Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
İkinci Dünya müharibəsi zamanı antihitler koalisiyası tərəfindən Adolf Hirlerə qarşı dəfələrlə sui-qəsd planları cızılıb, məxfi əməliyyatlar hazırlanıb. Bu cür əməliyyatlardan biri də SSRİ tərəfindən sovet boksçusu İqor Miklaşevskiyə həvalə edilib. Hitleri məhv etmək üçün Miklaşevskinin seçilməsi də təsadüfi olmayıb.
Boksçu öz “missiyasını” sona çatdırmaq istəyəndə isə şəxsən Stalin tərəfindən əməliyyat dayandırılıb, sovet lideri fürerin öldürülməsini 1943-cü ildə məqsədəuyğun saymayıb.
İqor Miklaşevski kim olub? Fürerə sui-qəsd etmək niyə məhz ona tapşırılıb?
İqor Miklaşevski 1918-ci ildə Moskvada anadan olub. Hər iki valideyni teatrda işləyib, onlar öz övladlarını da incəsənət sahəsində görmək istəyiblər. Amma hələ məktəbdə oxuyarkən İqor Miklaşevski idman sahəsinə daha böyük maraq göstərib, 17 yaşında olanda boks üzrə idman ustası dərəcəsini alıb.
Miklaşevski 1938-ci ildə hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Leninqradda keçirib, xidmət zamanı da idman sahəsində fərqlənib. Leninqrad Hərbi Dairəsi üzrə keçirilən boks üzrə çempionatda qızıl medala layiq görülüb.
Alman və fransız dillərini mükəmməl bilən, fiziki baxımdan göstəriciləri yüksək olan İqor Miklaşvski “NKVD” əməkdaşlarının diqqətindən yayınmayıb. “NKVD”-nin 3-cü şöbəsinin rəisi Viktor İlyin ona təhlükəsizlik orqanlarında işləməyi təklif edib. O, öz gələcəyini idman sahəsinə bağlamaq istəyib, amma bu təklif də ona maraqlı gəlib.
Beləliklə, İqor Miklaşevski “NKVD” orqanlarında kəşfiyyatçı kimi xidmətə başlayıb.
1942-ci ildə İqor Miklaşevski “NKVD” rəhbərləri ilə məxfi görüşə dəvət alıb. 15 dəqiqə davam edən görüşdə ona verilən tapşırıq qısa və konkret olub: Adolf Hitlerə sui-qəsd etmək. Ona əməliyyatın detallarının Leninqrad vilayətinin Kirov rayonunda yerləşən “NKVD”-nin bazasında açıqlanacağı söylənilib.
Əməliyyatın şərtləri İqor Milaşevskinin təmas xəttində könüllü olaraq almanlara təslim olmasından ibarət olub. Nəzərdə tutulub ki, o, əsir götürüldükdən sonra müharibə başlananda almanlar tərəfinə keçən, SSRİ-nin ünvanına sərt fikirlər söyləyən, dayısı, aktyor Vsevolod Tamarinin adını çəkməlidir və Alman qoşunlarında xidmət etmək arzusunda olduğunu bildirməlidir.
Qeyd edək ki, Vsevolod Tamarin müharibə başlananda könüllü olaraq, SSRİ-ni tərk edərək Almaniyaya qaçıb. O, Almaniyada daha çox böyük kütlələr qarşısında Stalini yamsılamaqla yadda qalıb. Hitler Tamarini şəxsən tanıyıb.
İqor Milaşevskinin üstün göstəriciləri onun alman dilini mükəmməl bilməsi, peşəkar boksçu olması (boks Hitlerin ən çox sevdiyi və azarkeşlik etdiyi idman növü olub) və bir də dayısının satqın olması olub. O, bu göstəricilərlə Hitlerin yaxın dairəsinə düşəcəyinə şübhə etməyib.
İqor Milaşevski Kirov rayonunda bir-neçə ay xüsusi təlimlər keçib. Nəhayət, 1943-cü ildə o, şimal cəbhəsində könüllü olaraq özünü almanlara təslim edib.
Hər şey düşünüldüyü kimi çox da asan olmayıb. Milaşevskiyə bir neçə ay ağır işgəncələr veriblər. Amma ondan heç bir sirri almaq mümkün olmayıb. Dayısı onu əsirlikdən xilas edə bilib. Milaşevskinin düşərgədən çıxarılmasına birbaşa Göbbels göstəriş verib. Onu da qeyd edək ki, Tamarin də Milaşevskinin Almaniyaya gəlməsinin əsl səbəbindən xəbərsiz olub. Ən maraqlı məqamlardan biri isə odur ki, Milaşevskiyə Almaniyada satqın dayısının öldürülməsi də tapşırılıb.
Hitlerin sevimli şakərlərindən biri də boks oyunlarını canlı izləmək olub. O, xüsusilə SSRİ-dən əsir düşmüş boksçuların alman boksçularına məğlub olmasından zövq alıb. Bu məqsədlə Milaşevskini də rinqə hazırlayıblar. Amma əsir kimi deyil, könüllü almanlara kömək etmək istəyən sovet vətəndaşı kimi.
Milaşevski də bu rinqə ciddi hazırlıq işləri görüb. Partlayıcı qurğunun idman zalına keçirilməsi, hansı məqamda bu qurğunu işə salması, Hitleri necə məhv etməsi ilə bağlı ən kiçik detalları belə dəqiqləşdirib. O, Hitlerə sui-qəsd cəhdinə tam hazır olduqdan sonra Moskvadan tapşırıq gəlib: “Əməliyyat dayandırılsın!”
Bu tapşırıq şəxsən Stalinin göstərişi olub. 1943-cü ildə Stalinqrad döyüşlərində müharibənin gedişində baş verən dəyişiklikdən sonra Stalin Hitlerin aradan götürülməsini məqsədəuyğun saymayıb. Sovet lideri belə düşünüb ki, Hitlerdən sonra hakimiyyətə gələn şəxs SSRİ-nin müttəfiqləri olan ABŞ və İngiltərə rəhbərləri ilə SSRİ-yə qarşı sövdələşmələr apara bilər.
Beləliklə, İqor Milaşevskinin sui-qəsd əməliyyatı sona çatmayıb.
İkinci tapşırıq isə uğurla icra edilib. 1945-ci ildə Tamarin yaşadığı mənzildə asılı vəziyyətdə tapılıb. Onun kim tərəfindən öldürülməsi rəsmi bildirilməsə də, versiyalara görə bu işi icra edən İqor Milaşevski olub.
İqor Milaşevski müharibədən sonra SSRİ-yə qayıdıb. O, baş tutmayan əməliyyata görə “Qırmızı Bayraq” ordeni ilə təltif olunub və “NKVD”-də xidmətini davam etdirib. Eyni zamanda o, həm də məşqçilik fəaliyyəti ilə də məşğul olub.
İqor Milaşevskinin Almaniyadakı fəaliyyəti ilə bağlı 2016-cı ildə 4 seriyalı film də çəkilib.
Füreri məhv etmək, bununla da dünyanın siyasi proseslərini dəyişmək imkanında olan İqor Milaşevski 1990-cı ildə, 72 yaşında Moskvada vəfat edib.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar