Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
ABŞ-ın yeni prezidenti Cozef Bayden hakimiyyətinin İranla bağlı siyasəti dalana dirənib. Ekspertlərin fikrincə, Bayden hakimiyyəti İrana dəfələrlə “zeytun budağı” göstərsə də, Tehrandan arzuladığı cavabı ala bilmir. İki dövlət arasındakı anlaşılmazlıqların bir səbəbi Tehranın “nüvə müzakirələri”ndə blöv edərək daha artıq güzəşt almağa çalışması ilə əlaqədardırsa, digəri Vaşinqtonun 2015-ci ildə bağlanan “nüvə sazişi”ndə nəzərdə tutulmayan əlavə şərtləri də yeni öhdəliklər kimi İranın belinə yükləmək istəyindən qaynaqlanır. Həmin şərtlərin ən vaciblərindən biri İranın orta və uzun mənzilli silah istehsalına da məhdudiyyətlərin tətbiq olunması, digəri isə Yaxın Şərq ölkələrində militarist siyasətdən imtina etməsidir.
Qeyd edək ki, Tramp hakimiyyəti dövründə də ABŞ administrasiyası məhz bu şərtlərin “nüvə sazişi”ndə yer almadığını əsas gətirib həmin sənəddən geri çəkilmiş, İrana qarşı ağır sanksiyalara qərar vermişdi. Daha sonra İranın Yaxın Şərqdəki militarist siyasətinə rəhbərlik edən general Qasım Süleymanini qətlə yetirməklə iki dövlət arasındakı münasibətləri müharibə həddinə gətirib çıxarmışdı.
Trampın baş tutmayan hesabları
Müşahidəçilərin fikrincə, Trampın bu sərt siyasətə üstünlük verməsi baş tutmayan hesabları ilə bağlıdır. ABŞ-ın sabiq prezidenti sanksiyalar siyasəti ilə İran xalqını hakimiyyətə qarşı qaldıra biləcəyini düşünmüş və bu istiqamətdə bəzi addımlar atmışdı. Prinsipcə, istəyinə hardasa nail olmuşdu da. Bəzən benzin qiymətlərinin bahalaşmasına, bəzən isə daha başqa sosial tələblərlə İran xalqı ayağa qalxsa da, bütün bu mübarizələr istənilən nəticəni verməmişdi. ABŞ administrasiyasının İranla bağlı siyasətində hesaba qatmadığı əsas nüans bu tipli ölkələrdə yalnız xalqla hakimiyyəti devirməyin mümkünsüzlüyü idi. Xalqla yanaşı ölkənin əsas aparıcı gücü sayılan ordu da narazı elektoratı dəstəkləməlidir. İranda isə ordunun əsas vurucu qanadı olan SEPAH isə molla hakimiyyətinin yanındadır və istənilən etirazı dəmir yumruğu ilə yatıra bilir.
Nə qədər səhv yol olsa da, Bayden hakimiyyətinin İrana qarşı irəli sürdüyü tələblərinin Tramp zamanından miras qalan eyni şərtləri ehtiva etməsi təsadüfi deyil. ABŞ-ın Konqres və Senatında təmsil olunan demokrat və respublikaçı millət vəkillərinin böyük əksəriyyəti Trampın sərt siyasətini bəyənməsə də, bu şərtləri haqlı sayır, diplomatik metodlarla onları Tehrana qəbul etdirməyin vacibliyinə inanırlar. Belə bir çıxılmaz vəziyyətdə qalan Bayden də məcburən eyni cizgidə hərəkət etməyə çalışır.
Tehranın isə bu şərtləri qəbul etməsi hələ ki mümkün görünmür. Ən azı ona görə ki, İrandakı siyasi hakimiyyət 2015-ci ildəki qədər güclü deyil. “Nüvə sazişi” bağlandığı vaxt hakimiyyətə yenicə gəlmiş Ruhani iqtidarı həmin razılaşmanı böyük diplomatik uğur kimi təqdim edir, ölkənin dünyaya açılacağı və bütün sanksiyaların qaldırılacağı vədi ilə xalqı öz ətrafında birləşdirə bilirdi. Trampın sazişdən imtina etməsi və sonradan həyata keçirdiyi sərt təzyiqlər siyasətinin, xüsusilə Süleymaninin öldürülməsinin ardından Ruhani hakimiyyətinin nüfuzu yerlə bir oldu, ölkədə mühafizəkarlar insiativi ələ aldılar. Təsadüfi deyil ki, ötən il keçirilən parlament seçkilərini mühafizəkarlar böyük səs çoxluğu ilə qazandılar. Artıq İran parlamentində böyük əksəriyyət onların təmsilçiləridir. Bu yay keçiriləcək prezident seçkilərində də Ruhani öz postunu mühafizəkarlara ötürə bilər. Belə çətin vəziyyətdə Vaşinqtonun bir də sazişə yeni şərtlər əlavə etmək təşəbbüsləri, təbii ki, Tehranın maraqlarına uyğun deyil. Ölkə prezidenti istəsə belə, əlavə şərtləri qəbul edib daha çox nifrət qazana bilməz.
Digər tərəfdən, iki dövlət arasındakı anlaşmazlıqlara ilk addımı kimin atacağı mübahisələri də öz damğasını vurur. Həm Vaşinqton, həm də Tehran danışıqlara başlamaq üçün ilk güzəşti qarşı tərəfdən gözləyirlər. ABŞ-ın fikrincə, İran Tramp hakimiyyətinin sanksiyalarına cavab olaraq qəbul etdiyi qərarları geri çəkməli və bundan sonra yenidən danışıqlar masasına oturulmalıdır. Tehran isə danışıqlara yenidən başlamaq üçün Vaşinqtonun Trampın tətbiq etdiyi sanksiyaları dayandırmalı olduğunu düşünür. Hər iki dövlətin “birinci o qapıdan sən keç” inadkarlığı bitənə oxşamır və bu da yaxın günlərdə Vaşinqton-Tehran xəttində yeni ixtilafların yaranmasını sürətləndirir.
Məsələ burasındadır ki, İran parlamenti ötən ilin dekabrında "Sanksiyaların qaldırılması və İran xalqının maraqlarının qorunması üçün Strateji Fəaliyyət Planı" adlı qanun qəbul edib. Qanun İran yetkililərinə uranı 20%-ə qədər zənginləşdirmə icazəsi verir. Halbuki “nüvə sazişi”ndə zənginləşdirmə həddi 3.4% nəzərdə tutulmuşdu. Uranın 20%-ə qədər zənginləşdirilməsi İrana istədiyi vaxt qısa müddət ərzində nüvə silahları istehsal etmək potensialı qazandırır. Bu da istər-istəməz İranla “nüvə sazişi” bağlayan digər ölkələri qorxudur.
İran rəsmilərinin ABŞ-la danışıqlar alınmasa atom bombası istehsal edə biləcəklərinə dair son bəyanatları da “yanğının üstünə yağ tökür”. Qeyd edək ki, bu yöndə ilk bəyanatı İranın Təhlükəsizlik naziri Seyyid Mahmud Ələvi vermiş, onun sözləri həm ölkə daxilində, həm də xaricində ciddi müzakirələrə yol açmışdı. Ələvi birldirmişdi ki, İranın qurucu lideri Ayətullah Ruhullah Xomeyninin nüvə silahlarının istehsalını haram buyurmasına baxmayaraq, Qərbin basqıları Tehranı bu yöndə addım atmağa vadar edə bilər. Ələvinin bu eyhamlı bəyanatını ölkə prezidenti və digər hökumət nümayəndələri təkzib etməyə çalışsalar da, İranın əsas söz sahibi sayılan dini liderdən heç bir açıqlamalar gəlməməsi bəyanatın Xamneyinin razılığı ilə verildiyi qənaətlərini qüvvətləndirir. Nüvə silahlarının istehsalı ilə bağlı müzakirələr ölkə xaricinə də çıxmış və Avropada yaşayan Əli Əlizadə, Ehsan Mənsuri, Porya Esterki və Həmzə Qalibi kimi ekspertlər Ələvini dəstəkləyən açıqlamalar vermişlər. Onların fikrincə, nüvə silahları İranın milli təhlükəsizliyinin qarantı ola bilər. O ki qaldı Ruhullah Xomeynin fitvasına, şiə əqaidinə görə, heç bir fitva ehkam deyil və dövrün şərtlərinə uyğun olaraq dəyişdirilə bilər.
Bəzi Qərb ekspertləri İranda başlayan nüvə müzakirələrini ABŞ-a edilmiş blöv kimi qiymətləndirsələr də, Tehranın bu addımları Şimali Koreya təcrübəsini xatırladır. ABŞ-ın Şimali Koreyaya qarşı yürütdüyü düşmənçilik siyasəti ötən əsrin 50-ci ilindən etibarən Pxenyanı nüvə çalışmalarına sürükləmiş, SSRİ-nin yardımları ilə bu istiqamətdə ilk addımlar atılmışdı. SSRİ dağıldıqdan sonra onun yerini Pakistan almış, daha sonra Çin də Şimali Koreyanın nüvə tədarükçüsünə çevrilmişdi. Beləcə, 2004-cü ildə Şimali Koreya atom dövlətinə çevrilmiş, Pxenyan öz nüvə istehsalı potensialını dünyanın ən nüfuzlu alimlərinə nümayiş etdirmişdi. 2004-cü ildə Şimali Koreyaya səfər edən nüvə alimi Siqfrid Heker (Siegfried Hecker) Pxenyanın nüvə silahı istehsalına başlayacaq potensial sahib olduğu, amma köhnə texnologiyalarla işlədiyi barədə raport vermişdi. 2010-cu ildə təkrar Şimali Koreyaya gedən alim Pxenyanın nüvə təsisatlarını yenilədiyini və ən müasir texnologiyalarla 25-30 atom bombası hazırlayacaq gücə çevrildiyini bildirmişdi. 2018-ci ildə isə Şimali Koreya artıq hidrogen bombasını sınaqdan çıxarmışdı.
Bəzi mütəxəssislər Pxenyanın nüvə gücünə çevrilməsinin əsl günahını Vaşinqtonda görürlər. Onların fikrincə, xüsusilə Corc Buş hakimiyyətinin 2002-ci ildə Şimali Koreyanı “şər üçbucağı”na daxil etməsi və 1994-cü ildə bağlanan “nüvə sazişi”ndən çəkilməsi Pxenyanı özünü qorumaq üçün bu addımı atmağa həvəsləndirmişdi. İndisə eyni səhv siyasətlər İran ətrafında aparılır, bu da ölkədəki mütərəqqi qüvvələri nüfuzdan salaraq, mühafizəkar qanadı gücləndirir.
Sabah qüvvəyə minəcəyi gözlənilən "Sanksiyaların qaldırılması və İran xalqının maraqlarının qorunması üçün Strateji Fəaliyyət Planı" adlı qanunda həmçinin ölkədə yürüdülən nüvə zənginləşdirmə proqramının xarici müşahidəçilərdən gizli tutulması ön görülür. Bildirilidiyinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) prezidenti Rafael Grossinin də şənbə günü Tehrana getməsinin başlıca səbəblərindən birinin əməkdaşlıqların sona çatması ehtimalının qarşısını almaq idi. Rəsmi Tehranın BAEA prezidenti ilə görüşdə sözügedən qanunun qüvvəyə minməsində israrlı olduğu deyilir. Hökumət sözçüsü Əli Rəbiinin mediaya verdiyi açıqlama da bu məlumatı təsdiqləyir. "Qanun nə razılaşma öhdəliyimizə zidddir, nə də ABŞ-ın hərəkətlərinə uyğun cavab verməyimizə mane olur", - Əli Rəbii rəsmi xəbər agentliklərinə açıqlamasında belə deyib.
ABŞ-dan gələn xəbərlər də iki ölkə arasındakı buz dağının əriyəcəyinə inamları azaldır. Ağ Ev sözçüsü Ceyn Saki (Jane Sackey) jurnalistlərə açıqlama verərək Vaşinqtonun mümkün diplomatik danışıqlardan əvvəl İranla bağlı əlavə addım atmağı planlaşdırmadığını söyləyib. Bayden rəhbərliyinin sazişi “canlandırmaq” üçün hansısa bir fərman üzərində işləyib-işləmədiyi barədə suala cavabında isə Saki konkret mövqe bildirməkdən qaçınıb: “İran bu müqaviləni imzalayan altı böyük ölkə, yəni İngiltərə, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ ilə dialoqa başlamalıdır. Avropalılar bizə müraciət etdilər. Bu, sadəcə diplomatik görüş çağırışıdır. Bu danışıqlarda iştirak etmək üçün əlavə inzibati addımlar atmağa ehtiyacımız yoxdur."
Xatırladaq ki, adı çəkilməyən yüksək rütbəli bir Avropa İttifaqı rəsmisi ötən cümə günü qurumun nüvə razılaşmasının iştirakçıları ilə qeyri-rəsmi görüş keçirməyə çalışdığını söyləmişdi. Görünür, Ceyn Saki də jurnalistlərə verdiyi qeyri-müəyyən cavabında bu görüşü nəzərdə tutub.
Digər “bəd xəbər” 0isə “Bloomberg” Xəbər Agentliyindən gəlib. Agentlik nüvə anlaşmasını xilas etməyin çətinliyindən danışaraq bildirib ki, “ABŞ Prezidenti Cozef Biden administrasiyası nüvə anlaşmasını “canlandıracaq” danışıqlarda iştirak etmək üçün İrana bir zeytun budağı uzatmağa çalışsa da, Tehrandakı liderlər dialoqun bu qədər asan olmayacağını tez bir zamanda nümayiş etdiriblər”.
Bloomberg-in araşdırmaçıları Nik Uadhams və David Veyner'in bir iddialarına görə, İran “Hərtərəfli Birgə Fəaliyyət Planı” (COEP) olaraq bilinən nüvə anlaşmasının bərpası üçün “danışıqların sürətlə davam etdirilməyəcəyini” açıq şəkildə bildirib. Bu iddianı ölkənin Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin açıqlamaları da təsdiqləyib. Nazir ölkəsinin danışıqlarda yalnız ABŞ-ın sanksiyaları ləğv etməsindən sonra iştirak edəcəyini söyləyib. ABŞ isə dəfələrlə təkrarlayıb ki, İran nüvə anlaşmasında öz öhdəliklərini davam etdirməyincə Vaşinqton ona doğru hər hansı addım atmayacaq.
Qısası, Tehran-Vaşinqton xəttində keçilməz bir tıxac yaranıb. Bu tıxac İranı daha da mühafizəkarlaşdıraraq Şimali Koreyaya çevirə və Moskva ilə Pekinin təklif etdiyi Avrasiya blokuna daha sıx bağlaya bilər. Vaşinqtonun bu çətin perspektiv qarşısında ən optimal çıxış yolu Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq və alternativ Avrasiya modeli ortaya qoymaqdır. İki gün öncə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Türk-Amerikan Ulusal Yönləndirmə Komitəsinin televiziyası kimi fəaliyyət göstərən TASC-a verdiyi açıqlamada Vaşinqtona ünvanladığı bəzi mesajlar da bu mənada təsadüfi görünmür.
"Türkiyə olaraq ABŞ-la ortaq mənfəətlərimizin fikir ayrılıqlarımızdan daha çox olduğuna inanırıq. Bu anlayışla yeni Amerika rəhbərliyi ilə iş birliyimizi qarşılıqlı fayda əsasında daha da gücləndirmək istəyirik. Türkiyə iki ölkə arasındakı ittifaq və strateji tərəfdaşlıq əlaqələrinə yaraşacaq şəkildə əlindən gələni etmək səylərini sürdürəcək”, - R.T.Ərdoğan çıxışında belə deyib...
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar