Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Yurdumuz Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Ancaq təəssüflər olsun, tariximizin öyrənilməyən qatları öyrənilən qatlarından dəfələrlə çoxdu. Bu yazımda indiyə qədər ümumiyyətlə sistemli şəkildə araşdırılmayan, ölkəmizdə ən qədim yaşayış məskənlərindən biri olan “Kürsəngi dağı” haqqında söz açmaq istəyirəm. Əslində uzun zaman idi ki, “Kürsəngi dağı” haqqında yazmaq istəyirdim. Bir neçə gün öncə Yaz bayramı ərəfəsində bu yerlərə təkrar baş çəkdim. Yüksəkliyin dörd tərəfini və el arasında "Kürsəngi piri" və ya sədəcə “pir” adlanan qədim inanc yerini ziyarət etdim. Buranı bir daha gəzəndən sonra “Kürsəngi dağı” haqqında yazmağın və bəzi qaranlıq məqamlara aydınlıq gətirməyin zərurət olması qərarına gəldim.
Qısaca olaraq deyim ki, bu yüksəklik “Kürsəngi dağı” adlansa da, hündürlüyü təxminən 90 metrə yaxın olan çox böyük ərazini əhatə edən təpədir. Mütəxəssislərin dediyinə görə, bu təpə milyon illər öncə palçıq vulkanı nəticəsində meydana gəlib. Cənub-şərqi Şirvan düzündə Salyan rayonu ərazisində yerləşir. Fikrimcə, bu dağın yaşayış yeri kimi tarixini dəqiq öyrənmək üçün hər şeydən öncə onun adınının etimologiyasını bilmək gərəkir. Öncədən deyim ki, bizim tədqiqatçılarımızın az qala böyük qismi yurdumuzda yerləşən qədim yer adlarının izahını ya ərəb-fars dilində, ya da el arasında ağızdan-ağıza keçən mifoloji örnəklərdə axtarırlar. Bu tipli yanaşma Kürsəngi sözü ilə bağlı yorumlardan da yan keçməyib. Kürsəngi sözünün etimologiyasi haqqında bir neçə versiya var;
I versiya;
Birinci versiya ənənəvi olaraq mifoloji versiyadır. Həmin mifoloji mətndə deyilir ki, qədimlərdə Kür adlı oğlan səhənglə çaydan su götürərkən boğulur. Oğlan boğulub öləndən sonra çay tutduğu işdən peşiman olur. Peşiman olandan sonra çay Kür adlı bu oğlanı və onun səhəngini sahilə atır. Kürlə səhəngin olduğu yeri qum və torpaqla örtür. Sonralar onların üzərində təpə ucalır. İllər keçdikcə təpə böyüyür və dağa çevrilir. Adına Kürsəngi dağı deyirlər. Əlbəttə, bu, olduqca zəif versiyadır və gerçəkliyə qətiyyən uyğun deyil.
II versiya
İkinci versiya da ənənəvi olaraq, qədim yaşayış yerlərimizin adını heç zaman burada yaşamayan fars və ərəbin dilində axtaranların və onları kor-koranə təqlid edənlərin versiyasıdır. Bu versiyaya görə Kürsəngi sözü yaxınlıqdan keçən Kür çayının və farsca səng sözünün (səng farca daş deməkdir) birləşməsindən yaranıb. Bu da olduqca zəif versiyadır. Əvvəla, ona görə ki, bu ərazilərdə heç vaxt fars olmayıb. İkincisi palçıq vulkanından yaranan yüksəkliyə niyə daş desinlər ki? Anadolular demişkən; “Nə əlaqəsi ya”?
III versiya
Bu versiyaya görə bir zamanlar Kür çayı (və ya Kür çayının qolu) buradan keçirmiş. Kür çayı bu ərazidən keçəndə səngiyirmiş. Bu səbəbdən bu yerə “Kürün səngidiyi yer” deyiblər. Əslində bu da yerin adının mifoloji izahının digər variantıdır. Nədən ki, Kür çayı heç vaxt bu yüksəkliyin yanından və ya yaxınlığından keçməyib.
Əslində “Kürsəngi dağı” ilə bağlı yazılarla tanış olanda görürsən ki, bu yüksəklik haqqında yazanların əksəriyyəti bura səfər etmədən, bu qədim yaşayış yeri ilə şəxsən tanış olmadan bu ərazi haqqında fikir yürüdüblər. Bu səbəbdən də “Kürsəngi dağı” haqqında yazılan yazıların çoxu bir-birinin kopyasıdır. Hətta bu kopya zamanı nöqtə-vergül səhvini belə kopyalayıb yazı adına yayımlayıblar. Təbii olaraq, bu da oxucunun yanlış fikrə gəlməsinə rəvac verib...
Bizim versiyamız;
Kürsəngi sözü iki komponentdən ibarətdir; Kür və səng. Deməli, bu komponentlərin hər birinin etimologiyası ayrı-ayrılıqda araşdırılmalıdı. Nədən ki, yazının əvvəlində qeyd edildiyi kimi, bu yerin tarixi məhz bu yerin adında gizlənib.
Tarixdən bilirik ki, 8 min il öncə İkiçayarasında bir sivilizasiya meydana gəldi. Bu, Şumer sivilizasiyası idi (bəzi araşdırmaçıların fikrincə Şumer sivilizasiyasının tarixi daha qədimlərə - günümüzdən 12-14 min il əvvələ gedib çıxır). Sonralar çox geniş əraziləri əhatə edən Şumer sivilizasiyasının izləri Asiyanın və Şərqi Avropanın bir çox yerlərində indi də qalmaqdadır. Şumerlər dağa, yüksəkliyə “Kur” deyirdilər. Bu söz sonralar “qar”, “kar”, “qor” və digər formalarda şumerlərdən dünyanın bir çox dillərinə keçdi. "Divani -lüğət-it-Türk"ə görə “Kır” sözü "basıq dağ", Monqol dilində, “Kira” (xira, xara) – dağ yalı, gürcü dilində “Karkar” – hündür qaya, sıldırım, yunan dilində “Kar” – zirvə, albanca “Guri” (qori) dağ deməkdir. Və yaxud, ruslar dağa “qora”, belaruslar “qara” deyir. Sloveniya və polyak dilində də “qora” dağ deməkdir. Əfqanıstanda da (puştu dilində) daşa, qayaya “kar” deyilir. Şumerlərin “Kur” sözü sonralar Akkadlara “Kurra” şəklində keçdi. Dağ zirvələrində, yüksəkliklərdə yaşayan qartal quşunun da adının ilk kompanenti “dağ”, “yüksəklik” sözündən yaranıb. Misalların sayını istənilən qədər artırmaq olar. Bu və bu kimi misallar Kürsəngi sözündəki “Kür”ün kəsinliklə əski Şumer dilində dağ, yüksəklik mənasını verən Kur sözündən meydana çıxdığını göstərir. “Kürsəngi dağı”na yaxın ərazilərdə yerləşən Kürovdağ yüksəkliyinin və Qoramıt dağının da etimologiyasını adından da göründüyü kimi əski Şumer dilindəki Kur sözündə axtarmaq lazımdı.
Keçək, sözün ikinci komponentinə, yəni səng və ya səngi sözünə. Bu sözün də anlamını əski Şumerlərin dilində aramaq lazımdı. Az-çox tarixlə maraqlanan hər kəs bilir ki, Şumerlər özlərinə “Sag” və ya “Sang” deyirdilər. Tam olaraq isə özlərini belə adlandırırdılar; “Un Sang Giga”. Bu sözün əski Şumer dilində anlamı “Soylular yurdu” və ya “Zadəganlar ölkəsi” demək idi.
Beləliklə, Kürsəngi sözünün etimologiyası tam açılmış oldu; Kürsəngi – “Sang Kuru”, yəni “Şumer dağı”, “Şumer yüksəkliyi” deməkdir. Dağ əski zamanlarda həm də qutsallığı (müqəddəsliyi) simvolizə edirdi. Qədim insanların düşüncəsinə görə tanrılar dağlarda yaşayırdı. Məsələn, yunanlarda Olimp dağı, Buddizmdə Everest zirvəsi, Çində Nefrit dağı, yəhudilərdə Sion dağı və sair tanrıların məskəni idi. Çox böyük ehtimalla Şumer dövlətinin mövcud olduğu zamanlarda da Kürsəngi dağı, yəni “Şumer yüksəkliyi” bütünlüklə qutsal yer sayılırdı və ziyarət olunurdu. Yazının əvvəlində qeyd etdiyim kimi, burada el arasında "Kürsəngi piri" adlanan qədim inanc yeri - pir var. Bu pirdə Günəşi simvolizə edən daş müntəzəm ziyarət olunur və min illərdi ki, qorunub saxlanır. Bu isə adı çəkilən inanc yerinin ən azı 5 min il yaşı olmasından və hələ prototürklər dönəmində mövcud olan Günəş kultunun yadigarı olmasından xəbər verir. Eramızdan min illər öncə insanlar Yaradanın sonsuz qüdrətinin simvolu olaraq qayalara, daşlara Günəşin rəsmini çəkdilər. Bütün canlıların enerji qaynağı olan Günəşi qutsal saydılar. Günümüzdə belə uyğur türkləri Yaradana səslənərkən “Ey Günəşə qaynarlıq verən, Tanrı” ifadəsini işlədirlər. “Kürsəngi piri”ndə üzərinə Günəş rəmzi olan deşik daş qoyulub. Ziyarətə gələnlər Günəş rəmzinin alt tərəfində olan dəlikli daşın içindən keçir. Bu isə insanın arınaraq, təmizlənərək yenidən doğulmasını, həyata yenidən gəlməsini, yeni və təmiz enerji ilə həyata təzədən başlamasını simvolizə edir.
Əlbəttə, bir yazıda “Kürsəngi dağı”nın tariximiz və tarixşünaslığımız üçün əhəmiyyətini bütünlüklə əhatə etmək mümkünsüzdür. Bu yazıda sadəcə olaraq, Kürsəngi sözünün etimologiyası haqqında fikirlərimi bölüşdüm və tarixçi alimlərimizin diqqətini Şumer yadigarı olan bu qədim yaşayış məskəninə yönəltmək istədim. Burada yağış yağanda üzə çıxan min illərlə yaşı olan insan sümüklərindən, qədim mağaradan, bir zamanlar burda mövcud olmuş qoç heykəlindən, bu yüksəkliyin zirvəsində öz araşdırıcısını gözləyən qaval daşından söz açmadım. Nədən ki, bütün bunlardan ətraflı və əhatəli söz açmaq üçün aylarla məqsədyönlü araşdırmalar aparmaq tələb olunur. Həm də fərdi şəkildə deyil, elmi-tədqiqat institutu səviyyəsində. Buradakı qaval daşı əslində bizə çox şey deyir. Böyük ehtimalla eramızdan min illər öncə “Kürsəngi dağı” ilə ən qədim yaşayış məskənlərindən biri olan Qobustan arasında sıx əlaqələr mövcud olub. Çay daşı ilə toxunduqda uzun əks-səda verən və üzərinə çox sonralar bəzi işarələr həkk olunan bu qaval daşı da buraya çox güman ki, Qobustandan gətirilib.
Əminəm ki, “Kürsəngi dağı”nda arxeoloji tədqiqat işləri aparılarsa, heyrətamiz nəticələr ortaya çıxacaq.
"Kürsəngi piri"ndə Günəşi simvolizə edən daş
"Kürsəngi dağı"nda kristal əşya ilə toxunduqda uzun əks-səda verən daş
Namiq Hacıheydərli
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar