Xəbər lenti
 

Nail Əliyev
Şərqşünas,
Tarix üzrə fəlsəfə doktoru

       
"Baltanı dibdən vuran" (N.Nərimanov) "Şərqi-Rus"dan sonra 20-əsr Azərbaycan dünyasının ikinci mətbuat orqanı olan, "Vətən, Vətən, Vətən", "Millət, Millət, "Millət", "İstiqlal, İstiqlal, İstiqlal" sütunları üzərində ucalan "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin 115-iliyini yaralı Ananın (Azərbaycanın) köməyə, nəvazişə, məhəbbətə ehtiyacı olduğu bir şəraitdə qeyd edirik. Vahid, müstəqil, demokratik yeni Azərbaycan dünyası məsuliyyətli addımlar atır, uğurlu lahiyələr həyata keçirir. Bu yolda yolda səhvlərimiz olsa da, büdrəsək də, heç də çıxılmaz vəziyyətdə deyilik, çünki aydın oriyentirlərimiz var-xalqımızın bölünməzliyinə son qoyub, dünyanın bütün xalqları və dövlətləri ilə əməkdaşlıq, siyasi və iqtisadi əlaqələri möhkəmləndirmək, iqtisadi cəhətdən qüdrətli dövlət yaratmaq.
      
115 -ildir ki, məşhur "Molla Nəsrəddin" jurnalının üz qabığından Molla Nəsrəddin öz qəribə təbəssümü ilə bizə baxır. Bu təbəssümdə dünyanın kədərini görməmək mümkün deyil. Böyük bir xalqın, bütün Şərqin dərdi-səri, kədəri yarasını yüklənib bu təbəssümə; bu təbəssüm su çəkən kağız kimi min illərin iztirabını yığıb canına...
 
        
Jurnalın redaktoru Mirzə Cəlilin həyatda sevinci az olub. Lakin bu sevincsiz həyatda o mütləqiyyətlə, müstəmləçəkiliklə mübarizədə büdrəməyib.
           
Mirzə Cəlil bütün yazıçılıq və jurnalistik fəaliyyətilə sübut edir ki, incəsənət, həyat və siyasət bir-birindən ayrılmazdır. Çoxları xalqı, Vətəni üçün ağlasa da, açıq mübarizədən çəkinib. Çar nazirləri Vitte, Dornovo, Stolipin, Purişkeviç və Milyukovun imperiya daxilində azlıqda olan millətləri parçaladığı şəraitdə Menşikov, Dubravin, Arxanqelov kimilərin təşkil etdikləri terror təşkilatçılarının qırğınlar törədib, xalqları bir-birinin üzərinə qaldırdığı bir şəraitdə mübarizə aparmaq o qədər də asan deyildi. Dünyanın bölgüsündə iştirak edən Almaniya, İngiltərə, Amerikanın müdaxiləsini də buraya əlavə etsək, mənzərə bir qədər də mürəkkəbləşər


 
Belə bir vəziyyətdə Şərq xalqlarının vəziyyəti daha pis idi. Sırf iqtisadi səbəbdən Türkiyə ərazisindən ciddiləşən, tarixi "erməni məsələsi" buna misaldır. Türk müsəlman soyqırımından söhbət salanlar bir inkaredilməz faktı unutmamalıdırlar ki, ermənilərlə türklər arasında yaranmış problem 1905-ci ildə deyil, çox-çox əvvəl meydana çıxdığından bu problemə coğrafi, tarixi və siyasi konteksdə baxılmalıdır. 
 
Konfliklər əsasən Şərqi Anadoluda və Qafqazda olub. Belə ki, 1794-cü ildə çar Rusiyası Krım torpaqlarını işğal etdikdən sonra bu ərazilərə Osmanlı imperiyasında yaşayan xristianlar yerləşdirilib. Krım müharibəsindən (1853-1856) sonra bu proses daha da sürətlənir. 1877-ci ildə Balkan müharibəsinin nəticələrindən ( Müstəqil Bolqar Krallığının formalaşmasından sonra) ruhlanan ermənilər özlərini millət sayaraq dənizdən-dənizə dövlət yaratmaq eşqinə düşürlər. 1885-ci ildə yaranan "Armenikan", " Qnçaq" (1877), " Daşnaksutyun" ( 1890) millətçi partiyaları xristian həmrəyliyindən faydalanaraq şəbəkələr vasitəsilə fəaliyətlərinə xüsusi vüsət verirlər, müxtəlif ərazilərdə təlim poliqonları yaradır, tələbə gənclər, həmkarlar təşkilatları formalaşdırır, silah-sürsat əldə edirlər. Müxtəlif məktəblərdə təhsil alan erməni gəncləri millətçilik ideolgiyasını ciddi şəkildə öyrənməyə başlayırlar.
            
19-əsrin Avropasında millətçilik artıq hakim ideologiyaya çevrilmişdi. Erməni millətçilərini Qərbdən fərqləndirən vəzifə və məqsədləri idi. Onlar dərk edirdilər ki, müsəlmanlar ermənilərdən məskunlaşdıqları ərazi baxımından üstündürlər.
            
Erməni təbliğatçılarının qarşısında duran vəzifələrdən biri də Osmanlı İmperiyası içərisində ehtirasları qızışdırmaq, üsyan və iğtişaşlar yaratmaq, Rusiyanın bu ölkəyə müdaxiləsini surətləndirmək idi. 1892-1893-ci illərdə Van qubernatorunun, İstanbul patriarxının həyatına sui-qəsd edilir, müsəlman kəndlərinə hücumlar təşkil olunur, əsgər və polislər qətlə yetirilir, imperiya poçtu hücumlara məruz qalır və s. 1894- cü ildə Samsun şəhərində erməni üsyançıları türk rəsmilərini həfəfə alırlar. Vanda, Zeytunda, Maraşda toqquşmalar təşkil edilir və hər iki tərəf itkilərə məruz qalır. Erməni qiyamçıları dərk edirlər ki, təklikdə onlar Osmanlı ordusundan xeyli zəifdirlər. Bu məqamda onları erməni dövləti yaratmaq fikrindən daha çox, ölkəyə Avropanın müdaxiləsini təşkil etmək düşündürürdü (1877-ci ildə Bolqarıstana rus müdaxiləsi kimi). Erməni ideoloqları itkiləri onqat şişirdərək Avropa mətbuatında "Xristianların vəhşi müsəlmanlardan xilas edin", " Xristianları müsəlman Türkiyəsindən xilas edək" şuarı ilə pərdələnərək uydurma soyqırımı dünya ictimayyətinə sırımağa çalışır, buna bəzən nail olurdular. 
 


Hələ 19-əsrin sonlarında bu təbliğata uyan Qərb San-Stefano müqaviləsi ilə Osmanlı İmperiyasını ermənilərin yaşadıqları vilayətlərdə islahatlar keçirməyə məcbur etmişdi. Belə ki, San-Stefano (1878) sülh müqaviləsinə görə, Çernoqoriya, Bolqarıstan müstəqil krallığa çevrildi, Batum, Ərdahan, Qars, Bayazid və Cənubi Bessarabiya Rusiyanın tabeliyinə verildi. Türkiyə Rusiyaya 310 min qızıl pul məbləğində təzminat ödəməyi, Türkiyə ərazisində ermənilərlə bağlı islahatlar aparmağı öhdəsinə götürdü. Bütün bu müdaxilələr erməni burjuaziyasının quluna çevrilən, onun pul kisəsindən asılı olan erməni ideoloqlarının iştahlarını artırmaya bilməzdi, çünki ingilis diplomatiyası ermənilərdə dənizdən-dənizə uzanan “Böyük Ermənistan” yaratmaq eşqi oyatmışdı.
 
1908- ci ildə Türkiyədə baş vermiş çevriliş ermənilərin ümidlərini doğrutmadı. 1913- cü ildə rus diplomatları erməni burjuaziyası ilə müqavilə bağlayaraq açıq şəkildə ermənilərin müdafiəsinə kecdi. Birinci Dünya Müharibəsində erməni hərbi birləşmələri rus ordusunun tərkibinə daxil edildi. Cəbhədən geri qayıdan ermənilər həmin silahları yerli dinc əhaliyə yönəldir, kütləvi talanlar edir, yüzlərlə Azərbaycan kəndində- Vedibasarı, Dərələyəzi, Zəngəzuru, Qarabağı qan çanağına çevirdilər.
           
 Sovet hakimiyyətinin ilk illərində erməni iştahı yenidən qızışdı və bəhrəsini gördü. Dərələyəz, Zəngəzur Ermənistanın tərkibinə daxil edildi, bir neçə ildən sonra onlara Mehri rayonu da peşkəş olundu. On il keçmədi ki, Ermənistanda Qərbdə yaşayan ermənilərin məskunlaşdırılması məsələsi qaldırıldı, cəllad Andranikin xatirəsi Milli qəhrəman kimi təntənəli şəkildə İrəvanda qeyd edildi.


              
Bütün bunların "Molla Nəsrəddin" jurnalına böyük aidiyyatı var. Çünki jurnal bütün Şərq məsələsi üzərində cəmləşən dünya diplomatik toqquşmalarını diqqət mərkəzində saxlamış, ona öz münasibətini bildirmişdi. Həmin fikirlər bu gün də öz müasirliyini qorumaqdadır.
              
Jurnalın 1908-ci il tarixli 19-cu nömrəsində verilən "Politika aləmi dəyib bir-birinə" sərlövhəli yazısında deyilir ki, "Moskvada deputatlar Rus Dumasında Şah Səlim oyunu oynayırlar".
 
            
Jurnal mübarizə meydanına "sözün doğrusu danışmaq hünərdir", " doğru sözə can qurban" şüarları ilə atılmışdı və bu gün öz yaxalarını mübarizədən çəkən yaradıcı ziyalılara sanki üz tutaraq 115 il bundan əvəl öz qiymətini vermişdi: "Onların qiyməti bir qara puldur, o da qəlp"
 
Böyük məqsədlərə çatmaq üçün jurnal 1908-ci ildə "nə etmək?" sualına "lazımdır dava eləmək" şəklində cavab verir, "təzədən yaşayıb yaratmaq lazımdır" problemini ortaya atır.
               
Heç bir əsası olmayan ərazi iddiaları xəstəliyinə tutulan ermənilərə bir tarixi həqiqəti xatırlamaq yerinə düşər. E.ə 9-7 əsrlərdə Şərqi Anadoluda yaranan Urartu dövləti Van gölünün cənub, şərq və şimal sahillərini əhatə edib. Sonralar Urartu çarları Ağrıdağ vadisində möhkəmlənərək bir sıra qalalar tikirlər. Hərbi yürüşlərini şimala doğru genişləndirirlər. Müasir Türkiyə ərazisində yaranan Urartu dövlərinin əhalisinin tərkibində onlarla türk etnosu mövcud idi. 
 
E.ə 7 əsrin əvvəlində Urartu dövləti süqut etdi, ərazisi Midiya, sonralar Əhəmənilər dövlətinin tərkibinə qatıldı. Görkəmli tarixçi Yusif Yusifovun təbirincə desək, sonradan "Armeniya" şəklinə düşən " Armina" yalnız coğrafi anlayışdı.



 
           
Ermənilərin yaranma tarixinə müraciət edilsə, xatırlamamız yerinə düşür: 2-ci Tiqranın dövründə (e.ə95-96) bu ərazidə türk etnosları da məskunlaşmışdı. Romalılar tərəfindən e.ə. 66-cı ildə ləğv olunan bu dövlətin bir daha zühur etməməsi də sosial bazasının yoxluğundan irəli gəlirdi. Bu təsdiq olunmuş, elmi ictimaiyyətdə qəbul edilmiş bir faktdır ki, ermənilərin böyük hissəsi Şərqi Anadolunu Osmanlı imperiyası yarandığı dövrdən xeyli əvvəl tərk etməyə başlamışlar.
              
"Molla Nəsrəddin" velikorus şovinistlərinin assimilyasiya ideyalarını, onun taktiki manevrlərini ifşa edir, oxucularını müxtəlif forma, metod və Ezop dili ilə inandırmağa çalışırdı ki, yalnız möhkəmliyi və birliyi olan xalq öz müstəbidinə qarşı mübarizə aparmağa qafirdir: "Əvvəllən, gərək bir-birinizə əl-ələ verəsiniz, yəni Məmmədvəli gərək yapışsın Həsənin əlindən, Həsən Kərbəlayi Qasımın əlindən, Kətbəlayi Qasım usta Cəfərin əlindən. Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birinin əlindən, yəni birləşsinlər" (Molla Nəsrəddin, 1907, 19 yanvar, N 3).
               
Jurnalda dərc olunan " Firqələr", " Azadeyi-vicdan", " Təzə partilər", " Firqələr davası", və s. məqalələrdə cəmiyyətin inkişafında demokratik meyllərdən söhbət açılır, çoxpartiyalı siyasi quruluşun yaranması arzulanır.
                
"Molla Nəsrəddin" jurnalı ilk nömrəsindən başlayaraq avamlıq girdabında, qaranlıq mühitdə inləyən Şərq xalqlarını buxovlardan xilas olmağa çağırır, daxili düşmənləri saf-çürük etməyi məsləhət görürdü.
                 
Şərq həmişə Qərb dövlətlərinin və Rusiyanın daim maraq dairəsində olub. Bu xalqları daim nəzarətdə, idarəetmədə saxlamaq üçün dindən, maarifçilikdən istifadə ediblər. 1921-ci ildə Ümumrusiya MİK-in dekreti ilə Şərq zəhmətkeşlərinin Kommunist Universiteti yaradılıb. 71 millətin nümayəndələri müxtalif illərdə burada təhsil alıb. 30-cu illərdə bu universitetin fəaliyyəti dayandırıldı və sonralar bu təcrübə əsasında yaradılan P. Lumumba adına Xalqlar Dostluğu Universiteti bu tarixi missiyanı davam etdirdi.


                 
1927- ci ildə Şərq ölkələrinin sosial-iqtisadi problemlərini öyrənən elmi-tədqiqat assosiyasiyası yaradılıb. Mirzə Cəlilin "Rus qızı" (12 iyul 1917) məqaləsindən: 
 
"Tarixi-İsavinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Raynharten (alman teatr xadimi) Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfdən daxil olacaq idi vətəni Riqa şəhərinə". 
 
"Rus məxrəci" məqaləsində isə məzəli "Rus qızı" hekayəsində qoyulan məsələni bir qədər də siyasiləşdirir: 
 
" Biz müsəlmanlar əlbəttə və əlbəttə, gərək bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmərik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz... 
 
Xudavəndi-aləmdən qabaqca hökm olmuşdu ki, xoşbəxt müsəlmanların mübarək beyni bir övqat ərəb məxrəci altında əzilsin və necədə ki lazım idi əzildi... indi də pərvərdigari-aləmin hökmü budur ki, biz müsəlmanlar bir qədər də rus məxrəci ilə özümüzü bəxtəvərləndirək".
 
               
İncə ironiya ilə dərin siyasət!


                 
"Molla Nəsrəddin" Şərq xalqlarının ictimai-mədəni həyatında mühüm rol oynamışdı. Jurnalın yaradıcı kollektivini yalnız Azərbaycana aid olan problemlər deyil, bəlkə bütün müstəmləkə vəziyyətində olan Sərq ölkələrinin həyatı maraqlandırırdı: 
 
"Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüz qarşısında dərin yuxuda olan islam milləti idi... Bizim qabağımızda dağ kimi duran istibdad Şərq istibadadı və Şərq qaranlığı idi...( Cəlil Məmmədquluzadə əsərləri, 3 c. səh. 673-674)


Ana səhifəyə qayıt        Baxış: 5 588          Tarix: 16-02-2021, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma