Xəbər lenti

 
Jalə Mütəllimova-Seyidli
 
Terrorçulara dost jurnalistlər Prezidentin mətbuat konfransına niyə və necə düşüb?
 
Prezidentin dörd saatlıq mətbuat konfransında yəqin ki, İranın ikinci mühim xəbər agentliyinin, "Mehr"in əməkdaşının provakasiya dolu sualını hələ kimsə unutmayıb, yəqin. Xanım jurnalist Azərbaycanın Qarabağ savaşına muzdlu döyüşçü cəlb etməsi barədə sual verib. Prezidentin konkret məlumat istəməsindən sonra pərt qalıb, ümumi sözlərlə vəziyyətdən çıxmağa çalışmışdı.
 
Prezident İlham Əliyev qırx dörd günlük vətən savaşı başladıb ermənilərin otuz ildir işğal etdiyi on iki Azərbaycan rayonundan doqquzunu geri alan komandandır. Üstəlik, Laçın koridorunun açılması, tarixi Zəngəzur mahalı mələsinin gündəmə gəlməsini təmin edən, Azərbaycanı Cənubi Qafqazın liderinə çevirəcək tədbirləri bütün siyasi çətinliklərə rəğmən reallaşdırmaqda israrlıdır. Prezidentin bu işlərdə bir siyasi və hərbi açığı belə mövcud deyil. Buna Rusiya, Ermənistan, hətta dünya KİV-lərinin ermənipərəst aparıcılarının moderatorluğu ilə böyük verilişlər həsr edilsə belə məqsədə çatmadılar. Amma dövlət başçısının keçirdiyi dörd saatlıq məlum mətbuat konfransında İranın Azərbaycana ehtiyatlı və həssas davranan “Mehr” agentliyinin müxbiri Prezident İ.Əliyevə Qarabağda muzdlu döyüşçülərdən istifadə edib etmədiyi barədə soruşdu. Bu mövzuda ““Mehr” müxbiri əməliyyatı” başlıqlı yazıda qeyd etmişdim ki, bu sıradan olay deyil və dərin köklərinin mövcudluğu istisna deyil. Artıq asta-asta ehtimallar aradan qalxır. Belə ki, Prezidentin mətbuat konfransına İraqdan iki müxbir iştirak edib. Onlar İraqın nüfuzlu xəbər agentliklərindən birinin əməkdaşıdır: Alalavi Abbas Nayyim və Cənabi-Oday Həmzə. Hər ikisi İraq vətəndaşıdır. A.Abbas İraqın Həşdü Şəbi Qüvvələrinin ikinci komandiri Əbu Mehdi Əl-Mühəndislə yaxınlığı ilə yadda qalıb. Əbu Mehdi Əl-Mühəndis İranın İnqilab Keşikçiləri-SEPAH, ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymani ilə birlikdə 2020-ci ilin yanvarında İraqın Bağdad şəhərində keçirilən hərbi əməliyyatda öldürülüb. Əbu Mehdi əl-Mühəndis həm də o komandandır ki, İraq torpaqlarında Türkiyə qüvvələrinə münasibətini İŞİD-ə olan münasibəti ilə eyniləşdirirdi. Yəni içində bir türk antipatiyası ilə yadda qalan hərbi komandanlardandır. Bundan başqa iraqlı jurnalist A.Abbasın ailə üzvləri sırasında "SEPAH"a aid şəxslərin olması istisna deyil. 


 
Bir sözlə, bu iki iraqlı jurnalistin əslində müəmmalı və ya terrorçuları himayə etməsi istisna olmayan çevrələrlə ciddi əlaqəsi olub. İndi sual olunur, onları Bakıya kim və niyə dəvət edib? Gərəsən "Mehr"in provakator müxbiri ilə əlaqələri varmı? Bəlkə bu əməliyyatı keçirənlərin üçqat ehtiyatlılıq formatı idi? 
 
Yəni eyni məqsədli üç müxbirdən hansının sual vermək şansı olacaqdısa məhz o, məlum sualı verəcəkdi. Başqa sözlə, tapşırıq nəyin bahasına olur olsun, həmin sualı Azərbaycan Prezidentinə vermək idi. Sualı "Mehr"in müxbiri verdiyi üçün A.Abbas ona verilən sual imkanını sadə bir sualla ötüşdürüb. Soruşub ki, işğaldan azad olunan ərazilərin bərpasında müsəlman ölkələr və beynəlxalq təşkikatlar hansı formada iştirak edəcəklər.
 
İndi maraqlıdır; o sual kimin beyninin məhsulu olub? Nə məqsədlə qalib bir komandana böyük bir tədbirdə, dünyanın gözü qarşısında yönəldilib? Bir dövlət başçısının hazırlılıq dərəcəsini test edənlər kim idi? Hökumət işində dayaqları varmı? Varsa hansı səviyyədədir? Sual verməkdən başqa tapşırıqları olubmu? Bir sözlə, "Mehr" üzərindən "göndərilən" sualın alt qatında hələ çoxlu müəmmalar yatır. Tanrı səni qorusun, Azərbaycan dövləti.
 
P.S. Diqqət! Təqdim olunan fotoşəkildə, Əl-Mühəndisin sağındakı Azərbaycan Prezidentinin mətbuat konfransında iştirak etmiş iraqlı müxbir A. Abbasdır.
 
12.03.2021


Ana səhifəyə qayıt        Baxış: 4 380          Tarix: 13-03-2021, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma