Xəbər lenti

 
Dünən ABŞ və Türkiyə donanmalarının Qara dənizdə təntənəli keçid mərasimi keçirməsinə Rusiyanın laqeyd qalmayacağı gözlənilirdi. Çünki Rusiyanın isti dənizlərə açılan yeganə qapısı və nəfəsliyi kimi xarakterizə edilən Qara dənizdə bu hərbi manevr şimal qonşumuzu öz meydançasında küncə çıxışdırmaq mənasına gəlirdi.
 
Oqvat.com-un məlumatına görə, Rusiyanın bu hadisəyə reaksiyası özünü çox gözlətmədi və ilk reaksiya ölkənin ABŞ-dakı səfirliyi tərəfindən verildi.
 
Məlumata görə, səfirlik hadisə ilə bağlı Twitter səhifəsində açıqlama yayınlayaraq, Vaşinqtonu Qara dənizdə “ehtiyatsız qılınc oynatmağa” son verməyə çağırıb.
 
Açıqlamada ABŞ bu cür riskli manevrləri öz ərazi sularında keçirməyə çağırılıb. Səfirlik həmçinin “Qara dənizdə sülh və təhlükəsizliyin xarici müdaxiləyə ehtiyac olmadığını” vurğulayıb.


 
Xatırladaq ki, ABŞ-ın "USS Porter" və "USS Donald Cook" hərbi gəmiləri Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığına bağlı "TCG Turgutreis" və "TCG Oruçreis" freqatları ilə birgə keçid törəni keçiriblər. Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, törənin məqsədi "regional sahiblik prinsipinə söykənərək Qara dənizdə sülhə və təhlükəsizliyinə töhfə vermək”dir və bu kimi manevrlər 1 mart 2004-cü ildən bəri düzənlənən “Qara Dəniz Harmoniyası Əməliyyatları” çərçivəsində keçirilir. Manevrlərdə fırkateynlər, korvetlər, hücum gəmiləri, sualtı qayıqlar və dəniz patrul təyyarələri nümayiş olunur, dəniz forpost təyyarələri ilə Qara dənizdəki hərbi obyektlərə nəzarət imkanları yoxlanılır.
 
Pentaqonun yaydığı məlumata görə, təntənəli keçid mərasimindən sonra Amerika gəmiləri Qara dənizi tərk ediblər. Gəmilərin Qara dənizə gəlmələri isə NATO müttəfiqləri və ortaqları ilə ortaq təlimlər keçirmək imiş. Şimali Atlantika Alyansındakı tərəfdaşların birgə təlimlərinin 17 gün davam etdiyi bildirilir.


 
Rusiyanın bu təlimlər zamanı öz hərbi qüvvələri ilə NATO müttəfiqlərinə müəyyən mesajlar verdiyi də məlum olub. Keçid mərasimindən bir gün əvvəl Rusiyanın Su-24 bombardmançı təyyarəsinin “USS Donald Cook”-un yaxınlığından keçməsinin görüntüləri yayımlanıb. Daha sonra Rusiya Qara Dəniz Donanması "Admiral Makarov" freqatı "Bastion" gəmi əleyhinə komplekslərinin ekipajları ilə birlikdə düşmən gəmisini məhv etmək tapşırıqlı manevrlərə başlayıb. Moskva bununla ABŞ gəmiləri məhvetmə imkanlarını nümayiş etdirməyə çalışsa da, mütəxəssislər bu təhdidin çəkindiriciliyinə şübhə ilə yanaşırlar. Bildirildiyinə görə, Rusiyanın hərbi dəniz donanması NATO qüvvələri ilə müqayisə edilə bilinməyəcək dərəcədə zəifdir. ABŞ gəmilərinin bir vaxtlar Rusiyanın daxili dənizi sayılan ərazi sularında hərbi manevrlər keçirməsi, Moskvanın isə sadəcə bəyanat və bir-iki nəzərə çarpmayacaq “qımıltılarla” kifayətlənməsi belə, özü-özlüyündə üstünlük göstəricisidir.
 
Maraqlıdır ki, ABŞ gəmilərinin Qara dənizdə Rusiya səfirliyinin qeyd etdiyi kimi, “qılınc oynatması” birgünlük hadisə də deyil. Bildirildiyinə görə, gəmilər 17 gün əvvəl Qara dənizə gəliblər və sahildaş ölkələrlə birgə təlimlər keçiriblər. Rusiyanın meydançasında “qılınc oynatma” yarışına ilk başlayan “USS Donald Cook” gəmisi olub. Gəmi 23 yanvarda görəv yerinə gəlib. Beş gün sonra isə raketləri məhvetmə gəmisi “USS Porter”-in də Qara dənizə göndərildiyi ortaya çıxıb. Hərbi gəmilər Şimali Atlantika İttifaqı üzvləri arasındakı qarşılıqlı əlaqəni inkişaf etdirmək üçün müxtəlif sahildaş ölkələrin ərazi sularında keçirilən təlimlərə qatılıblar. Fevralın 1-də Rusiyanın düşmən elan etdiyi Ukraynada da bu təlimlər keçirilib. 17 gün rəsmən susan Moskva isə yalnız dünən ABŞ və Türkiyə hərbi donanmasının birgə təntənəli keçid mərasiminə reaksiya verib; o da səfirlik səviyyəsində. Təntənəli keçid mərasiminin təlimlərin qapanış seremoniyası olduğunu nəzərə alsaq, belə çıxır ki, Moskva “toydan sonra nağara çalmağı” daha məqsədəuyğun sayıb. O da mümkündür ki, Türkiyənin bu “qapanış seremoniyası”nı açıq şəkildə təbliğ etməsindən sonra sükutu dövlət qüruruna yaraşdırmayan Moskva nəhayət, ABŞ-dakı səfirliyi vasitəsilə “pıçıltılı etirazı”nı dilə gətirib: “Nə olar, mənim qapımda qılınc oynatma, da!”.


 
ABŞ gəmilərinin Qara dənizə gəlməsinin zamanlaması da maraqlıdır. 23 yanvar ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən cəmi 3 gün sonraya təsadüf edir. Rusiyaya qarşı kəskin mövqeyi ilə tanınan Cozef Baydenin ilk işə Qara dənizdə hərbi manevrlə başlaması Kremlin ən azı 4 il kabus görəcəyi deməkdir.
 
Qeyd edək ki, ABŞ-ın dünya hegemoniyası bütün su hövzələrinə nəzarət prinsipinə söykənir. Pentaqonun bu zamanadək ən zəif olduğu yer isə Qara dəniz idi. İndisə görünən budur ki, Vaşinqton bu zəif həlqəni gücləndirməyə çalışır.
 
Onu da xatırlatmaq yerinə düşərdi ki, ABŞ-ın yeni prezidenti Cozef Bayden hakimiyyətə gələndən sonra Vaşinqtonun Qara dənizə diqqətini artırdığı müşahidə olunur. ABŞ-ın iştirakı ilə Qara dənizdə aktivləşmə yalnız NATO üzvlərində deyil, həm də post-sovet ölkələrində də müşahidə edilməkdədir. 
 
Dekabrın 2-də ABŞ-ın yeni dövlət katibi Anthoni Blinkenlə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba arasında baş tutan telefon danışığında səsləndirilən fikirlər də bu mənada təsadüfi görünmür. Dmitri Kulebanın görüşdən sonra mətbuata verdiyi açıqlamaya görə, ABŞ-ın Kiyevdən əsas tələbi Ukrayna-Moldova-Gürcüstan hərbi ittifaqı qurmaqdır. "Üçlük İttifaqı ideyasına gəlincə, mən bu gün dövlət katibinə ABŞ-ın Ukraynaya ümid edə biləcəyini bildirdim. Qara dəniz regionu və Mərkəzi Avropa bizim etibarlı tərəfdaş kimi real töhfə verə biləcəyimiz yerlərdir. Sizi əmin edirəm ki, Ukrayna da, Gürcüstan da, Moldova da artıq bu istiqamətdə fəal hərəkət edirlər", - Kuleba açıqlamasında belə demişdi.
 
ABŞ gəmilərinin təntənəli keçid törənindən sonra Qara dənizi tərk etməsi Rusiyanın qapısının ağzında “qılınc oynatma” tamaşasının bitməsi anlamına gəlmir. Zənnimizcə, bu “tamaşa”lar tez-tez təkrarlana bilər. Məsələ burasındadır ki, 1936-cı ildə imzalanmış Montrö müqaviləsinə əsasən, Qara dəniz sahilində yerləşməyən ölkələrə məxsus gəmilər bu dənizdə ancaq 21 gün qala bilərlər. ABŞ hərbi gəmiləri bu məhdudiyyətlər səbəbilə hər 21 gündən bir Qara dənizi tərk edib elə həmin gün başqa bir sahildaş müttəfiqi ilə hərbi əməliyyat keçirmək üçün yenidən bölgəyə daxil olmaq hüququna malikdir.

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 5 423          Tarix: 11-02-2021, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma