatlarında göstərilirdi ki, əsgərlərin çoxunun ailəsinə dövlət qayğısı göstərilmədiyindən, onların sırasında döyüş bölmələrindən qaçmaq, yayınmaq halları artmaqda idi. Azərbaycanlı əsgərlərə qarşı fıziki güc işlədilir, döyülür, təhqir olunurdular. Məxfi məlumatlarda yazılırdı: 

“Kiçik komandirlərin özünü düzgün aparmaması, onlara fiziki güc tətbiq olunması, təhqir edilməsi nəticəsində əsgərlər arasında narazılıq halları artmaqdadır. Məsələn, noyabrın 20-də 75-ci alayda Qızıl Ordu əsgəri Nəsirov Qurban Bəbir oğlu siqaret növbəsinə dayanarkən döyülmüşdür.”
        
Digər məlumatda bildirilirdi ki, kommunist Mehdiyev yemək keyfıyyətsiz olduğundan kollektivin etirazını, imtina etməsini təşkil etmişdir. 75-ci alayda əsgərlərdən siqaret almaq üçün 12 min manat pul yığılmış, lakin başqaları tərəfindən mənimsənilmişdi. Çoxlarının paltarı, çəkmələri tez-tez
oğurlanırdı. MK-nın məxfi məlumatlarında yazılırdı: “Gədəbəy, Tovuz, Nuxa və Şamaxının rayon hərbi komissarları adamları hərbi xidmətə göndərərkən onları tibbi müayinədən keçirmirlər. Odur ki, ağır xəstə vəziyyətində orduya gətirilənlər gərəksiz hesab olunur. Belə hallar da var ki, orduya gətirilən ağır xəstələr gələndən bir neçə gün sonra vəfat edirlər. Həmin rayonların hərbi komissarları əsgərliyə gedənlərin ailələrinə diqqət yetirmir, əsgər ailələrinin dövlət təminatına köməklik
göstərmirlər. Əsgərlər arasında şaiyə gəzir ki, bütün dezertirlər dağlarda gizlənən quldurlara aid olunur. Azərbaycan K(b)P MK Qutqaşen rayon Komitəsi bu məlumatdan siyasi nəticə çıxarmamış, dezertirlərin, qorxaqların və şaiyəyayanların lazımi cəzasını vermir. Azərbaycan K(b)P MK-nın təşviqat briqadasının üzvü S.M. Aydınbəyov 27.XI.41.”
      
Azərbaycan K(b)P MK-nın təşviqat briqadası Zaqafqaziya cəbhəsinin 28- ci ehtiyat-atıcı briqadasında çoxlu çatışmazlıqları aşkarlayıb Azərbaycan K(b)P MK-nın katibi və Zaqafqaziya cəbhəsi hərbi savaşının üzvü M. C. Bağırova çatdırmışdı. Məlumatlar çox ciddi xarakter daşıyırdı. Məlumatlarda partiya-siyasi və kütləvi-təbliğat işinin artırılması vacibliyi bildirilirdi. Qeyd olunurdu
ki, azərbaycanlı əsgərlər komandirlərin onları xoşagəlməz ana söyüşləri ilə təhqir etməsindən şikayətlənirdilər. 
          
Bundan əlavə, bütün mühazirələr hərbi hissələrdə rus dilində oxunduğundan azərbaycanlı döyüşçülərin çoxu başa düşmür, hazırlıqsız olurdular. Hər bir siyasi dərsə ayrılan 2 saatın 40-50 dəqiqəsi mühazirəyə, qalanı isə tərcüməyə həsr olunur və az effekt verirdi.
       
Məxfi məlumatlarda, 404-cü diviziyada da azərbaycanlıların rus dili ilə bağlı hədsiz problemləri olduğu açıqlanırdı. Digər məlumatda göstərilirdi ki, hərbi hissələrdə çoxlu sayda dezinteriya və malyariya xəstəliyinə tutulanlar vardır. Həkimlə bunun səbəbini tibbin olmamasında və müalicənin
vaxtında aparılmamasında görürdülər. Digər tərəfdən, əsgərlərə tibbi kömək üçün həkimlərə müraciətə icazə verilmirdi. Yalnız sonradan bu qayda ləğv edilmişdi.
 
Məlum olurdu ki, əsgərlərə qaynanmış çay verilmir, digər millətlərdən olan aşpazlar isə yalnız özününküləri daha çox təmin edirlər. Əsgərlərə tibbi xidmət zəif təşkil olunduğundan onların müalicəsi axıradək aparılmırdı. Xəstəni isə diqqətsiz müayinə etdiklərindən xəstəlik tam müalicə olunmurdu.  Məxfi məlumatda yazılırdı: “Mətbəxlərdə sanitar vəziyyət kifayətləndirici deyil. Ərzaq məhsulları hara gəldi atılıb. Məsələn, kerosinlə çayı, unu bir yerdə saxlayırlar. Aşpazların xalatları və əlləri çirkli, dırnaqları uzun və qara kirlə doludur. Yeməyi iki nəfərə bir qabda vermək əvəzinə,
bəzən üçünə verirlər”. Əsgərlər həm də poçt xidmətinin yarıtmaz təşkilindən şikayətlənirdilər. Göndərdikləri məktublara cavab ala bilmirdilər. (51,v-93) Belə hallar da olurdu ki, əsgərlərə yeməyi vaxtında vermirdilər. Məxfi sənədlərdə əsgər  ailələrinə yerlərdəki rəhbərlərin düzgün olmayan
 münasibəti sadalanırdı: “1)Məmmədov Eyvazın ailəsinə nədənsə MTS direktoru çörək vermir. 2) Göyçay  rayonundan olan Səmədovun həyat yoldaşını qəzet redaktoru Məmmədov  makinaçı işindən ixtisara salmış, başqasını işə götürmüşdür. 3) Lənkərandan olan Qafarov Qəzənfər Nəsrulla oğlunun ailəsi - qoca anası və iki uşağı bu günə qədər yardım almırlar. 4) Ağcabədi rayonundan olan Məmmədov Məmmədin ailəsi - 67 yaşlı atası və yaşlı anası yardım almır”.
       
Hərbi hissələrdə səliqə-sahman, demək olar ki, yox idi. Ətrafda hər yerdə çalalar qazılmışdı.  Hərbi əsgərlərin müalicə olunduğu qospitallarda vəziyyət lap dözülməz idi. Azərbaycan K(b)P MK-ya göndərilən məlumatlarda aşağıdakılar aydın olurdu: “Azərbaycan K(b)P MK-nın tapşırığı ilə mən Kirovabad, Xanlar, Qazax rayonlarındakı qospitalların işi ilə tanış oldum...

Qospitaldakı palatalarda siçanlar və siçovullar oynayır. Onların yox edilməsinə qarşı heç bir tədbir görülmür. Qospitallardakı xəstələr saman doldurulmuş döşəklərdə və elə o cür də yastıqlarda yatırlar. İ. Pasınkov. Məxfı”. 

M. C. Bağırov isə Moskvadan göndərilən bütün tapşırıqları yerinə yetirirdi. Çoxlu sayda azərbaycanlılar döyüş bölgələrinə göndərilirdi.
     
Azərbaycan K(b)P MK-nın xüsusi bölməsindəki “olduqca məxfidir” şriftli sənədlərdə göstərilirdi: “1941-ci ilin iyunun 1-nə olan məlumata görə Azərbaycan SSR-in əhalisi (hərbçisiz) 3 milyon 301 min 100 nəfərdir. Vətən müharibəsi zamanı 1941-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər Azərbaycan Azərbaycan SSR-dən 553 min 910 nəfər apanlmışdır. Onlardan - müharibənin başlanğıcından 1943-cü ilin noyabrına qədər Qızıl Orduya 473 min nəfər göndərilib. Onlardan a) Zaqafqaziya cəbhəsinə - 352.166 nəfər; b) ehtiyatda olan hərbi mükəlləfiyyətlilər - 2.639 nəfər; v) 1922-1925-ci illərdə doğulmuş çağırışçılar - 80.266 nəfər; q) ehtiyat-zabit heyəti - 14.321 nəfər; d) qadınlar - 12.975 nəfər. Bundan əlavə, 22 min 534 nəfər müharibə illərində SSRİ XDİK-nin
müxtəlif düşərgələrinə göndərilmişdir. 25 min 851 nəfər isə cinayətkar ictimaitəhlükəli
elementlər adı ilə müxtəlif respublika və vilayətlərə sürgün edilmişdir.

Eyni zamanda: a) almanlar - 21.031; b) “antisovet” elementlər adı ilə -2.590; v) müxtəlif cinayətkarlıq elementləri adı ilə - 1.519; q) Vətən xainlərinin ailə üzvləri -711; q) hazırda Azərbaycan həbsxanalarında saxlanılanların sayı - 16 min 707. Bundan əlavə, 1941-ci ilin iyunundan - 1943 -cü ilin noyabrın 1-nə qədər 107 min 578 nəfər vəfat etmişdir. 
     
Azərbaycan K(b)P MK-nın qərarı ilə hətta 17 yaşı tamam  olmayanları da döyüş bölgələrinə göndərirdilər; “323 sayli protokol. Azərbaycan K(b)P MK bürosunun 22.X-1, XI-1943-cü il; “Azərbaycan K(b)P MK və Xalq Komissarları Sovetinin 1926-cı ildə anadan olanlarınn hərbi
xidmətə çağırılması haqqında qərarı”. 
        
Qərarda oktyabrın 25-dən noyabrın 15-nə qədər 1926-cı il təvəllüdlü bütün kişi cinsinə mənsub olanların hərbi xidmətə çağırılması göstərilirdi.
       
Eyni zamanda, Sovet dövləti yürütdüyü allahsızlıq, dinsizlik sıyasətinin xoşagəlməz nəticələr verdiyini gördükdən və dinin güclü bir təsir vasitəsi olduğunu qəbul etdikdən sonra gec də olsa, əvvəlki münasibətini dəyişmək məcburiyyətində qaldı. Buna uyğun olaraq Azərbaycanda Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin yaradılması qərara almdı: “Protokol N352. Azərbaycan K(b)P MK Bürosunun 1944-cü ilin 17-20 martından. 1. Bakı şəhərində Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin təşkil edilməsi haqqında.

I. ÜİK(b)P MK-nın 1944-cü ilin 6 mart tarixli qərarına uyğun olaraq Bakı şəhərində Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin yaradılmasına icazə verilsin. (Şiə və sünni təriqətli müsəlmanları birləşdirən).
II. Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin təşkili və fəaliyyəti ilə bağlı olan bütün sualların baxılıb həll edilməsi T.Quliyevə, T.Yaqubova, S.İ.Yemelyanova, Q. Məmmədova tapşırılsın. Azərbaycan K(b)P MK katibi (M. C.Bağırov).”
        
Sovet dövlətinin göstərdiyi bütün cəhdlərə baxmayaraq, minlərlə əsgər və zabit mövcud rejimdən, hərbi qaydalardan narazı qalaraq  qəddar Stalinə, bolşevizmə nifrət ruhunda  yaşayırdılar. 
     
Qeyd edək ki, müharibədən sonrakı illərdə də sovet ordusunda azərbaycanlılara olan  təhqirli münasibət dəyişmədi. Moderator.az



Ana səhifəyə qayıt        Baxış: 2 723          Tarix: 7-06-2020, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma