Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Dekabrın 1-də Azərbaycan və Cənubi Qafqaz üçün önəmli bir tarixi dövr qapandı...
İndi daha savaşın olmayacağı, Azərbaycan iqtisadiyyatının regionda hökmranlıq edəcəyi yeni mərhələyə qədəm qoyulur...
İşğaldan azad edilmiş ərazilərin, eləcə də, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəranın gələcək inkişafı və sosial rifahı Azərbaycan iqtisadiyyatının bölgəyə yerləşməsindən sonra böyük sürətlə müşahidə edilməyə başlayacaq...
Laçın da qaytarıldı. Azərbaycan əsgəri bu rayonun ərazisinə girdi və öz nəzarəti altına aldı. Və olduqca önəmli bir tarixi hadisə baş vermiş oldu.Məsələ ondadır ki, Laçının Azərbaycan əsgərinin nəzarəti altına keçməsi sadəcə, bir rayonun geri qaytarılması anlamına gəlmir. Bu, bir rayonun geri alınmasından daha böyük tarixi olaydır.
Çünki Laçının geri alınmasıyla, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilmiş olundu. Önəmli bir tarixi proses Azərbaycanın dövlət maraqları çərçivəsində uğurla yekunlaşdırıldı.
İndi Azərbaycanın sərhədləri işğalçı Ermənistanın üzünə birdəfəlik qapadılıb. Azərbaycanın daha sərhəd və ya ərazi problemi mövcud deyil.
Təbii ki, bu, o deməkdir ki, Cənubi Qafqaz regionunda bir dövr qapanıb, önəmli geopolitik mərhələ sona çatıb. Artıq bu regionda geopolitik proseslərin daha perspektivli inkişaf mərhələsinə qədəm qoyması qarşısında heç bir ciddi əngəl qalmadı.
Ancaq bütün bunlar o qədər də asan olmadı. Bu tarixi zəfər üçün Azərbaycan bir neçə ağır və məsuliyyətli mərhələdən keçməli oldu. Və rəsmi Bakı bütün bu mərhələlərdən Azərbaycanı zərgər dəqiqliyi ilə hesablanmış və reallaşdırılmış siyasətlə keçirtdi.
Birinci mərhələ heç şübhəsiz ki, müharibəyə - Azərbaycanın ərazi bütövlüyünün bərpasına hazırlıq prosesini əhatə edirdi. Azərbaycan dövləti bu mərhələdə önəmli islahatlar apardı, ölkənin maliyyə-iqtisadi gücünü maksimum həddə çatdırdı. Beynəlxalq enerji layihələri ilə Azərbaycan regionun ən güclü dövləti səviyyəsinə yüksəldildi. Azərbaycanın beynəlxalq imici və mövqeləri möhkəmləndirildi.
Bütün bunlara paralel olaraq, Azərbaycan dövləti ordu quruculuğu prosesini də ön plana keçirtdi. Azərbaycan ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olundu. 2016-cı ildən sonrakı dövrdə isə Azərbaycan ordusunda təlimlər artırıldı və döyüş qabiliyyətinin ən yüksək səviyyəyə qaldırılmasına nail olundu.
Nəhayət, bu ilin iyul ayında Azərbaycan ordusu döyüş qabiliyyətini nümayiş etdirdi və bu önəmli hərbi sınaqdan uğurla çıxdı. Və Azərbaycan ordusunun istənilən xarici düşmənlə savaşa hazır olduğu birmənalı şəkildə təsdiqlənmiş oldu. Artıq ölkənin ərazi bütövlüyünün bərpası üçün əngəl qalmamışdı. Bununla da uzun bir müddəti əhatə edən hazırlıq mərhələsi sona çatdı.
Sentyabrın 27-də isə ikinci mərhələ başladı. Azərbaycan ordusu Ermənistanın hərbi avantürasına sarsıdıcı zərbələrlə cavab verdi və əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən bu mərhələ 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın biabırçı məğlubiyyəti ilə nəticələndi. Və bu düşmən ölkənin baş naziri Nikol Paşinyan 10 noyabrda Ermənistan tarixinə qara ləkə kimi düşəcək kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı.
Bundan sonra üçüncü mərhələ start götürdü. Belə ki, 10 noyabr sənədinin müddəalarına uyğun olaraq, münaqişə bölgəsinə Rusiya sülhməramlıları yerləşdirildi. Ardınca Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmalı oldu. Laçın rayonunun Azərbaycanın nəzarətinə keçməsilə kapitulyasiya sənədindəki təhvil-təslim müddəasının icrasını nəzərdə tutan bu mərhələ də uğurla yekunlaşmış oldu.
Maraqlıdır ki, bu üç mərhələ ATƏT-in Minsk Qrupu həmsədrlərinin son 30 ildə reallaşdıra bilmədiyi bütün vəzifələrin reallığa çevrilməsini təmin etdi. BMT-nin son 30 il ərzində Ermənistan tərəfindən yerinə yetirilməyən bütün qətnamələri icra edilmiş oldu. Və bütün bunları Azərbaycan ordusu reallığa çevirdi.
Təbii ki, dekabrın 1-də sona çatmış üçmərhələli proses Azərbaycanı Cənubi Qafqaz regionunun şəriksiz supergücünə çevirdi. Və indi rəsmi Bakı növbəti önəmli mərhələdə Azərbaycan adlı regional superdövlətin gücünü arxasına alaraq, öz siyasi kursunu müəyyənləşdirməyə çalışacaq.
Hesab etmək olar ki, artıq bu gündən növbəti – dördüncü mərhələyə start verilib. Bu mərhələnin isə əsasən iki önəmli istiqaməti özündə birləşdirəcəyini ehtimal etmək olar.
Bu mərhələnin birinci istiqaməti üzrə Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilər üzrə bərpa planı reallaşdırmalı olacaq. Belə ki, Azərbaycanı Böyük Qayıdış üçün geniş quruculuq prosesi gözləyir.
Əvvəlcə azad olunmuş ərazilər minalardan təmizlənəcək, orada təhlükəsizlik şəraiti yaradılacaq. Ardınca quruculuq işləri başlayacaq, evlər tikiləcək, infrastuktur yaradılacaq, dövlət qurumlarının fəaliyyəti təmin ediləcək, əhalinin yerləşdirilməsinə başlanılacaq. Yəni, hazırda məskunlaşdırma prosesinə start verilmək üzrədir.
Onu da qeyd edək ki, bu mərhələdə ən əlamətdar proses işğaldan azad edilmiş ərazilərə Azərbaycanın milli valyuta vahidi və iqtisadi resursları daxil olmağa başladıqdan sonra yaşanacaq. Belə ki, bir çoxları üçün suallar doğuran bütün məqamlara Azərbaycan manatı və iqtisadi resursları birmənalı şəkildə aydınlıq gətirəcək.
Məsələ ondadır ki, işğaldan azad edilmiş ərazilərin, o cümlədən də, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəranın gələcəyi məhz Azərbaycan iqtisadiyyatına bağlıdır. İnkişaf və sosial rifah Azərbaycan iqtisadiyyatının bölgəyə yerləşməsindən sonra böyük sürətlə müşahidə edilməyə başlayacaq.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qarabağda yaşayan hər kəs Azərbaycan iqtisadiyyatının təsirini hiss etdikdən sonra bu ölkənin vətəndaşı olmaqdan məmnun qalacaq. Artıq o bölgə başqa ölkələrdən para dilənən Ermənistanın nəzarətində deyil. Və Azərbaycanın nə qədər fərqli ölkə olduğu, işğalçının “təmin etdiyi yaşayış səviyyəsi” ilə müqayəsənin yolverilməzliyi tezliklə təsdiqlənəcək.
Onu da qeyd edək ki, bu önəmli mərhələnin ikinci istiqaməti geopolitik və geoiqtisadi xarakter daşıyacaq. Belə ki, artıq bu region yeni inkişaf mərhələsinə keçid etmək üzrədir. Əvvəlki geopolitik şərtlər bu gündən etibarən mövcud deyil. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Cənubi Qafqaz regionu üçün yeni inkişaf perspektivləri vəd edir.
Məsələ ondadır ki, son 30 ildə mövcud olan münaqişə artıq mövcud deyil. Bu yalnız Azərbaycana deyil, ümumiyyətlə, regiona ünvanlana biləcək xarici sərmayənin önünü geniş şəkildə açıb. İndi əksər xarici şirkətlərin Azərbaycana, o cümlədən də, Cənubi Qafqaza daha həvəslə investisiya yatıracaqları qətiyyən şübhə doğurmur.
Bu isə o deməkdir ki, Cənubi Qafqazın inkişafı qarşısında elə bir ciddi əngəl qalmayıb və bu regionun yaxın gələcəkdə dünyanın ən önəmli iqtisadi bölgələrindən birinə çevrilmə şansı yaranıb. Və bu reallığı yəqin ki, region xalqları ən yaxın vaxtlarda öz sosial-iqtisadi inkişaf səviyyələrində hiss etməyə başlayacaqlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar