Xəbər lenti

 
Nail Əliyev
Şərqşünas,
Tarix üzrə fəlsəfə doktoru
 
"Xalqın tarixinə atılan güllə ən əvvəl tarixçilərin sinəsinə dəyir"
 
Tarixçi alim Əli Əliyev
 
 
 
Zorakı təzyiq və yad təsirlərə ən çox məruz qalan sahələrindən biri də tarix elmimiz olmuşdur. Uzun onilliklər boyu bu elmi siyasi alver vasitəsinə çevirən, həqiqət və vicdan azadlığından məhrum olan, xüsüsi dövlət sifarişləri yerinə yetirən bəzi sovet tarixçiləri erməni tarixçilərinin xüsüsi fəallığı (L. Şaumyan, İ. Ağayan, Q. Qaloyan, İonesyan və onlarla başqaları), həmçinin rus sovet canişinlərinin nəzarəti və fitvası ilə xalqlara ağa qara, qaranı isə ağ kimi təqdim etdilər. Nəticədə onlar qısır və yanlış bir tarix yaratdılar. Belə bir saxtakarlıq və uydurma nəzəriyyələr şəraitində Azərbaycan tarixçiləri də ümumi axından kənarda qalmadılar. Azərbaycanın tarixçi alimləri başqa heç bir elm sahəsində olmadığı qədər amansız senzura və təqiblərlə üzləşdilər.
       
Xalq şairi Sabir Rüstəmxanlı " Göy tanrısı" əsərində çox haqlı olaraq yazır: "Yer üzündə türklər qədər şərəfli tarixi olan xalq yoxdur. Təəssüf ki, türklər qədər haqsızlıq görən xalq da yoxdur; türk tarixi qədər hücuma məruz qalan, ununtdurulan, çapıb-talan edilən tarix də yoxdur". 
      
Yeni siyasi şəraitə uyğunlaşan, siyasi sifarişlə işləyən alimlərimizin əməyi şirnikləşdirildi: ölkədəki ümumi kasıbçılıq fonunda fəxri adlar, elmi rütbələr onlar ücün qazanc mənbəyinə çevrildi. Kənardan edilən diktə altında məhz onların şəxsi fantaziyası ilə tarixçə yarandı. Ancaq unutdular ki, tarix kimsənin iradəsindən asılı olmadan, özünün əsas həqiqətlərini hifz edir, silinməz yaddaşda - dağda, daşda, palçıqda, torpağın dərin qatlarında saxlayır. Unutdular ki, tarix gerçəklik və mütləq həqiqətdir. Onu uydurma saxtakarlıqlarla bərk-bərk pərdələsən də, son məqamda bu gerçəkliyin gur işığı yalan və saxtakarlığı aşkarlayacaqdır.


      
Danılmaz faktdır ki, xalqımızın minillik tarixinin son səhifələrindən olan 20 əsr özünü müasir nəsillərimizin yaddaşına soyqırım, deportasiya, milli faciələrlə, saysız-hesabsız fəlakətlərlə həkk etdi. 1905-1907-cı il fəlakəti, 1917-1920-ci illərdə, eləcə də 1990-cı ilin yanvarında xalqımızın verdiyi çoxsaylı şəhidlər, Cəmilli, Malıbəyli, Daşaltı, Xocalı faciələri, həmçinin atəşkəs dövrünün qurbanları xalqımızın keçirdiyi sarsıntılardı.
       
Erməni millətçi ideoloqları sovet canişinləri ilə əlbir olaraq ordusu, silahı olmayan dinc xalqımıza qarşı bütün bu qəsbkarlıq, işğalçılıq və vəhşilik aktlarını 20-əsrin qısa bir zaman kəsiyində həyata keçirdilər. Onlar növbəti dəfə Azərbaycan xalqına qarşı törətdikləri kütləvi zorakılıq və vəhşiliklərlə bizi dünyanın müasir inkişafından sapdırmağa, torpaqlarımız hesabına yaradılmış düşmən dövlətin ərazilərini daha da genişləndirməyə çalışdılar. Bu məkrli duet artıq iki yüz ildir ki, Qafqazda türk və digər müsəlman xalqlarını məhv etmək, onların torpaqlarında xristianlara məxsus dövlətlər yaratmaqla məşğuldur.
        
Tarixçi babam Əli Əliyev bu sözlərini xatırladım: "Bu xalqın tarixinə atılan güllə ən əvvəl tarixçilərin sinəsinə dəyir". Bu bir həqiqətdir, dəfələrlə onun şahidi olmuşuq. Qoca tariximiz saysız-hesabsız belə faktları özündə yaşadır.
         
Yaxın tarixdən bir yarpaq. 1796-cı ildə qədim şəhərlərimizdən olan Dərbənd rus qəsbkarlarının əlinə keçəndən dərhal sonra erməni keşişi öz millətinə müraciətlə çıxış edir: "Nəhayət, Allah üzünü Qafqazda yaşayan xristianlara çevirmişdir. Birləşməliyik, elə birləşməliyik ki, ali baş komandan ( V.Zubov-N.Ə.) bizdən razı qalsın... Ona sədaqətimizlə biz Qafqazı müsəlmanlardan təmizləyə bilərik. Sayıq olun, ey mənim həmvətənlərim".
         
Şərhə ehtiyac varmı?! Elə isə söhbətimizi davam etdirək.


Rus çarı I Aleksadr
         
Qafqaz ordusunun baş komandanı Zubov bir ildən sonra Qubanı, Şamaxını, Bakını ( iyunun 13- ü) alır və general P. Sisiyanov onun ilk komendantı olur. Mart ayında o Bakını tərk etsə də, bu şəhər I Aleksandrın xüsusi marağında qalmaqdaydı. 1806-cı il oktyabrın 5-də Bakı Rusiyaya birləşdirilir. 1801-1806, 1813, 1828-ci illərdə rus generallarının silah gücünə Azərbaycan xanlarına imzalatdırdıqları zorakı sazişlər və soyğunçu sülh müqavilələri bütün Qafqazın minillik həyat tərzini pozdu, İran imperiyası ilə birlikdə Azərbaycanı da parçaladı, onu hər cəhətdən zəiflətdi və gələcək milli dirçəlişi ücün, faktiki olaraq, heç bir imkan qoymadı. Bütün bunlardan ruhlanan, özlərini rusların "müttəfiqi" adlandıran ermənilər I Pyotra, Yekaterinaya, I Pavelə, sonrakı Rusiya imperatorlarına onları müsəlman "zülmündən" xilas etmək üçün müraciətlər yazmaq yarışına girişirlər. Onlar bu gün də dünyanın nüfuzlu dövlətlərinin başçılarına və parlamentlərinə həmin məzmunda müraciətlər yazmaqdadılar. "Yazıq" ermənilərlə öz həmrəyliyini bildirən I Pyotr 18-əsrin əvvələrində Azərbaycana qoşunla daxil olmuş Matyuşkinə və Levaşova "yerli əhalini rədd edib onların torpaq və ərazilərinin xristianlar tərəfindən tutulmasını" təmin etməyi tələb edir.
         
Bu o deməkdir ki, Rusiya imperiyasının Qafqazda atdığı ilk addımlarından başlayaraq Azərbaycan türklərinin deportasiyası və soyqırımı əsas məqsədə və dövlətin yeritdiyi stradeji hədəfə çevrilmişdi. I Pyotrun ölümündən sonra isə onun məşhur vəsiyyətlərinin həyata keçirilmə dövrləri başladı: Qafqazın ruslaşdırılması, Türkiyənin parçalanması, nəhayət, Azərbaycanın qərb torpaqlarında, Türkiyə ərazisinin də böyük bir hissəsini əhatə edəcək erməni dövlətinin yaradılması. Birinci Dünya Müharibəsində Osmanlı imperiyası süquta uğrayandan sonra hələ Lozanna sülh müqaviləsi səviyyəsində Rusiya və Avropanın xristianlığı müdafiə edən süperdövlətləri özlərinin bu fitnəkar niyyətlərinə müəyyən qədər nail oldular. On il belə, keçməmiş ermənilər artıq sovet Rusiyasının əli altında türk torpaqları hesabına özlərinə "Ermənistan SSR" quruluşlu dövlət statusu formalaşdırmağa nail oldular. Ermənilərin tarixdə heç zaman mövcud olmamış milli dövlətçilik iştahı sovet rejimi dövründə daha da artdı - Göyçə, Dərələyəz, Zənğəzur kimi böyük inzibati ərazilər Azərbaycanın tərkibindən çıxararaq onlara peşkəş edildi. Daha sonra isə onlar Moskvanın himayəçiliyinə, həmrəyliyinə arxayınlıqla Naxçıvan, Dağlıq Qarabağ torpaqlarına olan iddialarını gerçəkləşdirməyə tələsdilər. Köməksiz qalmış, qol-qanadı düşmən əllərilə qəddarcasına budanmış Azərbaycan bu iddiaların qarşısında bəzən çarəsiz qalır, bəzən isə, öz rəhbərlərinin zəifliyi və qətiyyətsizliyi üzündən məğlubiyyətə düçar olurdu. Gülüstan müqaviləsindən sonra hələ işğal olunmamış İrəvan xanlığı bir qədər müstəqil idi. Erməni hiyləsi və məkrilə general Yermolov İrəvana qoşun göndərdi. Fransa ilə müharibədə bir az şöhrət qazanmış, sovet dərsliklərində öz yaddaşsızlığımız ucbatından milli qəhrəman qədər mədh edilən Denis Davıdovun başçılığı ilə İrəvan xanı Həsən xanla Alağöz dağında qarşılaşanda ruslar vəziyyətin ağırlaşdığını hiss etdilər və bu haqda xəbəri dərhal ali baş komandan Yermolova çatdırdılar. Türk zərbəsinin nə olduğunu gözəl bilən Yermolov qoşunun geri çəkilməsinə əmr verməyə məcbur oldu. Sankt-Peterburqun çar sarayı bu mənəvi məğlubiyyətə görə Yermolovu Qafqazdan uzaqlaşdırıb, onun yerinə qəddarlıqda daha böyük ad çıxarmış general Paskeviçi təyin etdi. 


General Paskeviç

 
Başkəsənlikdə sələflərindəndən də irəli gedən Paskeviç Qafqazda ağalıq etdiyi dörd ildə Quriya müxtariyyatının axırına çıxtı. Osetinləri, qaraçayları ram etdi, narahat Car- Balakəni tam sakitləşdirdi, Abxaziya, Svanetiya təslim oldu. 1826- cı ildən Qafqazdakı rus qoşunlarına komandanlıq edən Paskeviç nəinki qəddarlığı, şovinistliyi, xudbinliyi ilə yanaşı ermənipərəstliyi ilə də tanındı.
          
İrəvan xanlığının süqutundan sonra rus qoşunlarının Cənubi Azərbaycana "zəfər" yürüşü başladı və qısa zaman kəsiyində bir-birinin ardınca, bir-birindən məsafəcə də uzaq olmayan Təbrizin, Ərdəbilin, Urmiyanın qanlı işğalı başa çatdırıldı. 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində İranla Rusiya arasında bağlanan sülh müqaviləsi İrəvan və Naxçıvan xanlıqları da daxil olmaqla Arazdan yuxarıda bütün Şimali Azərbaycan torpaqlarını Rusiya imperiyasının tabeliyinə verilməsini təsbit etdi. Rus imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi bəd nıyyətlərinin reallaşmasında, bu gün acı bəhrəsini gördüyümüz erməni təcavüzünün hazırlamasında dəridən-qabıqdan çıxan şair-diplomat A. Qriboyedovun müstəsna xidmətləri olmuşdur. Məlum olduğu kimi, erməniləri İranla həmsərhəd əyalətlərdə yerləşdirməklə Rusiya özünə bu ərazidə etibarlı canlı dayaq yaratmağa, beləliklə, bu mühüm strateji regionda mövqelərini möhkəmlətmək və etibar etmədiyi Azərbaycan əhalisinin yaşadığı Naxçıvan, İrəvan və Qarabağın etnik-demoqrafik xarakterini dəyişdirmək siyasətinə girişdi. Bu məqsədlə bütün yeni ərazilərdə əhali və hətta onların adət-ənənələri, mal-mülkü, əkinə yararlı torpağı, məişətdə işlənən qab-qacağa qədər bütün maddi və mənəvi göstəriciləri də siyahıya alındı. Rus alimləri diyarın milli, coğrafi özəlliklərindən ibarət səhih xəritələr yaratmağa başladılar. Məqsəd isə ondan ibarət idi ki, bu mühüm strateji regionda Rusiya nəyin bahasına olursa-olsun öz mövqelərini möhkəmlədirsin. Bundan ötrü birinci növbədə məmləkətdəki min illər boyu mövcud olmuş etnik situasiyanı dəyişdirməyə çalışdılar: yəni rusların etibar etmədiyi Azərbaycan əhalisi ən mühüm strateji nöqtələrdən, o cümlədən Naxçıvandan, İrəvandan və Qarabağdan tədricən sıxışdırılıb çıxarılır, onların yerinə ermənilər və ruslar yerləşdirilirdi. Qanlı toqquşmalarla və yerli əhalinin kütləvi qətllərilə müşayiət olunan bu köçürülmə əməliyyatlarına mənşəcə erməni olan polkovnik Lazarev rəhbərlik edirdi. Bu həmin Lazarev idi ki, Şamali Qafqazda mülki Qaraçay və Adıgey əhalisinin soyqırımını həyata keçirib adam öldürməyin zəngin təcrübəsilə Cənubi Qafqaza enmişdi.


General Mədətov
            
1805-ci ildən Kürəkcay sazişi imzalanır, 1806-cı ildə İbrahimxəlil xan ailəsi ilə birlikdə qətlə yetirilir. 1826-cı ildə erməni general V. Mədətov Şəmkirdə 2 min Azərbaycanlının qanını axırdır. Köçürülmə əməliyyatı asanlıqla, maneəsiz, müqavimətsiz həyata keçirilməyə başlanır (narazılıqlar, iğtişaşlar məskunlaşmadan sonra baş verir).
             
Türkmənçay sazişindən azca sonra X.Lazarev Rusiya içində "Ermənistan çarlığı" qurmaq ücün layihə hazırlayıb I Nikolaya təqdim edir. Həmin ilin martın 21- də İrəvan və Naxçıvan xanlıqları ərazisinin "erməni vilayəti" kimi adlandırılması haqqında əmr verilir.
             
Yüz minlərlə erməni Azərbaycanın ən münbit torpaqlarında yerləşdirildi, onlar ücün dövlət xəzinəsindən ayrılmış xüsusi maddi yardımlar verildi. Bundan bir qədər əvvəl isə Lənkəran, Cavad, Yelizavetopol, Şamaxı və sair qəzalarda rus və molokanlar yerləşdirilmişdilər. Beləcə, Azərbaycan xəritəsində bu günə qədər də yaşamaqda olan Nikolayevsk, Slavyansk, Romanovka, Andreyevka, Arxanya, Prişib, Pokrovka və sair rus isimlərilə ilə adlandırılmış kənd və qəsəbələr peyda oldu.
              
Ermənilərin şovinist və millətçi qüvvələrinin səyilə rəsmi Rusiya azərbaycanlıların sıxışdırılmış yolunda yaşıl işıq yandırmışdı. Əslində köçürmələr və sıxışdırmalar sovet hakimiyyətinin bütün illərində davam etdirilmişdir, bu iş Ermənistan KP MK-nin əsas qayesini təşkil edirdi. Qəribəsi budur ki, bu köçürmələrə Sov. İKP MK-nin yüksək vəzifəlilərindən olan A. Mikoyan, H. Brutyans, R. Semumyan rəhbərlik etmişlər. Onların vəhşiliklə həyata keçirdikləri tədbirlər heç də sələflərindən fərqlənməmişdi.


              
General Sisyanov

Erməni alimlərinin əksər hissəsi elmdə saxtalaşdırma yolunu "yaradıcılıqlar"ının ana xəttinə çevirərək Sovet-Türkiyə müqaviləsini qüvvədən düşməsi ideyası ( akad. V. Ambartsumyan) ilə çıxış etdilər, "1917-1920-ci illərdəki yarımçıq qalmış planlarını həyata keçirək" şüarını ortaya atdılar.
             
Ermənistan EA-nın prezidenti V. Ambarsumyanın Moskvadakı bu çıxışından ruhlanan erməni tarixçiləri 1921-ci il Qars müqaviləsinin "qanunsuz" və" bədnam" hesab edərək yenidən Naxçıvan məsələsinin müzakirəsini, "Naxçıvan MSSR-i ləğv edib onu ermənilərə vermək" kimi qeyri-elmi cəfəng fikirləri, xalqımızın tarixinə qara yaxmaqla dünya ictimayyətinin diqqətini gerçəklikdən yayındırmaqla şaşqınlıq yaradırlar. Ən başlıcası isə bu oldu ki, siyasi hadisələrin mahiyyəti təhrif edildi. Faktlar, sənədlər hətta arxivlərdəkilər belə saxtalaşdırıldı, xalqdan gizli saxlanıldı.
             
Heç uzağa getməyək. Erməni ekstremistlərinin 20-əsrdə Azərbaycan türklərinə qarşı apardığı genosid siyasəti vaxtilə bir çox bədii əsərlərdə əks olunmuşdur. M.M. Nəvvabın "1905-1906- cı illərdə erməni-müsəlman davası", M.S. Ordubadinin " Qanlı sənədlər" publisistik əsərləri uzun illər oxucu diqqətindən kənarda qalmışdır.
             
AXC-nın yaranması, onun daxili və xarici siyasəti yaxın vaxtlara qədər tədqiqatdan kənarda qalmışdı.


             
İkiqat istismar altında inildəyən Azərbaycan kəndlisi dərəbəyliyə və talançılığa dözməyərək silaha əl atmağa başladı. 1930- cu ildə Car-Balakən camaatında, 1831-cı ildə Talış əyalətində, 1837-1838-ci illərdə Şəki əyalətində, 1842-1844- cü illərdə Qazax qəzasında kəndli üsyanları başlayır. Borçalı və Şəmsəddin kəndləri də bu mübarizəyə qoşulurlar. Ağır şəraitlə üzləşən yerli əhalinin təhlükəsiz sığınacaq yerlərinə qaçışı prosesi sürətlənir.
             
Gəncə, Talış, Suşa, Şamaxı, Quba kəndlilərinin haqq müharibəsi rəsmi rus tarixçiləri (V. N. İvanenko) "Rusiyaya qarşı xəyanət etmişlər" kimi qiymətləndirirlər. Azərbaycan tarixşünaslığında Quba üsyanına ilk münasibət bildirən Hüseyn Minasazov olmuşdur (Bir üsyanın yüz ili. B,. 1930). O, kəndli iğtişaş və üsyanlarını "tarixi dramın bir hissəsi" kimi qiymətləndirir. Bu əsərdə müəllif Quba əyalətinin bir mahalının nümayəndələri olan 134 ailənin siyahısını arxivdə qorunan komendantlıq fondundan üzə çıxararaq ilk dəfə ictimaiyyətin diqqətinə cəlb etmişdir. Onlardan 19 nəfəri müxtəlif cəzalara, 24 nəfəri isə edam cəzasına məhkum edilmişdir. Hökmlərə imza atan general Yermolovun əmrinə görə, qiyamçılar Həştərxana yola salınmalı, bir hissəsi isə Sibir hərbi korpusunun ucqar qarnizonlarına göndərilməliydilər.
              
Çar Rusiyasının kəndli islahatları Azərbaycan kəndlisinin vəziyyətini daha da ağırlaşdırdı. Belə ki, "Şərur-Dərələyəz kəndliləri 34 ildə heç bir torpaq əldə edə bilmədilər. ... Oktyabr çevrilişinə qədər Naxçıvan bölgəsinin 508 min desyatin torpağından 273,9 min desyatin mülkədarlara, 180,5 min xəzinəyə, 14,2 min desyatin isə məscid və kilsəyə məxsus idi. 20 mindən çox kəndli torpaqsızlıqdan yazda əkinçi, qışda dilənçi idi. ... Torpaq uğrunda mübarizə genişlənməkdəydi (Ə. Əliyev." Əlincə Yaddaşı". s.24-27).


               
"Erməni məsələsi" tarixi məsələlər və genosidlə bağlı deyil. Uydurulan "erməni məsələsi" ilk növbədə rus ekspansiyası, sonra isə Avropadan gələn və türk təfəkkürünə yad olan millətçi ideyaları (Amerika missionerlərinin maarifçilik fəaliyyəti, Amerikada yaşayan erməni lobbisinin də rolu misilsiz oldu-N.Ə.) ilə bağlamaq daha düzgün olar. 1853-1856, 1877-1878-ci illərdə aparılan müharibələr, onların nəticələri də buraya daxil edilsə, siyasi mənzərəyə tam aydınlıq gələ bilər.
               
Krım işğalından, Azov qalasının ələ keçirilməsindən sonra 1774-cü ildə 300 mindən artıq tatar, 1869-cu ildə çərkəzlər, üc ildən sonra abxazlar, 1877-1878-ci illərdə isə lazlar kütləvi şəkildə doğma torpaqlarından qaçıb Osmanlı imperiyasına üz tutdular. Bu " yerdəyişmələr" bilavasitə erməni məsələsi ilə üst-üstə düşürdü; rus ekspansiyası erməni ideologiyasını tam təmin edirdi (1790-cı ildə erməni yepiskopları yekdilliklə Rusiyanın müdafiəsinə qalxdılar- N.Ə.). Kütləvi şəkildə ermənilər rus qoşunları ilə birlikdə Şərqi Anadoluya soxulub məskunlaşmağa başladılar. 
             
1876-cı ildə Bolqarıstanda rus barmağı ilə üsyan baş verir və tam uğursusluğa düçar olur. Rus, xüsusilə qərb mətbuatı "bolqar faciəsinə" geniş yer verərək " türkün amansız, qəddar sürətini Avropada geniş yayırlar. Türkiyə  Avropa əyalətlərində ciddi çətinliklərlə qarşılaşır. Belə bir əlverişli şəraitdə Rusiya 1877-ci ildə Osmanlı imperiyasına qarşı müharibə elan edir. Bolqarıstanın müsəlman əhalisi 50 faizdən çox azalır.
             
İnqilabçı erməni daşnak quldur birləşmələri separatçılıq fəaliyyətlərini genişləndirərək erməni əhalisini itaətsizliyə, üsyan və iğtişaşlara səsləyirlər, əyalətlərdə terror-quldur hərəkatının təşkilinə sövq edirlər. 1894-cü ildə Samsun şəhərində qiyam, türk məmurlarına qarşı hücümlar məğlubiyyətlə nəticələnir. Zeytun-Maraş vilayətlərində erməni-türk toqquşmaları hər iki tərəfdən çoxsaylı itkilərə yol açır. 1895-ci ildə Zeytunda, Vanda baş vermiş üsyanlar da nəticəsiz olur. Avropa qəzetləri bütün bunlara geniş yer verərək Avropa ictimai fikirində zülmkar, amansız türk sürətini yaratmağa çalışırlar və buna nail ola bilirlər.
             
... Şərqi Anadoluda I Dünya müharibəsi 1914-cü ilin noyabrında rus qoşunlarının Osmanlı sərhədlərinə kiçik miqyaslı hücümları ilə başlayır. Bundan üc ay əvvəl Zeytunda, Urfada ermənilər hərbi çağırışla bağlı iğtişaşlar törədirlər. Anadolu erməni quldur terrorçu sıralarına Rusiya imperiyasından gəlmiş ermənilər də qoşulur. Tarixçilərin məlumatına görə, yalnız Sivas əyalətində 30 min daşnak quldur birləşmələri silah altında idi. Kağızmanda, İqdırda, Qarsda on minlərlə silahlı erməni rus təlimatçıları tərəfindən qarşıdakı döyüşlər ücün xüsusi bazalarda hazırlanırdılar.
                
Bir sözlə, Şərqi Anadoluya rus işğalı ücün ermənilər öhdələrinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirdilər. Uydurma "Erməni məsələsi" geniş vüsat almağa başladı.


              
1916-cı ilin aprelində ruslar Şərqi Anadolunun böyük hissəsini işğal etdi, irimiqyaslı tədbirlər həyata keçirməyə başladı, ermənilər də bu böyük siyasətdən faydalanmağa çalışmağa açıq təzyiq yolu, bu mümkün olmadıqda isə, üstüörtülü şəraitdə işğal, ərazi iddiaları yolunu tutdular. Bütün bunlar erməni sovet tarixşünaslığında öz geniş əksini tapmış; bu " kəşf", " elmi ixtiralar" davam etdirilməkdədir.
                 
Əsrlər boyu hücüm hədəfinə çevrilən, zaman-zaman doğranan, bölüşdürülən Azərbaycanın obyektiv tarixini yazmaq yasaq edildi. Ara-sıra yazanlar təklikdə qaldılar, susduruldular. Erməni işğalçılarına qarşı mübarizə aparanlar unudulmağa başladı, xalqımızın yadelli işğalçılarına qarşı milli-azadlıq mübarizəsinin ən şərəfli səhifələri açılmamış qaldı. Xalqımızın bir neçə nəslinin mübarizəsi, verdiyi qurbanlar, qatlaşdığı məhrumiyyətlər xalq hərəkatına yeni vüsət verdi. İmperiya süqut etdi. Başqa xalqlarla bərabər, Azərbaycan xalqı da müstəqilliyə qovuşdu. Belə bir şəraitdə milli tarixşünaslığımızın inkişafı ücün yeni üfüqlər açıldı. Qoyulmuş yasaqlar götürüldü. Bütün çətinliklərə baxmayaraq milli müstəqilliyimiz möhkəmləndi, inkişaf etdi, bir sıra mühüm dövlət əhəmiyyətli, taleyüklü tədbirlər həyata keçirildi və bütün bunlar milli tarixşünaslığımızın inkişafında xüsusi mərhələ oldu.


Ana səhifəyə qayıt        Baxış: 7 136          Tarix: 1-03-2021, 06:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma